Son 3 ayda erməni silahlı birləşmələri Azərbaycana qarşı müntəzəm olaraq hərbi təxribatlara əl atırdı. Bu təxribatların sonuncusu sentyabrın 27-də bütün cəbhə boyu baş verdi. Düşmən təxribatının qarışısını almaq üçün Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı. Hazırda Silahlı Qüvvələrimiz düşmənə sarsıdıcı zərbələr endirir. Düşmən işğal edilmiş ərazilərimizdən geri çəkilir. Artıq güclü ordumuz qarşısında ciddi məğlubiyyətə uğrayan düşmən ordusunda fərarilərin sayı çoxalıb.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Millət vəkili bildirib ki, eyni zamanda düşmən ordusunda yanacaq, silah, insan çatışmazlığı yaranıb:
"Hazırda erməni hərbi qüvvələri arasında koordinasiya pozulduğundan onlar bir-birilərini hədəf alırlar. Aciz vəziyyətdə qalan düşmən Azərbaycanın mülki obyektlərinə zərbələr endirir. Riyakar düşmən yenidən Gəncəni və digər şəhər və rayonlarımızı artilleriya atəşinə məruz qoyur. Onların məqsədi insanlar arasında qorxu, panika və kütləvi intizamsızlıq yaratmaqdan ibarətdir. Azərbaycanın mülki obyektlərinə atılan artilleriya zərbələri Ermənistan ərazisindən həyata keçirilir. Düşmən Mingəçevir İES-i vurmağa çalışsa da, bu niyyətinə nail ola bilmədi. Eyni zamanda Səngəçal Neft-Qaz Terminalını da hədəf kimi seçməyə çalışırlar. Cənab Prezident də artıq bununla bağlı xəbərdarlıq edib. Hazırda Ermənistandan hər cür təxribat gözlənilir. Amma bütün bunlara görə baş verə biləcək məsuliyyət işğalçı Ermənistanın üzərinə düşür”.
Elman Nəsirov hazırda Ermənistanda cəbhədəki ağır məğlubiyyətin yaratmış olduğu çıxılmaz durumun fonunda böyük bir təlatümün yaşandığını qeyd edib:
“Hazırda ölkə baş naziri psixoloji bir gərginlik yaşayır. O gah deyir ki, Dağlıq Qarabağ hüquqi baxımından Azərbaycanındır. Amma orada ermənilər həmişə çox olub. Başqa bir müsahibəsində də deyir ki, Dağlıq Qarabağ Ermənistandır. Hazırda N.Paşinyan özü-özünü təkzib edən bəyanatlar verir. Artıq onun əqli problemlərinin də olduğu ortaya çıxır. Məğlub baş nazirə qarşı artıq daxili bir cəbhə formalaşıb. Onun yeganə ümidi KTMT-dir. Ona görə də Ermənistan öz ərazisindən davamlı olaraq Azərbaycan ərazilərini atəşə tutur. Çalışır ki, Azərbaycan adekvat addım atsın. Bununla da Rusiyanı və digər tərəfdaşlarını bu prosesə cəlb etsin. Rusiya prezidentinin son açıqlaması isə N. Paşinyana tərs sillə effekti yaradıb”.
Deputat vurğulayıb ki, KTMT-nin daxilində də N.Paşinyana etimadsızlıq mühiti yaranır:
“Çünki Ermənistan parlamentinin spikeri Ararat Mirzoyan KTMT-nin rəhbərliyinə müraciət edib ki, Əfqanıstan bu hərbi siyasi təşkilatın müşahidə statusundan çıxarılsın. Səbəb isə Əfqanıstanın Azərbaycanın ərazi bütövlüyünü tanımasıdır. Eyni zamanda bu təşkilatın Ermənistandan savayı bütün üzvləri Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi hesab edir. Ermənilərin məntiqi ilə bu təşkilatda Azərbaycanın ərazi bütövlüyünü tanıyan digər ölkələri də üzvlükdən çıxarmaq lazımdır. Məhz bu məntiqdən də Ermənistanın özünün KTMT-dən çıxarılması mümkün ola bilər. Çünki bu təşkilatın baş katibinin də həbsini N.Paşinyan həyata keçirmişdi. Artıq işğalçı Ermənistanın bu təşkilatın daxilində saxlanılması məsələsi müzakirə predmeti ola bilər. Ermənistanla Rusiya arasındakı münasibətlərə görə, bu ölkələr arasında ikili vətəndaşlıq mövcuddur. Bu gün Ermənistanda olan ikili vətəndaşlığı olan ermənilər Rusiyaya geri qayıtmaq üçün İrəvandakı konsulluğun qarşısına yığışıblar. Artıq paytaxt İrəvandan ikili vətəndaşlığı olan ermənilər faktiki olaraq Rusiyaya qaçıblar”.