13 Oktyabr 2020 13:34
21 222
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com politoloq Cümşüd Nuriyevlə müsahibəni təqdim edir:

- Cümşüd bəy, Moskvada xarici işlər nazirləri səviyyəsində əldə olunan humanitar atəşkəs razılaşmasından sonra cəbhədə yaranan situasiyanı necə qiymətləndirirsiniz?

- Əvvəla, tarix boyu bütün müharibələr zamanı belə atəşkəslər olub. Tərəflər meydandan ölmüş hərbçilərini götürməyə, əsirləri dəyişməyə gedib. Bu reallıq hətta faşist Almaniyası ilə də həyata keçirilirdi. Odur ki, humanitar atəşkəs haqqında bəyanatın verilməsində qeyri-adi bir şey görmürəm. Sadəcə bu, bizdə bir qədər ayrı müstəvidə təbliğ edilir. Əslində bu, bəyanatdır, hər bir tərəf öz üzərinə öhdəlik götürdüklərini bəyan ediblər, amma bu, heç bir hüquqi müstəvidə həll edilməyib. Bu, atəşkəs deyil, humanitar atəşkəsdir. Əgər proses davamlı olarsa, bu zaman tərəflər danışıqlara gedirlər və qarşılıqlı razılaşmalar məsələsi gündəmə gəlir.

Amma bu razılaşmanı birinci Ermənistan pozdu. Düzdür, Moskvada Rusiyanın təşəbbüsü və həmsədrlərin iştirakı ilə danışıqlar olacaq. Türkiyə də bu danışıqlarda iştirak edəcək. Belə məsələ gündəmdədir. Bir daha qeyd edim ki, Qırmızı Xaç Komitəsinin cəbhədə işlədiyi ərazilərdə atəşkəs ola bilər, amma digər ərazilərə bu, şamil olunmadığından ordumuz öz işini görür. Yəni anti-terror əməliyyatı aparır, düşməni məhv edir və belə bir əməliyyatın aparılmasını da kimsə Azərbaycana qadağan edə bilməz. Üstəlik Moskva danışıqlarında Azərbaycanın əks-hücum aparmayacağına dair heç bir söz yoxdur. Bəyanat 4 bənddən ibarətdir. Bu sənədin ən mühüm tərəfi ondan ibarətdir ki, Ermənistan özünü işğalçı kimi tanıdıb. Yəni Azərbaycan onu məcbur edib ki, özünü işğalçı kimi qəbul etsin. Əslində hər bir diplomatik sənədin sublinimal tərəfi var. Yəni ortada o fikir yoxdur, izah olunmur, amma şüuraltı olaraq qəbul edilir. Buna kinoda 25-ci kadr effekti deyirlər.

Həmin sənəddə Ermənistan xarici işlər naziri qəbul edir ki, 5 rayon veriləcək, sonra 2 rayon. Yəni işğal faktını qəbul ediblər. Heç Dağlıq Qarabağ haqqında söhbət yoxdur. Bunlar birmənalı şəkildə özlərini işğalçı kimi qiymətləndiriblər. Əlavə olaraq dördüncü bənd Azərbaycan tərəfinin təklifi ilə salınıb. Yeni formatın olmaması o demək deyil ki, oradan Fransa çıxmalı idi. Yeni formatın olmaması odur ki, son 2 ildə Paşinyan danışıqlarda tərəf kimi Qarabağdakı saxta qurumun iştirakını iddia edirdi. Bu, Paşinyanın yeddi şərtindən biri idi. Bu bəndin bəyanata salınmasına ermənilərin öz şərtini yeməsi kimi baxmaq lazımdır. Bu sənədin şüuraltı məqsədi budur və Azərbaycan bunu edə bilib. Ancaq biz bilirdik ki, ermənilər buna əməl etməyəcək. Nəzərə alın ki, 1992-ci ildə də belə bir saziş olmuşdu, amma ondan 5 gün sonra Xocalı faciəsi yaşandı.

- Deyirsiniz ki, Moskvada həmsədrlərin iştirakı ilə görüş keçiriləcək və bu danışıqlarda Türkiyə də iştirak edəcək. Bu dəqiq məlumatdır?

- Bəli, Azərbaycan tərəfi Türkiyəni bu görüşə dəvət edib. Çünki Türkiyə ATƏT-in Minsk Qrupunun 11 üzvündən biridir. Türkiyə bu danışıq masasında olmalıdır. Danışıqlar gedir-getmir, razılaşma var-yoxdur məsələsi aydın deyil. Danışıqlar qapalı olduğundan mətbuatın da məlumatı yoxdur. Danışıqlarda kimlərin iştirak edib-etmədiyini də mən tam təsdiq edə bilmirəm. Amma Azərbaycan tərəfi bunu bəyan edib və Türkiyə tərəfi də bunu qəbul edib.

- Bu danışıqlar nə zaman olacaq?

- Əslində oktyabrın 12-də Moskvada görüş keçirildi. Görüş Cenevrədə olmalı, tərəflər müzakirələr aparmalı idi. Amma erməni tərəfi bunu pozdu. Belə anladım ki, Moskvaya da ancaq Ermənistan xarici işlər naziri gedib, həm də Minsk Qrupunun üzvləri ilə görüşüb. Deyim ki, bu prosesdə Azərbaycana ciddi təzyiqlər var. Bizim prezidentimiz peşəkar siyasətçidir. İstisna etmirəm ki, bu regionu yeni hərbi poliqona çevirmək istəyirlər. Ermənistan təsadüfən səs-küy salmır ki, bu prosesdə Türkiyə iştirak edir. Əslində ermənilərin havadarları onları belə təlimatlandırır, Paşinyanın ağlı yoxdur ki, bu şeyləri desin.

Mən hesab edirəm ki, indi Qafqazda həm də ciddi siyasi mübarizə gedir, yeni geosiyasi xəritə cızmaq niyyətləri var. Qərbin öz, Rusiyanın da öz maraqları var. Azərbaycan da bu prosesdən yararlanmalıdır. Qərb Paşinyanın əli ilə Ermənistanı Rusiyanın nüfuz dairəsindən çıxarmaq, Rusiya isə Azərbaycanın zəfəri ilə Paşinyanı hakimiyyətdən yıxmaq istəyir. Eyni zamanda da Qafqazı nüfuz dairəsində saxlamağa çalışır.

Türkiyə də Azərbaycanın maraqlarını müdafiə edir. Burada erməni tərəfi çalışır ki, baş verənləri sivilizasiyaların toqquşması kimi təqdim etsin. Yəni üçüncü dünya müharibəsi başlasın. Azərbaycan buna gedə bilməz və getməyəcək də. Əslində bizim humanitar atəşkəs elan etməyimiz də diplomatik gedişdir. Əvvəla, bununla Azərbaycan Dağlıq Qarabağın prioritet olduğunu gündəmə gətirdi. Dünya bunu donmuş münaşiqə kimi qəbul etmişdi, hesab edirdilər ki, münaqişənin donu açılmayacaq. İkincisi, humanitar atəşkəslə Azərbaycan sülhpərvər millət və dövlət olduğunu gündəmə gətirdi.

- Ən dəhşətlisi razılaşmadan sonra Gəncənin vurulması faktıdır. Sizcə, ermənilər bununla nəyi sübut etməyə çalışdı?

- Niyə ermənilər məhz Gəncədən əl çəkmir? Mən bir qədər araşdırma apardım. Məlum oldu ki, 1918-ci ildə ermənilər plan qurmuşdular ki, Ermənistanın paytaxtı Bakı olacaq, Tiflisdə elan olunan Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərliyini bunlar terror yolu ilə aradan götürəcək və Azərbaycanı Rusiya ilə bölüşəcəklər. Ermənilərin Gəncəyə olan nifrəti bununla bağlıdır. Məsələn, Sero Xanzadyan adlı başıbəlalı tarixçi var. O, yazır ki, Gəncə camaatı bunların planını pozublar.

- Gözləntiləriniz nədir?

- Gözləntim odur ki, ermənilər atəşkəs rejiminə əməl etməyəcək. İkincisi, Ermənistan çalışacaq ki, Qarabağ münaqişəsindən uzaqlaşsın. Sorosa görə, Qarabağ Ermənistan üçün əlavə yükdür, Qarabağ dalğası ilə hakimiyyətə gəlib. Paşinyanın düşüncəsi budur ki, hakimiyyətdən getməyəcək, amma deyəcək ki, Qarabağda “qürurla” mübarizə aparıb, onun qədər heç bir erməni rəhbəri belə hərəkət etməyib və s. Ermənistanın Müdafiə Nazirliyinin rəsmisi var, Ovanisyan... AZAL-ın xəritəsində Təl-Əvivdən Bakıya təyyarənin hansı xəritə ilə uçduğu göstərilib. Ovanisyan bu uçuş xəritəsini götürüb Feysbuk səhifəsinə qoyub və elan edir ki, İsrail yenə də Azərbaycana silah daşıyır və Dağlıq Qarabağdakı “soyqrımında” iştirak edir. Görün, bunlar nə qədər xəstə təfəkkürə sahibdir. Bütün vasitələrlə üçüncü ölkələri bu münaqişəyə cəlb etmək istəyirlər, amma alınmır.

Məncə, Paşinyanın hakimiyyətdən getməsi Azərbaycan üçün ciddi itki olmayacaq. Amma yeni gələnlər Paşinyandan daha da faşist mövqedə olacaq. Paşinyan indi hakimiyyətdən getsə onun yerinə Asala və ya Daşnaksütyun gələ bilər. Beləcə müharibə yenidən alovlanacaq. Əslində Azərbaycan öz iddialarından əl çəkən deyil. Amma humanitar atəşkəs sanki nəfəsdərmədir. Bunun Ermənistana ciddi xeyri dəyməyəcək. Dünya biznes üzərində qurulub. Ermənistanın nə pulu, nə hərbi, nə də iqtisadi gücü var. Üstəlik mənəvi cəhətdən çöküb, diz üstündədir. Ona görə kimsə onlara yardım etməyəcək. Yardım edənlərdə ancaq öz şəxsi maraqları naminə edəcəklər. İndiki şəraitdə Rusiyaya sərf etmir ki, Qafqazda açıq şəraitdə müharibəyə girişsin. Gözləntim odur ki, yaxın günlərdə Azərbaycan Dağlıq Qarabağın inzibati ərazisinə daxil olan rayon mərkəzlərinin birinə bayraq asacaq. Bu keçmiş Ağdərə və ya Xocavənd ola bilər. Mən bunu gözləyirəm. Əminəm ki, Ali Baş Komandan belə bir müjdəni elan edəcək. Bildiyim odur ki, Qarabağ məsələsində Azərbaycanın mövqeyi dəyişməzdir.

Nəhayət onu qeyd edim ki, Ermənistanda 4-5 yarı azərbaycanlı qadın var. Onları hər gün erməni televiziyasına çıxarıb bizim əleyhimizə danışdırırlar. Amma Bakıda 30 min erməni var. Biz onları çıxıb danışmağa məcbur etmirik. Bu da onların vicdanlarına yazılır. Biz bununla millət və dövlət olaraq əxlaqımızı, mədəniyyətimizi dünyaya nümayiş etdiririk.

Sonda qeyd edim ki, Azərbaycan Prezidenti Ermənistanı danışıqlar masasında məğlub edəcək, ordumuz isə Ali Baş Komandanın rəhbərliyi altında cəbhədəki uğurları davam etdirəcək. Mənim fikrim belədir ki, biz Şuşa və Xankəndini əldə edənə qədər davam etməliyik. Laçın və Kəlbəcər asandır, onlar danışıqlar masasındadır.


Müəllif: Cavad

Oxşar xəbərlər