9 Oktyabr 2020 19:45
926
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nikol Paşinyanın BMT qətnamələrini inkar etməsinə ehtiyac qalmır. Çünki erməni silahlı birləşmələrini özümüz işğal edilmiş torpaqlarımızdan çıxarırıq. Əgər Ermənistan iddia edirsə ki, BMT qətnamələrinin onlara heç bir aidiyyatı yoxdur, o zaman qarışmasınlar. Yəqin, Kəlbəcərdə oturanlar Marsdan gələn ermənilərdir... Ona görə də Ermənistan dövləti həmin Marsdan gələn ermənilərin işinə qarşımamalıdır. İmkan verməlidir ki, biz Marsdan gələn erməniləri öz yerlərinə göndərək.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Böyük Quruluş Partiyasının sədri, millət vakili Fazil Mustafa deyib.

Millət vəkili bildirib ki, Paşinyanın iddiası olduqca effektsiz bir cəhdir:

“Çünki Azərbaycan xalqı özü BMT qətnamələrinin icrasını təmin edir. Əslində, 30 ildən sonra Ermənistanın Azərbaycana məğlub olmasının onlar üçün faydalı olacağını da özləri görəcəklər. Onlar Ermənistanın çiçəklənməsini istəyirlərsə, mütləq Azərbaycanın torpaqlarından çıxmalıdırlar. Onlara pay verilmiş ərazilərdə öz ağıllı-başlı həyatlarını qurmağa başlamalıdırlar. Bunu etmiş olsalar, ermənilər özlərini yeni bir dövrə də hazırlaya biləcəklər. Amma yenə də xəstəliklərindən əl çəkməsələr, böyük bəlalar yaşayacaqlar”.

Deputatın sözlərinə görə, ermənilər belə iddialarda qalmış olsalar, təkcə azərbaycanla deyil, başqa ölkələrlə də eyni davanı yaşayacaqlar:

“Ona görə də, hamı ilə savaşmaq, hamıya düşmən olmaq, Türkiyə kimi bir dövlətə ərazi iddiasında çıxış etmək sadəcə xəstəlikdən başqa bir şey deyil. Bu baxımdan Paşinyan daşnak cadusundan özünü, ölkəsini, xalqını xilas etməlidir. Qarabağdan getməlidirlər ki, öz hüdudlarında normal dövlət qurmaq uğrunda çalışmalara başlaya bilsinlər. Əks halda Ermənistanı daha böyük faciələr gözləyir. BMT qətnamələri ilə bağlı isə Ermənistanın narahatlığına dəyməz. Azərbaycan özü qətnamələri bənd-bənd yerinə yetirir".

Fazil Mustafa vurğulayıb ki, hazırda Ermənistanın cəbhədəki məğlubiyyətinin ardınca ciddi siyasi təlatüm başlayıb:

“Bu da öz mənfi nəticələrini büruzə verəcək. Ona görə də Ermənistan üçün fəlakətli dövr bundan sonra başlayacaq. Cəbhədə bu qədər itkilərə görə erməni cəmiyyəti Paşinyandan hesabat tələb edəcək. Çünki bütün bu olanlara görə cavabdeh şəxs Paşinyandır. Onun yaratmış olduğu situasiya nəticəsində belə bir vəziyyət yarandı. O azərbaycanlıların hisləri ilə oynamağa çalışdı. Məhz bu baş verənlər Paşinyanın addımlarına görə aldığı cavabdır. Eyni zamanda o erməni cəmiyyətindən də etdiklərinin qarşılığını görəcək".


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər