Beynəlxalq hüquq müstəvisində Ermənistan işğalçı, terrorçu dövlətdir. Bunu tam şəkildə sübuta yetirən yetərincə fakt mövcuddur. İşğalçı dövlət bu gün də öz mənfur niyyətini davam etdirir.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, Azərbaycanın diplomatiya və döyüş meydanında əldə etdiyi üstünlük qarşı tərəfdə narahatlığa, təşvişə səbəb olub:
”Ermənistanın mülki şəxsləri atəşə tutması, dinc əhaliyə qarşı cinayətlər törətməsi onun terroru, soyqırımı siyasətinin əsas elementi kimi həyata keçirdiyini sübuta yetirir. Ermənistanın təxribat əməllərində yaşayış məntəqələrini və mülki şəxsləri hədəf alınması əsas yer tutur. Bu, insanlığa, humanizmə zidd addımlardır. Beynəlxalq hüquqa görə, soyqırımı sülh və bəşəriyyət əleyhinə yönələn ən ağır beynəlxalq cinayət sayılır”.
Millət vəkilinin sözlərinə görə, Ermənistan uzun illərdir işğalçılıq siyasətini davam etdirir:
“Məhz bu işğal faktı nəticəsində Azərbaycanda bir milyondan çox insan öz doğma yurdlarında yaşamaq hüququndan məhrum edilib. Bu işğal siyasətinin davam etməsi qəbulolunmazdır. Ermənistanın son təxribatı üzv olduğu hərbi-siyasi təşkilatları bu münaqişəsinə cəlb etməyə hesablanıb. Çünki işğalçı dövlət Azərbaycana qarşı təcavüzün məsuliyyətindən boyun qaçırmağa çalışır. Beynəlxalq humanitar hüququn əsas prinsiplərindən biri mülki şəxslər arasında sərhədin müəyyən edilməsidir. Ermənistanın mülki əhaliyə, eləcə də məsum körpələrə, mülki obyektlərə hücumları beynəlxalq hüququn, insan haqlarının pozulması deməkdir. Xüsusilə, ermənilər Cenevrə Konvensiyasını, uşaq, insan hüquqları üzrə konvensiyaları ciddi şəkildə pozur”.
Sevinc Fətəliyeva əlavə edib ki, atəşkəsin elan olunmasından sonra dinc əhaliyə qarşı açıq hücum Ermənistanın indiyədək cəzasız qalmasının nəticəsidir:
“Gəncədə ermənilərin çoxmənzilli yaşayış binasını atəşə tutması, günahsız körpələrin qurbana çevrilməsi düşmənin törətdiyi cinayətlərin davamıdır. Beynəlxalq ictimaiyyət Ermənistana qarşı niyə hələ də susur?! Qəbul olunmuş beynəlxalq sənədlər niyə icra olunmur? ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri işğalçı dövlətə qarşı təzyiq göstərməlidirlər. Bunun məsuliyyətini dərk etməli, ədalətin bərpa olunması üçün üzərlərinə düşən vəzifəni dərhal icra etməlidirlər.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan xalqı və dövləti işğalla heç vaxt barışmayacaq:
"Ölkəmizin ərazi bütövlüyü müzakirə mövzusu ola bilməz. Beynəlxalq hüquq da Ermənistanın Azərbaycan torpaqlarından çıxmasını tələb edir”.