Son iki həftədə Gəncə şəhəri ermənilər tərəfindən 3-cü dəfə böyük terror zərbəsinə məruz qalıb. Bu, Ermənistan tərəfindən Azərbaycana qarşı edilən dövlət terrorudur. Bəşəriyyətə, insanlığa qarşı ermənilər tərəfindən növbəti bir cinayətdir. Gecə yarısı dinc bir şəhərdə mülki insanları raket atəşinə tutmaq bəşəri bir cinayət aktıdır.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev deyib.
Komitə sədri bildirib ki, erməni hərbi cinayətinin nəticəsində Gəncədə böyük dağıntılar baş verirb:
“Şəhərin iki məhəlləsinə Ermənistan tərəfindən raket zərbələri endirilib. Bu terror aktı nəticəsində 13 nəfər dinc sakin dünyasını dəyişib. 50-dən çox insan müxtəlif dərəcəli bədən xəsarəti alıb. Vətəndaşların xüsusi əmlakına xeyli zərər dəyib. 200-ə yaxın zərər görüb. 20-dən çox ev isə tamamilə dağılıb. Erməni terroru, vandalizmi mütləq ki, öz layiqli cəzasını alacaq. Bu qanlar heç şübhəsiz yerdə qalmayacaq. Azərbaycanın Ali Baş Komandanı, ordumuz düşmənə layiq olduğu cavabı verəcək. Dağlıq Qarabağda erməni terrorizminin, separatizminin kökü kəsiləcək. Gərəkdir ki, bununla bağlı beynəlxalq təşkilatlar, xüsusilə də ATƏT-in Minsk Qrupu öz mövqeyini ortaya qoysun”.
Musa Quliyev qeyd edib ki, ABŞ, Fransa, Rusiya səfirləri də Gəncədə baş verən terror aktına öz açıq mövqeyini bildirməlidirlər:
“Bu terror hadisəsinə görə təcavüzkar Ermənistana sanksiyalar tətbiq edilməlidir. Hazırda aidiyyatı qurumlar lazımi tədqiqat işini, araşdırmanı həyata keçirir. Ermənistanın beynəlxalq tribunala verilməsi üçün bütün hüquqi əsaslar toplanır".
Deputatın sözlərinə görə, sözsüz ki, bu erməni terroruna görə, Azərbaycan Ordusu öz layiqli cavabını verəcək:
"Gəncədə ermənilər tərəfindən baş verən ardıcıl terror hadisələrinə baxmayaraq, şəhər əhalisinin mübarizə əzmi yüksəkdir. Hazırda Gəncədə heç bir panika, qorxu yoxdur. Bu gün hər bir gəncəli Şanlı Ordumuzun sıralarına qatılmağa hazırdır. Bu günlərdə çox ibrətamiz bir hadisədə baş verdi. Erməni terroru nəticəsində dağılan binanın dağıntıları altından yaralı halda çıxan Azərbaycan gənci özünə gələr-gəlməz bildirib ki, “bizim haqq mübarizəmiz davam edir. Erməni terroru bizi qorxutmur”. Ona görə də belə əzmi, iradəsi olan xalqı heç bir terror və hərbi cinayət aktı qorxuda bilməz".