Azərbaycan Silahlı Qüvvələrinin guya Şuşadakı kilsəni vurması barədə Ermənistan kütləvi informasiya vasitələrində yayılan xəbərlər uydurmadan başqa bir şey deyil. Bu uydurmanın yayılmasının konkret səbəbləri var: döyüş meydanında rəşadətli Azərbaycan Ordusu qarşısında darmadağın olan işğalçı ölkə baş verənlərin xarakterini dəyişdirib, fərqli inanclara sahib insanların hisslərini istismar etmək və ona dini don geyindirmək istəyir.
Bunu Teleqraf.com-a açıqlamasında millət vəkili Musa Qasımlı bildirib.
O qeyd edib ki, ancaq bu cəhdlər əbəsdir:
“Çünki Azərbaycan dünyada multikultural dəyərlərin qorunması baxımından model ölkədir. Ölkəmizdə məscidlər, kilsələr və sinaqoqlar sərbəst fəaliyyət göstərir. Dövlətimiz xristianlığa və iudaizmə etiqad edənlərə xüsusi həssaslıq yanaşır, onlara qayğı göstərir. Bu yalanı uyduran Ermənistan rəhbərləri baxıb görsünlər ki, azərbaycanlıların tarixi torpaqları olan indiki Ermənistanda və işğal altında olan ərazilərimizdə İslam adına olan bir tarix və mədəniyyət abidəsi saxlayıblarmı? Xeyr, hamısını dağıdaraq yerlə-yeksan ediblər”.
Musa Qasımlı qeyd edib ki, hərbi əməliyyatlar meydanından xeyli uzaqda olan Gəncə şəhərində İmamzadə dini ibadətgahının atəşə tutulması müharibə cinayəti və əsl vəhşilikdir:
“Ermənistanın bu hərəkətləri Yaxın və Orta Şərqdə tarixi abidələri dağıdan İŞİD terror təşkilatının əməlləri ilə eynidir. Bu, bir daha göstərir ki, Ermənistan terror dövlətidir”.