10 Oktyabr 2020 00:13
1 185
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Sky News” televiziya kanalında müsahibəsi yayımlanıb.

Teleqraf.com müsahibəni təqdim edir:

-Skynews-a müsahibə verməyə razılaşdığınız üçün çox sağ olun Prezident Əliyev. Fransa prezidenti bu günlərdə atəşkəsin razılaşdırılacağına və Sizin danışıqları bərpa edəcəyinizə əmin kimi görünür. Bunun başvermə ehtimalı varmı və hansı şərtlər əsasında?

-Bu, Ermənistanın mövqeyindən asılıdır. Azərbaycan həmişə danışıqlar prosesini dəstəkləmişdir. Səmimi söyləsəm, ATƏT-in Minsk qrupunun yaradılmasından bəri 28 il müddətində biz danışıqlarda iştirak edirik. Bizim ümidlərimiz var idi və indi də ümidlərimiz var ki, danışıqlar irəliləyişə və münaqişənin siyasi həllinə gətirib çıxaracaqdır. Lakin əfsuslar olsun ki, Ermənistanın mövqeyi əksinə idi. Onlar danışıqlardan bu prosesi sonsuz etmək üçün yalnız bir bəhanə kimi istifadə edirdilər. Başqa sözlə, onlar həmişə status-kvonu möhkəmləndirmək, status-kvonu dəyişməz olaraq saxlamaq və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və danışıqlar masasında olan və ATƏT-in Minsk qrupu tərəfindən işlənib hazırlanmış prinsiplərə əsasən qaytarmalı olduqları torpaqları qaytarmamağı istəyirdilər. Buna görə ümid edirəm ki, Ermənistan döyüş meydanında bu acı məğlubiyyətlə üzləşəndən sonra onlar daha məntiqli olacaq və vasitəçilərin məsləhətlərinə qulaq asacaqlar, danışıqlar masasında səmimi olacaqlar. Danışıqlar münaqişənin siyasi həllinə və işğal olunmuş ərazilərin boşaldılmasına gətirib çıxarmalıdır.

-Biz hansı ərazilərdən danışırıq? Biz, sadəcə, Dağlıq Qarabağdan danışırıq, yoxsa onların təhlükəsizlik zonası adlandırdıqları işğal olunmuş yeddi Azərbaycan rayonundan danışırıq? Çünki aydındır ki, Siz bu torpaqların hamısını geri ala bilməyəcəksiniz.

-Bizim ərazi bütövlüyümüz bütün dünya tərəfindən tanınır. Bütün ölkələr Dağlıq Qarabağın da daxil olduğu Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Ermənistanın mövqeyi, əslində, yenə də bir bəhanə idi ki, onlar Dağlıq Qarabağın ətrafında olan bu yeddi rayonu özlərinin təhlükəsizlik zonası adlandıraraq onları işğal altında saxlamaq üçün bir bəhanə kimi istifadə edirdilər. Lakin bu günün toqquşmaları göstərir ki, müasir dünyada təhlükəsizlik zonası yoxdur. Müasir hərbi avadanlıq hətta uzun məsafələrə belə təhlükəsizliyi təmin etmir. Təhlükəsizlik siyasi yollarla təmin olunmalıdır. Buna görə biz həmişə deyirdik ki, siyasi həll bütün tərəflər üçün - azərbaycanlılar, ermənilər, ərazidə yaşayan digər millətlər üçün təhlükəsizlik qarantiyalarını təmin edəcək. Ermənistanın dəstəkləməkdən imtina etdiyi əsas prinsiplərdə torpaqların açıq-aydın necə geri qaytarılacağı göstərilir. Birinci mərhələdə Dağlıq Qarabağın cənub-şərq tərəfində yerləşən beş Azərbaycan rayonu, sonra Dağlıq Qarabağ və Ermənistan arasında yerləşən iki Azərbaycan rayonu qaytarılmalıdır. Sonra azərbaycanlılar Dağlıq Qarabağa qayıdırlar. Dağlıq Qarabağda 25 faiz azərbaycanlı əhali olub, onların da hüquqları təmin edilməlidir. Onlar yaşadıqları yerə - qədim Şuşa şəhərinə və digər yerlərə qayıdırlar və biz normal kommunikasiyaları bərpa edirik. Biz xalqlar arasında təmasları bərpa edirik. Mən əminəm ki, insanlar yavaş-yavaş barışacaqlar. Bu, vasitəçilərin planıdır və biz bunu dəstəkləyirik.

-25 faiz azərbaycanlı əhalinin Dağlıq Qarabağa qayıtmasına icazə verilsə, siz Dağlıq Qarabağın müstəqilliyini tanıyarsınız?

-Xeyr. Heç vaxt. Bu məsələ heç vaxt danışıqlar masasında olmamışdır. Bizim mövqeyimiz çox aydın idi ki, Azərbaycan heç vaxt Dağlıq Qarabağın müstəqilliyini tanımayacaq. Çünki bu, bizim qədim torpağımızdır. Dağlıq Qarabağın tarixi indi yaxşı məlumdur. İkincisi, bu, Azərbaycanın tərkib hissəsidir və biz kiçik sayda olan insanlara nəyə görə müstəqillik verməliyik? Azərbaycan dünyadakı bütün ölkələr kimi multietnik ölkədir. Milli azlıqlar Azərbaycanda və dünyanın bir çox ölkələrində sülh və ləyaqət içində yaşayırlar. Milli azlıq olmaq o demək deyil ki, sizin ayrılmağa, separatizmə hüququnuz var. Separatizm beynəlxalq ictimaiyyət üçün böyük təhlükədir və dünyanın bütün ölkələri separatizmi qınayır. Bizə qarşı edilənlər Dağlıq Qarabağdakı ermənilərin separatizmi və Azərbaycana qarşı Ermənistan dövlətinin hərbi təcavüzü idi. Bu da bizim indi üzləşdiyimiz vəziyyətə gətirib çıxarıb. İşğal, bir milyon azərbaycanlı köçkün, azərbaycanlılara qarşı etnik təmizləmə, dağıdılmış şəhər və kəndlər. İndi biz ərazilərimizi azad etdikdə orada baş verənlərə dair videolar mövcuddur. Hər şey məhv edilib, sanki Stalinqraddır, İkinci Dünya müharibəsindən sonra Stalinqradın vəziyyətindən daha da pisdir.

-Lakin Siz regionun paytaxtı olan Stepanakertə qarşı elə bunu edirsiniz. Siz bunu Şuşaya qarşı edirsiniz, hansı ki, dünən bir yox, iki dəfə atəşə tutulmuşdur. Oradakı kilsəyə iki dəfə zərbə vurulmuşdur və açıq-aydın idi ki, orada mülki şəxslər və jurnalistlər özlərinə sığınacaq tapmışdılar.

-Birincisi, bu Ermənistan tərəfindən təxribat idi. Biz heç vaxt keçmişdə belə şeylər etməmişik. Bizdə Bakının mərkəzində erməni kilsəsi var. Siz buraya gələ və ya kimisə göndərə bilərsiniz....

-Xeyr, xeyr. Ermənilər öz kilsələrini atəşə tutmazlar ki? Bu, necə ola bilər?

-Bu, bizi belə tərzdə təqdim etmək üçün çox güman ki, onların təxribatıdır. Lakin mən sizə deyə bilərəm ki, onlar bizim şəhərləri atəşə tuturlar. Ermənistanın bombardmanı nəticəsində 31 nəfər mülki şəxsimizin öldüyünü bilirsinizmi? 170 yaralı var və mindən çox ev tamamilə dağıdılıb və ya onlara ziyan dəyib və bu da Ermənistanın bizim mülki şəxslərimizə qarşı hücumu nəticəsində olub. Onlar ballistik mərmilərdən istifadə edirlər. Ballistik mərmilərdən.

-Lakin Siz bunu Dağlıq Qarabağda öz mərmilərinizlə edirsiniz. Sizin çox müasir dron texnologiyanız var ki, o, Sizə hədəf aldıqlarınızı dəqiqliklə görməyə imkan verir. Beləliklə, niyə görə mülki obyektlərə zərbə vurulur?

-Xeyr, xeyr. Biz heç vaxt mülki şəxslərə hücum etmirik. Bizim Dağlıq Qarabağ ərazisində etdiklərimiz ondan ibarətdir ki, biz onların tanklarını, silahlarını, artilleriya sistemlərini hədəfə almışıq və həmçinin biz onların hərbi infrastrukturunu hədəf almışıq. Bu hərbi infrastrukturun bəzən şəhər mərkəzində yerləşməsi bizim günahımız deyil. Lakin biz heç vaxt qəsdən mülki şəxsləri hədəf almamışıq. Bəli, bizim müasir silahlarımız var, lakin onların heç də hamısı müasir deyil. Bəzi səhvlər ola bilər. Ona görə bizim tərəfdən mülki şəxslərin qəsdən hədəf alınması heç vaxt baş verməmişdir. Əksinə, təmas xəttinə çox yaxın yerləşən Tərtər şəhəri bombardmana məruz qalır. Gündə şəhərə 2000 mərmi düşür. Demək olar ki, məhv edilib. Heç kim bunun haqqında danışmır. Ona görə xahiş edirəm ki, gəlin, bu məsələdə ədalətli olaq. Biz bunu başlamamışıq və bizim mülki şəxsləri hədəfə almağa ehtiyacımız yoxdur. Bizə ərazilərimiz lazımdır. Müharibə bitdikdən sonra yanbayan yaşayacağımız mülki şəxsləri niyə görə hədəfə alaq ki? Dağlıq Qarabağdakı erməni əsilli insanlar oradakı kriminal rejiminin girovlarıdır. Əminəm ki, müharibə bitdikdən sonra onlar bizimlə sülh və ləyaqət içində yanbayan yaşayacaqlar.

-Siz qeyd etmisiniz ki, Ermənistanın öz qoşunlarını çıxarmasını görmək istəyirsiniz. Lakin Siz, eyni zamanda, onu da söyləmisiniz ki, orada sülhməramlıları qəbul etməyə hazır deyilsiniz. Onda Siz erməni həmkarlarınızı necə əmin edə bilərsiniz ki, bütün torpaqları geri götürməyəcəksiniz?

-Siz mənə sülhməramlıları görmək istəmədiyimi nə vaxt söylədiyimi desəniz sizin sualınıza cavab verərəm. Amma mən bunu heç vaxt deməmişəm. Bu, yanlış informasiyadır, üzr istəyirəm. Mən heç vaxt deməmişəm...

-Lakin Siz bu ərazidə sülhməramlıları qəbul etməyə hazırsınızmı?

-Sülhməramlılar ATƏT-in Minsk qrupu tərəfindən münaqişənin həlli üçün işlənib hazırlanmış əsas prinsiplərdə təmin edilən ünsürlərdən biridir və sülhməramlılarla bağlı bənd var. Lakin biz bu bəndə çatmamışıq ki, onu lazımi şəkildə müzakirə edək, çünki tezdir. Çünki biz ilk olaraq əsas məsələni - işğalı, ərazilərin boşaldılmasını həll etməliyik və azərbaycanlılar oraya qayıdandan sonra əlbəttə ki, sülhməramlılar gəlməlidirlər. Bu, razılaşma çərçivəsindədir. Əgər bu, hər iki tərəfdən imzalansa, onda hər iki tərəf bu sülhməramlıların kim olacağını seçəcək. Beləliklə, biz buna qarşı deyilik. Lakin biz faktiki olaraq bu bəndlə bağlı danışıqların aktiv fazasında deyilik.

-Sizin danışıqlarla bağlı şərtləriniz sonuncu genişmiqyaslı hərbi əməliyyatlar başlamamışdan əvvəl dəyişməz olaraq qaldığı kimi görünür. Mənə maraqlıdır, əgər danışıqlar əvvəllər heç vaxt uğurlu olmayıbsa nəyə görə silahlar indi işə düşüb?

-Bilirsiniz, danışıqlar 1992-ci ildən aparılır. Həmin vaxtdan bəri sıfır irəliləyiş olub. Ermənistan həmişə danışıqları pozmaq üçün bəzi manipulyasiya alətlərindən istifadə edirdi. Bu il iyuldan başlayaraq onlar bizə qarşı 3 dəfə hərbi hücuma keçdilər. İyulda onlar Ermənistanla Azərbaycan arasındakı sərhəddə, Qarabağ regionundan uzaqda bizim mülki şəxslərimizə və hərbi mövqelərimizə hücum etdilər. Bu, 4 gün davam etdi, biz onları geri oturtduq. Onlar ərazi işğal edə bilmədilər və biz dayandıq, çünki bizim Ermənistan tərəfdə heç bir hərbi məqsədimiz yoxdur. Avqustun 23-də onlar terror aktı törətmək üçün diversiya qrupu göndərdilər, qrupun rəhbəri saxlanıldı və o, ifadə verir. Sentyabrın sonunda onlar bizim şəhərlərimizi artilleriya bombardmanına tutdular və günahsız insanları öldürdülər. Biz cavab verməli olduq. Biz onları geri oturtmalı idik və bunu da etdik. Ona görə də biz danışıqların tərəfdarıyıq. Mən sizə iki misal çəkə bilərəm. Ötən il Ermənistanın baş naziri elan etdi ki, “Qarabağ Ermənistandır”. Bu, nə deməkdir? Bu, son deməkdir.

– Mən ondan bunun nə demək olduğunu soruşdum.

– Nəyi nəzərdə tuturdu?

- O dedi ki, bu, o deməkdir ki, IV əsrdən bu yana orada erməni kilsələri, erməni əhalisi olub. Sovet İttifaqı qurulandan Dağlıq Qarabağda etnik erməni əhali azərbaycanlılardan daha çox olub.

– Bilirsiniz, o, yumşaq desək, həqiqəti söyləmir. O ərazidə ermənilərin məskunlaşması XVIII əsrin sonunda, XIX əsrin əvvəlində azərbaycanlı İbrahim xanla rus generalı tərəfindən imzalanmış Kürəkçay müqaviləsindən sonra başlayıb. Həmin müqavilə nəticəsində Qarabağ xanlığı Rusiyanın bir hissəsi oldu və Rusiya başladı...

- Üzr istəyirəm.

– Bu, məhz belə olub. Ermənilər Dağlıq Qarabağa belə gəliblər. Bu, cəmi iki əsrdən azdır. O, IV əsrdən danışır.

– Siz bu əsrin əvvəlindən hakimiyyətdəsiniz və bu məsələ ilə bağlı heç bir irəliləyiş yoxdur. Erməniləri günahlandırmaq asandır, lakin Siz siyasi cəhətdən bunu həll edə bilmədiyiniz üçün əsgərlərinizin indi cəbhə xəttində öldüyünə görə şəxsən öz üzərinizə məsuliyyəti götürürsünüzmü?

– Bizim əsgərlərimiz öz torpağımız uğrunda həlak olurlar. Bizim əsgərlərimiz tarixi və beynəlxalq səviyyədə tanınmış Azərbaycan torpağında həlak olurlar. Erməni əsgərlər hansı torpaqda ölürlər? Onlar Füzulidə ölürlər, Cəbrayılda ölürlər, onlar digər Azərbaycan ərazilərində ölürlər. Onların orada nə işləri var? Siz Paşinyandan soruşmalısınız onun əsgəri orada nə edir? Qondarma “Dağlıq Qarabağ ordusu”nun 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Onlar bizim torpağımızdadırlar. Xəritəyə baxmaq kifayətdir. Bizim üçün bu, Vətən Müharibəsidir. Biz özümüzü müdafiə edirik. Biz öz ərazi bütövlüyümüzü bərpa etmək istəyirik ki, bir milyon köçkünün geri qayıtmasına imkan yaradaq. Bizim etdiyimiz budur. Biz 28 il idi səbirlə inanırdıq ki, danışıqlar irəliləyişə gətirib çıxaracaq. Nəticədə hazırkı vəziyyət yarandı. Biz təcavüzkarı geri oturdub cəzalandıranda, bilirsiniz ki, siyasi cəhətdən hücuma məruz qaldıq. Mən əsas prinsipləri qəbul etdim, Paşinyan isə rədd etdi. Mən Ermənistanla Azərbaycan arasında olan danışıqların formatını qəbul edirəm. Paşinyan isə deyir ki, yox, Azərbaycan Dağlıq Qarabağla danışıqlar aparmalıdır. Bu, təkcə mənim tərəfimdən deyil, Minsk qrupu tərəfindən də qəbuledilməzdir. Beləliklə, hazırda baş verənlərə görə onu günahlandırmaq lazımdır.

– Fransızlar və ruslar deyirlər onlarda kəşfiyyat məlumatı var ki, Sizin cəbhə xəttində suriyalı muzdlulardan istifadə olunur. Siz bunu qəti şəkildə inkar edirsiniz?

– Tamamilə qəti şəkildə. İndiyə kimi mənə bu kəşfiyyat məlumatını təsdiqləyən bir sənəd belə təqdim olunmayıb. Qoy onlar bu kəşfiyyat materialını mənə göstərsinlər. Bu ittihamlar səsləndiriləndən sonra bizim kəşfiyyat nümayəndələri təmaslar qurdular. Öz həmkarları ilə bu təmaslar zamanı heç bir dəlil təqdim olunmadı. Əgər dəlil varsa, niyə qəzetlərdə yoxdur, niyə sizin kanalınızda yoxdur? Bu dəlil haradadır? Göstərin onu mənə. Dəlil yoxdur. Bizim muzdlulara ehtiyacımız yoxdur. Bizim yaxşı hazırlanmış, yaxşı təlim keçmiş yüz min döyüşçümüz var. Bizim müasir avadanlığımız var. Bizim öz torpağımızı azad etmək üçün bütün lazımi hərbi komponentlərimiz var. Bizim etdiyimiz məhz budur. Bu, feyk xəbərdir.

– Sonuncu sual. Siz bu mərhələdə danışıqlara yenidən başlamaq üçün masaya hansı xoşməramlı jestlə gələ bilərsiniz?

– Biz artıq bunu etdik. Yeri gəlmişkən, kimin danışıqların əleyhinə olması ilə bağlı sizə bir söz də deyə bilərəm. Hələ bu müharibə başlamazdan əvvəl Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Minsk qrupunun həmsədrləri ilə görüşmək üçün Cenevrəyə dəvət olunmuşdular. Ermənistanın xarici işlər nazirinin oktyabrın əvvəlində səfər edəcəyi gözlənilirdi, bizim xarici işlər nazirinin oktyabrın 8-də səfər edəcəyi gözlənilirdi. Beləliklə, Ermənistanın xarici işlər naziri buna məhəl qoymadı, getmədi. Bizim xarici işlər naziri dünən Cenevrədə həmsədrlərlə görüş keçirdi. Biz Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında görüşün Rusiyada təşkil olunması ilə bağlı Rusiyadan təklif alanda razılaşdıq. Beləliklə, bizim xarici işlər naziri bir saat əvvəl Moskvaya çatıb. O, rusiyalı həmkarı ilə görüşəcək, mən proqramın necə olacağını, onun Ermənistanın naziri ilə görüşüb-görüşməyəcəyini bilmirəm, lakin o, oradadır. Biz sülh yolu ilə həll istəyirik, amma həll. Biz həll istəyirik, imitasiya yox, daha 30 il ərzində boş sözləri yox, praktiki addımları, vaxt cədvəlini, insanlarımızın evlərinə nə vaxt qayıdacağını, onlar üçün təhlükəsizlik zəmanətinin nədən ibarət olacağını və bizim necə barışacağımızı bilmək istəyirik. İki millət barışmalıdır. Biz qonşuyuq. Biz əbədi olaraq düşmənçilik şəraitində yaşaya bilmərik. Bu, dayandırılmalıdır. Lakin tarixi həqiqət və beynəlxalq hüquq əsasında dayandırılmalıdır.

-Dağlıq Qarabağda fəaliyyət göstərən jurnalistlərlə bağlı sual. Sizin sözçünüz deyib ki, onlar Azərbaycan ərazilərində qanunsuz olduqlarına görə hədəf obyektləridir. Siz də belə hesab edirsiniz?

– Bizim mövqeyimiz çox ədalətli və aydındır. Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Bizim mövqeyimiz ondan ibarətdir ki, əgər hər hansı əcnəbi vətəndaş, - təkcə jurnalist deyil, - Dağlıq Qarabağa səfər etmək istəyirsə xahiş edirik bizə məlumat versin. Biz hər hansı xüsusi münasibət gözləmirik. Sadəcə olaraq, bizə məlumat verin ki, belə bir şəxs səfər etmək istəyir. Bizdə belə bir məlumat olanda, ərazi bütövlüyümüzə belə bir hörmət əlaməti olanda, biz heç vaxt etiraz etmirik. Bu prosedur olmadan oraya gedənlər Xarici İşlər Nazirliyimizin qara siyahısına salınır və onların Azərbaycana girişinə qadağa qoyulur. Əgər həmin adamlar bizim xarici işlər nazirinə məktub yazırlarsa ki, biz səhv etmişik və ya gələn dəfə sizə məlumat verəcəyik, biz onları qara siyahıdan çıxarırıq. Bu, ədalətlidir. Bizim ehtiyacımız olan yeganə şey hörmətdir. Ona görə də mən fürsətdən istifadə edərək hadisələri işıqlandırmaq üçün oraya səfər etmək istəyən jurnalistlərə mesaj vermək istərdim. Xahiş edirəm e-mail vasitəsilə bizim Xarici İşlər Nazirliyimizə məlumat verin və oraya gedin. Heç bir problem yoxdur.

– Yəni, Siz onları hədəfə almayacaqsınız?

– Biz heç vaxt belə etmirik, heç vaxt. Niyə də etməliyik? Biz jurnalistlərin gəlməyində maraqlıyıq. Mən hər gün televiziyadayam, hər gün müsahibələr verirəm, çünki biz mövqeyimizi çatdırmaq istəyirik, gördüyümüz işi diqqətə çatdırmaq istəyirik. Biz təcavüzkar deyilik, biz təcavüzə məruz qalmışıq. Təcavüzkar Ermənistandır. Biz ərazilərin geri qaytarılmasını istəyirik. Bu qədər.

– Prezident Əliyev, bu gün bizimlə söhbət etdiyinizə görə təşəkkür edirəm.

– Çox sağ olun.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər