10 Oktyabr 2020 16:37
1 220
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan tərəfi humanitar atəşkəs rejimini ona görə qəbul etdi ki, bir daha beynəlxalq ictimaiyyətə bəşəri, insani və humanizm prinsiplərinə həssas yanaşdığını nümayiş etdirsin. Azərbaycan yenə də münaqişənin dinc vasitələrlə tənzimlənməsi imkanlarının aktual qalmasına şərait yaradır. Əgər işğalçı Ermənistan bundan nəticə çıxarmasa, o, daha acınacaqlı duruma düşəcək”.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, siyasi elmlər doktoru Elşad Mirbəşiroğlu deyib.

Deputat bildirib ki, Ermənistanın hansı vəziyyətə düşdüyü öz dilləri ilə etiraf olunur: “Paşinyan Ermənistan parlamentinin növbədənkənar iclasında erməni xalqının tarixdə ən ağır günlərini yaşadığını bildirmişdi. Bundan əlavə, Ermənistan Müdafiə Nazirliyi də ardıcıl olaraq çox sayda həm insan, həm də texnika itirdiklərini bildirir. Reallıq göz önündədir, Azərbaycan Ordusu sərhədlərimizin strateji əhəmiyyətə malik olan bir qismini işğaldan azad edib və düşmənə haqlı zərbələr endirib.

Sentyabrın 27-dən Paşinyan hər gün Fransa, Rusiya prezidentlərinə, Almaniya Federal kanslerinə və digər dövlət başçılarına, eləcə də beynəlxalq təşkilatlara telefonla zəng edir, onlardan məsələyə müdaxilə etmələrini istəyir. Təbii ki, aciz tərəf olduğunu aydın nümayiş etdirir. Əgər Ermənistan rəhbərliyində az da olsa sağlam düşünmə imkanları qalıbsa, onlar bu şansdan yararlanmalıdırlar, Azərbaycan torpaqlarından çəkilməlidirlər”.

Elşad Mirbəşiroğlu onu da qeyd edib ki, Azərbaycan Prezidenti mövqelərimizi çox aydın və qəti şəkildə ifadə edib: “Azərbaycanın bu gün danışıqlara başlamaq üçün bir şərti var: torpaqlarımızın erməni işğalçılarından azad olunması. Əgər proseslərin siyasi müstəviyə keçməsi istənilirsə, bu şərtə əməl olunmalıdır. Yəni, humanitar atəşkəs rejimi daimi atəşkəs rejimi kimi qəbul olunmamalıdır.

Bəzən yanlış olaraq bu cür yanaşmalar da sərgilənə bilər. Azərbaycan sadəcə növbəti dəfə öz aliliyini nümayiş etdirir və bununla da işğalçı Ermənistana yaranmış şansdan yararlanmağa imkan verir. Azərbaycan öz torpaqlarını sonadək işğaldan azad edəcək bu, ölkəmizin qəti mövqeyidir”.

Millət vəkili deyir ki, artıq danışıqlara başlamaq şərtimiz formalaşıb: “Bu şərt də ondan ibarətdir ki, Ermənistan tərəfi torpaqlarımızı işğaldan azad edəcəyi ilə bağlı beynəlxalq təminat altında öhdəliklərini ortaya qoymalıdır. Yalnız bu halda Azərbaycan siyasi həll yoluna gedə bilər. Yəni siyasi razılaşma torpaqlar işğaldan azad olunandan sonra baş tuta bilər. Təbii ki, erməni xalqının yeganə çıxış yolu bundan ibarətdir. Əgər Paşinyan xalqının, dövlətinin gələcəyi haqqında düşünürsə, buna getməlidir. Əks təqdirdə Ermənistan xalqının da, dövlətinin də sonu çox böyük sual altında olacaq”.

Deputat Ermənistanda siyasi böhranın pik həddə çatdığını, sosial-iqtisadi problemlərin daha da dərinləşdiyini vurğulayıb:

“Paşinyanın yanlış qərarları ilə özünü daha da uçuruma aparmaqdadır. Onun ən böyük yanlış qərarı ölkədə ümumi səfərbərlik elan etməsi oldu. Ermənistan kimi zəif bir dövlət ümumi səfərbərlik həyata keçirə bilərmi? Təbii ki, xeyr. Ən güclü dövlətlər belə, ümumi səfərbərliyi həyata keçirmək üçün bir çox hallarda kifayət qədər resurslara malik olmur. İqtisadi və siyasi idarəçilik baxımından zəif Ermənistan ümumi səfərbərlik elan edirsə, səfərbər olunmuş insanların təchizatını necə, həyata keçirəcəkmi?

Bunun post-münaqişə dövründəki fəsadlarını necə aradan qaldıracaq? Bütün bu məqamların hamısı Ermənistanın gələcəyi ilə bağlı olduqca bədbin düşüncələrə yol açır. Hesab edirəm ki, Ermənistan Azərbaycan torpaqlarını işğaldan azad edəcəyi ilə bağlı proqram ortaya qoymalıdır.

Bunu Azərbaycan Prezidenti də dəfələrlə vurğulayıb. Yalnız bundan sonra davamlı atəşkəs rejimi haqqında razılaşma ola bilər və ümumiyyətlə, proseslərin danışıqlar masası üzərinə qayıtması mümkündür”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər