12 Oktyabr 2020 11:54
1 617
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənab Prezident İlham Əliyev tərəfindən müəyyənləşmiş siyasi strategiya xalqımızın maraqlarına xidmət edir. Ali Baş Komandan tərəfindən dövlətimizin məqsədinə çatması üçün böyük strategiya müəyyənləşib. Bununla yanaşı, Azərbaycan hər zaman təklif olunan konstruktiv dialoqa və yanaşmalara müsbət baxıb.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Azərbaycanın ATƏT PA-da Nümayəndə Heyətinin rəhbəri, ATƏT PA-nın vitse-prezidenti, millət vəkili Azay Quliyev deyib.

Deputat bildirib ki, cənab Prezident cəbhədəki vəziyyətlə bağlı öz qəti mövqeyini bildirib:

"Regionda ümumi sülhün və sabitliyin bərpası üçün ermənilər işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdırlar. Yalnız bu halda hərbi əməliyyatlar dayandırıla və müharibənin yekunu ilə bağlı vahid bir sənəd imzalana bilər. Azərbaycan xalqının əsas istəyi məhz ondan ibarətdir ki, düşmən torpaqlarımızı dinc yolla geri qaytarsın".

Azay Quliyev vurğulayıb ki, Azərbaycan həm hərb sahəsində, həm də diplomatik səviyyədə böyük uğurlar əldə edib:

“Bu siyasət xalqımızın maraqları tam təmin edilənə qədər davam edəcək. Cəbhədə düşmənə vurulan zərbələr onu çıxılmaz vəziyyətə salıb. Artıq düşmən tərəf öz çirkin ritorikasından əl çəkməyə məcbur edilib. Məhz bu baxımdan da Ermənistanı sülhə məcburetmə əməliyyatı artıq ilkin nəticələrini göstərib. Artıq status-kvo dəyişib. Ölkəmizin haqlı tələbi eşidilir. Buna da əməl etməyə məcbur olacaqlar. Bu məcburiyyət də Ali Baş Komandan, ordumuz və xalqımızın gücü sayəsində mümkün olub”.

Deputat qeyd edib ki, bu gün cəbhədə qazanılan üstünlükləri ilə diplomatik sahədə şərtlərini diktə edən tərəf Azərbaycandır və bu baxımdan böyük üstünlük qazanıb:

“Azərbaycanın bu gün əldə etdiyi uğurlar beynəlxalq, diplomatik müstivədə mövqeyini daha da gücləndirir. Dövlətimizin şərti ondan ibarətdir ki, bütün işğal edilmiş torpaqlardan erməni silahlıları çıxarılmalıdır. Azərbaycanın ərazi bütövlüyünü Ermənistan açıq şəkildə tanımalıdır. Ermənistanın baş naziri Azərbaycan xalqından üzr istəməlidir. Konkret olaraq işğaldakı ərazilərimizdən ermənilərin çıxma tarixi və cədvəli tərtib edilməlidir. Bu da Minsk Qrupunun həmsədr ölkələr tərəfindən təsdiq edilməlidir. Eyni zamanda burada proses uzun müddət çəkə bilməz, ən qısa zamanda həyata keçirilməlidir. Amma buna baxmayaraq, Emənistan hələ də öz işğalçılıq niyyətindən əl çəkmir. Təcavüzkar ölkə Azərbaycanın müharibə zonasından kənarda yerləşən şəhərlərini raket atəşinə tutur. Bu isə düşmənin cəbhədəki məğlubiyyəti müstəvisində son nəfəsi kimi dəyərləndirilir. Düşmənin atdığı bu cinayətkar addımlar onun üçün heç bir fayda verməyəcək”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər