Azərbaycan diplomatiyası müharibədə əldə etdiyimiz uğurlarla ayaqlaşmağı bacarmalıdır. Hesab edirəm ki, xarici işlər nazirimiz, eləcə də xaricdə olan diplomatlarımız çox fəal aktivlik nümayiş etdirməlidirlər.
Bu fikirləri Teleqraf.com-a ADP sədri Sərdar Cəlaloğlu deyib.
O, əlavə edib ki, Azərbaycanın milli diplomatiya korpusu bundan sonra fəal olmalı, Azərbaycanın haqq işini olduqları ölkələrdə geniş təbliğ etməlidirlər. Onun fikrincə, Dağlıq Qarabağ problemi, onun tarixi haqqında daha çox iş aparmaq lazımdır.
Almaniyanın bu münaqişədə açıq olmasa da, daha çox işğalçı Ermənistanın tərəfini tutmasını tənqid edən partiya sədri hesab edir ki, Almaniya kimi bir sıra ölkələri Azərbaycanın mövqeyinə yaxınlaşdırmaq olar:
“Almaniya niyə bizə xoş olmayan mövqe tutmalıdır? Hər bir dövlətin özünəməxsus maraqları var. Biz bu maraqları ciddi təhlil etməliyik. Əslinə baxsaq, dünyada əksər ölkələr öz maraqları üçün vuruşur, reaksiya ifadə edirlər. Həmin dövlətlərin maraqlarının Azərbaycanla bağlı olduğunu göstərə bilsək, düşünürəm ki, onların mövqelərini də dəyişə bilərik”.
Sərdar Cəlaloğluna görə, Fransa və bu kimi ermənipərəst mövqedə olan ölkələrlə isə işləməyə ehtiyac yoxdur:
“Söhbət daha çox Almaniya, Hollandiya, Norveç, Polşa kimi ölkələrdən gedir. Təbii ki, dünyada ənənəvi erməni dostları və himayədarları var və biz bunu bilirik”.
Partiya sədri düşünür ki, bu prosesdə Böyük Britaniya son hadisə zamanı faktiki Azərbaycanın yanında olub:
“Hesab edirəm ki, Londonun imkanlarından geniş istifadə etməliyik. Almaniyanın mövqeyini dəyişdirməyə çalışmalıyıq, çünki bunun üçün imkanlarımız var. Polşa və digər dövlətlər bizim yanımızda olmalıdır”.