9 Oktyabr 2020 13:12
2 286
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hesab edirəm ki, Azərbaycanın son addımları ATƏT-in Minsk Qrupunu oyadıb. Bizim həmsədrlərdən yalnız bir gözləntimiz var, onlar təcavüzkar erməni qoşunlarının Azərbaycanın işğal olunan ərazilərindən çıxarılması təqvimini Azərbaycana təqdim etsin. Yəni BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilsin. Əslində isə bu gün Ermənistanı sülhə məcbur etmək əməliyyatı ilə Minsk Qrupunun missiyasını Azərbaycan Silahlı Qüvvələri həyata keçirir.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı Asim Mollazadə deyib.

Onun fikrincə, Azərbaycan hər zaman sülhün tərəfdarı olub və buna heç kimin şübhəsi ola bilməz: “Əgər Minsk Qrupunun real təklifləri olarsa, yəni erməni təcavüzkar qoşunlarını Azərbaycan ərazilərindən çıxarılmasına dair niyyətini ortaya qoyarsa, buyurub işləsinlər”.

Rusiya Prezidenti Vladimir Putinin son təklifinə toxunan Asim Mollazadə deyib ki, əgər söhbət cəsədlərin dəyişdirilməsindən gedirsə, bunu qısa müddətdə həyata keçirmək olar: “Amma reallıq bundan ibarətdir ki, Azərbaycanın gözləntisi hər bir Minsk Qrupunda təmsil olan ölkələrin bizə qoşunların çıxarılmasına dair təqvimi təqdim etməsi və təcavüzkar ordunun ərazilərimizdən çıxarılmasına nail olmasıdır”.

Millət vəkili əlavə edib ki, söhbət müharibədən deyil, sülh əməliyyatından gedə bilər: “Təbii ki, sülh əməliyyatı davam edir. Minsk Qrupu sülhə nail olmaq istəyirsə, işləsin. Son 30 ilə yaxın işləyiblər, amma ortada nəticə yoxdur. Çalışıb daha sürətlə sülhə nail olsunlar”.


Müəllif: Cavad

Oxşar xəbərlər