Bu, humanitar məqsədlər üçün elan edilmiş atəşkəsdir. Bütün müharibələrdə humanitar atəşkəs tətbiq edilir. Amma bəzi ölkələrin, məsələn Fransanın, Rusiyanın uzağa gedən fikirləri var. Onların səyi nəticəsində atəşkəs sənədində qeyd olunub ki, Azərbaycan və Ermənistan ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayırlar. Mən bu məsələyə bir qədər ehtiyatla yanaşıram.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib.
O qeyd edib ki, Azərbaycan Ermənistana yalnız meyitlərini daşıyıb çıxarmaq üçün şərait yarada bilər:
“Amma bütövlükdə, yəni Azərbaycanın ərazi bütövlüyü, Dağlıq Qarabağla bağlı danışıqlarda onlara şans verə bilmərik. Vəziyyət tamamilə, kökündən dəyişib. Status-kvo dəyişdirilib, BMT Təhlükəsizlik Şurasının qətnamələtini yerinə yetirmək, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün olduqca əlverişli şərait yaranıb. İndiyədək başımızı tovlayırdılar. İndiyədək bu qətnamələri yerinə yetirmək üçün normal gedişlər olmayıb. Həmsədr dövlətlərdən ikisi – Fransa və Rusiya hər zaman ermənilərin başını sığallayıb.
İşğal edilmiş əraziləri məskunlaşdırmaq, orada iqtisadi fəaliyyətlər aparmaq üçün onlara vaxt və şərait yaradıb. Həm də danışıqlar prosesi nəticəyönümlü deyildi. Görüşürdülər, heç bir nəticə əldə etmədən ayrılırdılar. Ona görə də Azərbaycan hələ Serj Sərkisyan hakimiyyətinin son illərində ona ultimativ tərzdə bildirirdi ki, Bakı nəticəsi olmayan danışıqlarda iştirak etməyəcəyik. Sonra isə Nikol Paşinyan Aşqabad görüşündə cənab İlham Əliyevə xahiş-minnət etmişdi ki, ölkəyə nəzarəti təmin etmək üçün ona vaxt versin, parlament seçkiləri keçirsin və sair.
Ona bu vaxtı da tanıdılar. Elə ki Paşinyan vəziyyətini düzəltdi, yerinə yetirilməsi mümkün olmayan fikirlər irəli sürdü. O cümlədən Azərbaycanın Dağlıq Qarabağla danışıqlar aparmalı olduğuna dair sərsəm fikirlər səsləndirməyə başladı”.
Qabil Hüseynli qeyd edib ki, münaqişənin həll olunmaması və işğala əsaslanan status-kvonu saxlamaq üçün Ermənistana dəstək göstərilir və danışıqlar prosesi imitasiya olunmuş əsasda aparılırdı:
“Məqsəd tədricən Azərbaycan torpaqlarının Ermənistan tərəfindən ilhaqına nail olmaq idi. Prezident İlham Əliyev qəti siyasi iradə nümayiş etdirərək 30 il ərzində qurulmuş və daim möhkəmləndirilən bu sistemi darmadağın etdi, Azərbaycanın işğalla heç zaman barışmayacağını sübut etdi. İndi isə Azərbaycan hərbi sahədə əldə etdiyi böyük uğuru həm də diplomatik müstəviyə keçirir.
Ermənistanın danışıqları formatını dəyişdirmək və Dağlıq Qarabağdakı qondarma rejiminin danışıqlar prosesində tərəf kimi çıxış etməsinə nail olmaq, o cümlədən 1994-cü il Bişkek protokolunu əlində bayraq etmək iddiasının üzərindən birdəfəlik xətt çəkildi. Ermənistan etiraf etdi ki, bu münaqişədə tərəf olan Dağlıq Qarabağdakı qondarma rejim deyil, məhz Ermənistan dövlətidir. Ermənistan baş naziri artıq 7 şərt irəli sürmür, ona diktə edilən şərtləri qəbul etmək zorundadır. Bu gün danışıqlar prosesində məhz Azərbaycan öz iradəsini diktə edir və şərt irəli sürür.
Hər kəs bilir ki, humanitar atəşkəs müvəqqəti xarakter daşıyır. Əgər bundan sonra Ermənistan yenə də öz siyasətini davam etdirəcəksə və işğal olunmuş ərazilərdən öz qoşunlarını çıxarmayacaqsa, onda hərbi əməliyyatların bərpa olunması hər zaman baş verə bilər. Mahiyyətli danışıqlar aparılmalı və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını nəzərdə tutan plan hazırlanmalıdır.
Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində artıq təmas xətti deyilən anlayış yoxdur. Həmçinin, münaqişənin hərbi həlli yoxdur tezisi də darmadağın edildi”.