Azərbaycan Prezidenti və işğalçı Ermənistanın baş naziri paralel olaraq “RİA Novosti”yə müsahibə verib. Azərbaycan Prezidenti ölkəmizin ədalətli mövqeyini olduqca dəqiq, arqumentləşdirilmiş şəkildə tədqim edib. Dövlətimizin mövqeyi ərazilərimizin işğaldan azad edilməsindən ibarətdir. Azərbaycanın heç bir ölkənin ərazisində gözü yoxdur. Dövlətimiz münaqişənin dinc vasitələrlə tənzimlənməsi imkanlarının yaradılmasında maraqlı olduğunu nümayiş etdirib. Amma Ermənistan bunun əksini edir. İşğalçı dövlət Azərbaycana qarşı təxribatlarını davam etdirir və mülki əhalini hədəf seçir.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu bildirib.
Deputatın sözlərinə görə, Paşinyan nümayiş etdirdi ki, onun yanaşması regionda dağıdıcılığı şərtləndirir:
“Paşinyan yenə də Ermənistanın qeyri-konstruktiv mövqeyini ortaya qoydu. Müqayisə aparmaq istəsək, Azərbaycan Prezidentinin və Ermənistan baş nazirinin öz mövqeyini təqdim etmə bacarığı da vurğulanmalıdır. Azərbaycan Prezidenti olduqca səlis məntiqi ilə dövlət başçısına uyğun tərzdə fikirlərini bildirdiyi halda, Paşinyan xaotik, məntiqsiz, rabitəsiz nitqi ilə Ermənistanın haqsız, ziddiyyətli mövqeyini nümayiş etdirirdi”.
Millət vəkili vurğulayıb ki, Azərbaycan Prezidentinin çıxışında ölkəmizin mövqeyi, haqlı iradəsi ilə bağlı tam aydın təsəvvür formalaşır:
“Paşinyanın çıxışı isə abstrakt, dolaşıq, qeyri-konkret idi. Onun yanaşmasından belə çıxırdı ki, Ermənistan bütün beynəlxalq hüquq normalarını görməzlikdən gəlir. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri əhəmiyyətsiz hesab edir”.
Elşad Mirbəşioğlu qeyd edib ki, Azərbaycan Prezidenti Azərbaycanın Dağlıq Qarabağla bağlı ədalətli mövqeyini əsaslandırılmış şəkildə ortaya qoydu.