Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılov Qətərin Milli İnsan Hüquqları Komitəsinin sədri Əli bin Smeyx Əl Marri ilə görüş keçirib.
Teleqraf.com xəbər verir ki, səfir ilk növbədə Dağlıq Qarabağ münaqişəsinin tarixçəsi, işğal altındakı Azərbaycan ərazilərində separatçı rejim tərəfindən beynəlxalq humanitar hüquq prinsiplərinə və insan hüquqlarına zidd olan əməllərin törədilməsini diqqətə çatdırıb.
Diplomat həmin ərazilərin dərhal və şərtsiz azad olunması barədə BMT-nin Təhlükəsizlik Şurasının məlum qətnamələri, uzun illər boyu mövcud olan ATƏT-in Minsk Qrupunun vasitəçilik fəaliyyətinin bu günədək bir nəticə vermədiyini xatırladıb. Xüsusilə qeyd edib ki, Ermənistanın cari ilin sentyabrın 27-də həyata keçirdiyi təcavüzü nəticəsində Dağlıq Qarabağ münaqişəsinin aktiv fazaya keçməsi cavab olaraq ölkəmizin silahlı qüvvələrinin hazırda həyata keçirdiyi hərbi əməliyyatlar Ermənistan ərazisində deyil, beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınan torpaqlarda aparılır.
Eyni zamanda, münaqişə zonasından kənarda yerləşən Gəncənin və ölkəmizin digər şəhərlərinin hədəfə alınaraq yaşayış məntəqələrinə raket zərbələrinin endirildiyi, nəticədə dinc əhali, o cümlədən qadın və uşaqlar arasında ölənlər və yaralananların olması barədə, bununla da Rusiya Federasiyasının vasitəçiliyi ilə cari ilin 10 oktyabr tarixində Moskvada razılaşdırılmış humanitar atəşkəsin Ermənistan tərəfdən kobud surətdə pozulduğu barədə məlumat verib. Bütün yuxarıda sadalananların beynəlxalq insan hüquqları və humanitar hüququn işğalçı Ermənistan tərəfindən pozulması göstəricisinin olduğunu vurğulayaraq bu əməllərin beynəlxalq ictimaiyyət tərəfindən pislənilməsinin vacibliyini qeyd edib, müvafiq sənədləri qarşı tərəfə təqdim edib.
Cavab olaraq cənab Əl Marri verilən geniş şifahi və əyani məlumata görə təşəkkürünü ifadə edərək, dost Azərbaycanda hazırda baş verən hadisələri, münaqişə zonasında hərbçilər və mülki əhali arasında itkilər, yaralınanlar və insan hüquqlarının pozulmasını narahatlıqla izlədiyini bildirib. O, hazırkı münaqişə durumunda Qətərin və bilavasitə rəhbərlik etdiyi qurumun imkanları daxilində Azərbaycana yardımçı olmağa hazır olduğunu nəzərə çatdırıb.