9 Oktyabr 2020 15:18
898
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda daxili vəziyyət, sosial-iqtisadi çətinliklər, siyasi durum hələ hərbi əməliyyatlar başlamamışdan xeyli öncə kritik həddə çatmışdı. Faktiki olaraq dünyanın aparıcı maliyyə institutları Ermənistana kredit ayırmaqdan imtina edirdilər. Pandemiyaya qarşı mübarizənin uğursuz aparılması, eyni zamanda Nikol Paşinyanın ölkənin biznes elitasının sərvətini ələ keçirmək istiqamətində atdığı addımlar iqtisadi böhranı daha da dərinləşdirmişdi.

Bunu Teleqraf.com-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli bildirib.

O qeyd edib ki, hələ müharibədən öncə Ermənistanın xarici borcu 8 milyard dolları keçmişdi. Bu da faktiki olaraq ölkə büdcəsindən az qala 3 dəfə böyük bir rəqəm idi:

“Prinsip etibarilə gəlir mənbələri də sıfır səviyyəsinə enmişdi. İndiki şərait, yəni müharibədə Azərbaycan Ordusunun davamlı qələbələri Ermənistanda daxili siyasi və sosial-iqtisadi böhranı daha da dərinləşdirib. İqtisadi faktorlarla bağlı bəzi məqamları vurğuladım. Amma indiki halda Ermənistan ordusunun təchizatında yaranmış ciddi problemlər və ərzaq çatışmazlığı özünü açıq şəkildə büruzə verir. Bu da təcavüzkar ölkədə iqtisadi böhranın necə dərin olduğunu göstərir. Qeyd etdiyim kimi bu böhran artıq uzun müddətdir başlayıb. İndi isə daha da güclənib. Son hadisələr, xüsusilə də Nikol Paşinyanın Ermənistan parlamentindəki fraksiyasının deputatlarının ardıcıl olaraq istefa verməsi, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbərinin istefaya göndərilməsi, ordu daxilində satqınların olması ilə bağlı müxtəlif fikirlərin yüksək səviyyələrdə səsləndirilməsi, Ermənistan mətbuatında müzakirə olunması siyasi böhranın da kifayət qədər ciddi şəkil aldığını sübuta yetirir”.

Müsahibimiz bildirib ki, artıq bir neçə gündür əsgər anaları Ermənistan Müdafiə Nazirliyinin önündə etiraz aksiyaları keçirilir:

“Polis onlara ciddi təzyiq göstərir. Həmçinin, orduda fərarilik halları kifayət qədər artıb. Bununla yanaşı Paşinyanın yaşlı insanları orduya cəlb etmək cəhdləri də fiaskoya uğramaqdadır. Belə ki, buna qarşı da ciddi müqavimət var. Düşünürəm ki, proses daha qlobal şəkil alacaq və böhranın dərinləşməsi üçün tam münbit şəraitin yetişdiyi qənaətindəyəm”.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin cəbhədə düşmənə davamlı olaraq sarsıdıcı zərbələr endirməsi Ermənistanda daxili vəziyyəti daha da gərginləşdirib. Təcavüzkar ölkədə sosial-iqtisadi problemlərlə yanaşı siyasi qarşıdurma da yaşanır. Vəziyyət gərginləşdikcə Nikol Paşinyan çıxış yolu kimi diktaturanı gücləndirir. Onun Ermənistanda hərbi vəziyyəti sərtləşdirməsi, media üzərində nəzarəti artırması də əslində bunun göstəricisi sayıla bilər.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər