Teleqraf.com millət vəkili Cavanşir Feyziyevlə müsahibəni təqdim edir:
- Cavanşir müəllim, Ermənistan növbəti dəfə Gəncəni hədəfə aldı. Gecə saatlarında mülki əhalinin yatdığı vaxtda ermənilər Gəncə şəhərimizi ağır raketlərdən atəşə tutdu və onlarla vətəndaşımız həlak oldu və yaralandı. Buna nə ad vermək olar?
- İlk növbədə bu namərd hücum zamanı həlak olmuş həmvətənlərimizin yaxınlarına və xalqımıza başsağlığı ifadə etmək istərdim. Həlak olan bacı və qardaşlarımız, körpələrimiz Vətən torpaqlarının azadlığı uğrunda apardığımız müqəddəs müharibənin şəhidləridir. Allah onlara rəhmət eləsin, xalqımız sağ olsun, Vətən sağ olsun.
Bunun çoxdan bildiyimiz bir adı var – erməni namərdliyi. Döyüş bölgəsində Ordumuzun qabağından qaçan düşmənlər namərdcəsinə dinc əhaliyə arxadan zərbə vurur. Amma hüquq termini ilə bu hərəkətlər müharibə cinayətidir, bu, insanlığa qarşı cinayətdir. 2-ci Dünya müharibəsindən sonra beynəlxalq hüquq sisteminə daxil edilmiş bu terminlər 1949-cu il Cenevrə Konvensiyasında və sonrakı sənədlərdə öz əksini tapıb və qanun qüvvəsinə minib. Beynəlxalq hüquq sistemi bu cinayətləri törədən şəxslər və dövlətlər üçün ən ağır cəzanı nəzərdə tutur.
- Minlərlə soydaşımızın qanını tökmüş Ermənistanın siyasi-hərbi rəhbərliyinin layiq olduğu cəzanı alacağına inanırsınızmı?
- Buna heç şübhəm yoxdur və heç kim də şübhə etməsin. Onlar öz cəzasını elə bu gün alır. Gəncədə həlak olan hər bir soydaşımızın qisası elə həmin gecə və bu gün ərzində alınıb və bu qisasın alınması davam etdiriləcək. Milli Ordumuz ərazilərimizdə möhkəmlənmiş düşmən səngərlərini darmadağın edib, yüzlərlə canlı qüvvəsini və hərbi texnikasını, o cümlədən Ermənistan ərazisində yerləşən S-300 zenit-raket kompleksini məhv edib. Amma bu son deyil. Əminəm ki, işğal altında olan ərazilərimiz son qarışına qədər düşməndən azad ediləcək və 1988-ci ildən bu günədək Ermənistanın Azərbaycan torpaqlarında cinayətlər törətmiş bütün səlahiyyətli şəxsləri beynəlxalq tribunal qarşısında cavab verəcəklər.
- Müşahidələrimiz onu göstərir ki, beynəlxalq təşkilatlar və böyük dövlətlər ermənilərin Gəncəyə hücumu ilə bağlı da susmağa üstünlük verirlər. Sizcə, bu nə ilə bağlıdır, onlar niyə bu faciəni görmək istəmirlər?
- Biz artıq nə beynəlxalq təşkilatlardan, nə də böyük dövlətlərdən bir reaksiya gözləyirik. Biz bu münaqişəni Azərbaycan xalqı olaraq Ali Baş Komandanımızın rəhbərliyi altında özümüz həll edirik və son qələbəyədək bu müqəddəs savaşı aparacağıq. Biz qalib gələcəyik. Buna heç kimin, o cümlədən beynəlxalq təşkilatların və böyük dövlətlərin də şübhəsi olmasın. Biz torpaqlarımızı azad edib, orada xalqımızın əmin-amanlıq şəraitində xoşbəxt yaşamasını təmin edəcəyik. 30 il ərzində ermənilər tərəfindən viran qoyulmuş Qarabağ torpaqları xoşbəxt insanların gülüstan torpaqlarına çevriləcək. Bu torpaqlara bir daha düşmən ayağı dəyməyəcək.