Azərbaycan-Rusiya əlaqələri özünün inkişaf dövrünü yaşayır. Son illərdə iki ölkə arasında keçirilən iqtisadi forumlar, həmçinin, mədəni-humanitar əlaqələrin güclənməsi Azərbaycanla Rusiyanı bir-birinə daha da yaxınlaşdırıb. Bu gün Azərbaycanın ayrı-ayrı şəhərləri Rusiyanın vilayətləri, böyük şəhərləri ilə birbaşa dostluq münasibətləri qurub.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirib.
O qeyd edib ki, bu gün Azərbaycanın istehsal etdiyi kənd təsərrüfatı məhsullarının 80-90 faizə qədəri Rusiya bazarlarına ixrac olunur:
“Rusiyanın şirkətləri Azərbaycana milyonlarla dollar investisiyalar yatırıb. O cümlədən Azərbaycan Rusiya iqtisadiyyatına investisiya yatırmış ölkədir. İqtisadi əlaqələrin inkişafı yüksək səviyyədədir. Bu əlaqələrin inkişaf etdirilməsi istiqamətində 5 strateji yol xəritəsi hazırlanaraq icra olunur. Düşünürəm ki, əlaqələrin inkişafı gələcək dövrdə daha da genişlənəcək. Çünki Rusiya bilavasitə bizim qonşumuzdur və Rusiya ilə Azərbaycan arasında əlaqələr tarixi köklərə malikdir. Bu gün Rusiyada milyonlarla azərbaycanlı yaşayıb işləyir”.
Azər Badamov qeyd edib ki, bu gün Azərbaycanla Rusiya arasında humanitar əlaqələrin inkişaf etdirilməsinə verilən töhfələrdən biri də orta və ali məktəblərdə rus sektorunun inkişafı ilə bağlıdır:
“Rus dilində tədris universitetlərdə də həyata keçirilir. Həm mədəni, həm humanitar, həm də iqtisadi əlaqələr günü-gündən möhkəmlənməkdədir”.
Milli Məclisin deputatı qeyd edib ki, bu əlaqələrin inkişaf etməsində iki ölkə prezidenti arasındakı şəxsi münasibətlər də mühüm rol oynayır:
“Məhz ölkə başçıları arasındakı şəxsi münasibətlər əməkdaşlıq və dostluq əlaqələrinin möhkəmlənməsinə öz töhfəsinə verib”.
Müsahibimiz Rusiya və Azərbaycanın çoxtərəfli formatda da əməkdaşlıq etdiyini vurğulayıb:
“Son illərdə üçtərəfli formatda əlaqələrin inkişaf etdirilməsi regionda sabitliyin və iqtisadi inkişafın təmin olunmasına töhfələr verir. Mən bunu deyərkən Azərbaycan-Rusiya-İran formatını nəzərdə tuturam. Həmçinin, Xəzəryanı ölkələr arasında əməkdaşlıq münasibətlərinin genişləndirilməsi və Xəzərin hüquqi statusu məsələsinin öz həllini tapmasını təbii ki, Rusiya və Azərbaycan arasındakı əməkdaşlığın yüksək səviyyəsi kimi qeyd etmək olar. Azərbaycan bu gün regional tranzit layihələrinin həm təşəbbüskarı, həm də icraçısıdır. Ölkəmizdən keçən Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri də təbii ki, Azərbaycanın coğrafiyasının regiona verdiyi töhfələrdən Rusiyanın da yararlanmasına imkan yaradıb. Bütün bunlar iki ölkəni daha da yaxınlaşdırır”.