10 Oktyabr 2020 15:14
6 382
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəbhədə məğlubiyyətlə üzləşən Ermənistan rəhbərliyi təslim olaraq ağ bayraq qaldırır. Çünki Azərbaycan Prezidenti, ordumuz ona başqa çıxış yolu qoymayıb. Prezident İlham Əliyev işğala əsaslanan status-kvonu özü dəyişdirib. İndi şərtləri Azərbaycan müəyyən edir.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib.

O qeyd edib ki, dövlətimizin başçısı əzmli və qətiyyətli siyasi xadim və lider olduğunu bir daha sübut etdi:

“Ermənistanın havadarları və böyük güclər tərəfindən Azərbaycana artan siyasi-diplomatik təzyiqlərə baxmayaraq, Prezident İlham Əliyev öz prinsipiallığını və qəti əzmini bir daha nümayiş etdirdi. Prezident İlham Əliyev bu siyasi təzyiqlərə sinə gərir, məharətli və vaxtında atılan diplomatik addımlarla Azərbaycana olan təzyiqləri neytrallaşdırır.

Eyni zamanda humanitar atəşkəs birinci mərhələdir. Hərbi əməliyyatların gedişi zamanı dəyişilmiş status-kvo siyasi və diplomatik müstəviyə daşınmalıdır. Bu proseslər paralel şəkildə aparılmalıdır ki, əldə edilmiş nailiyyətlər daha da gücləndirilsin. Bununla Ermənistan və onun havadarlarının bir araya gələrək Azərbaycana qarşı vahid diplomatik cəbhə formalaşdırılmasının qarşısı alınır. Nəzərə almaq lazımdır ki, bütün bu əməliyyat Azərbaycana qarşı artan siyasi-diplomatik təzyiqlər şəraitində həyata keçirilir”.

Məlahət İbrahimqızı qeyd edib ki, Azərbaycan hökuməti münaqişənin sülh yolu ilə həlli üçün nə qədər çalışsa da, bu, mümkün olmadı:

“Ötən müddət ərzində işğalçı ölkə daha da azğınlaşdı və yeni ərazilər uğrunda yeni müharibə xülyasına düşdü. Artıq bıçaq sümüyə dirəndi, düşmənin cavabı verilməli idi və verildi”.

Milli Məclisin deputatı bildirib ki, artıq hamı Azərbaycana qarşı hansısa şərtlərin irəli sürülməsinin qəbuledilməzliyini başa düşdü:

“Diplomatiyada səhvə yol verilməsi hərbi üstünlüklərimizin də əldən çıxmasına səbəb ola bilər. Həmçinin, humanitar atəşkəsə Azərbaycanın birtərəfli qaydada yox deməsi Ermənistanın mövqeyini gücləndirmiş olardı. Hamı bilir ki, humanitar atəşkəs müvəqqəti xarakter daşıyır. Əgər bundan sonra Ermənistan yenə də öz siyasətini davam etdirəcəksə və işğal olunmuş ərazilərdən öz qoşunlarını çıxarmayacaqsa, onda hərbi əməliyyatların bərpa olunması hər zaman baş verə bilər.

Mahiyyətli danışıqlar aparılmalı və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını nəzərdə tutan plan hazırlanmalıdır.

Dövlət başçımızın oktyabrın 9-da xalqa müraciətində bildirdiyi kimi artıq təmas xətti deyilən anlayış yoxdur. Eyni zamanda münaqişənin hərbi həlli yoxdur tezisi də darmadağın edildi. Prezident İlham Əliyevin sözləri ilə desək, ordumuz regionda haqq-ədaləti bərqərar etmək üçün döyüşür, bu, haqqı tapdanmış Azərbaycan xalqının mübarizəsidir. Qarabağ Azərbaycandır və Azərbaycanın olaraq da qalacaq”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər