Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə məktublar gəlməyə davam edir.
Teleqraf.com məktublardan bir neçəsini təqdim edir:
Uğur Ceylandan, İstanbul, Türkiyə
Azərbaycanda baş verən hadisələri narahatlıqla və qürurla izləyirik. Xalqın yenilməz Lideri olaraq torpaqlarınızı azad etməyinizə və erməni terrorçularına qarşı qətiyyətli mövqe göstərdiyinizə görə Sizinlə şərəf duyuruq.
Türk milləti olaraq daim Sizinləyik, dualarımız Sizinlədir. Bununla yanaşı, cəbhədə də Sizinlə çiyin-çiyinə döyüşməyə hazırıq.
Allah qəhrəman şəhidlərimizə rəhmət eləsin. Allahdan əziz Azərbaycan xalqına cansağlığı diləyirəm”.
Onur Gündüzdən, Ankara, Türkiyə
“Hörmətli cənab Prezident.
Türkiyədə yaşayan qardaşlarınız olaraq qəlblərimizin Sizin ürəklərinizlə birlikdə döyündüyünü bildirmək istəyirəm.
Mən Sakaryada doğulmuşam. Amma mənim üçün Qarabağın Sakaryadan heç fərqi yoxdur.
Allah Vətən yolunda Sizə və ordumuza, xalqınıza kömək olsun. Oğuz tayfalarının davamçıları daim zülmə qarşı vuruşub və qalib gəlib. Dualarımız Sizinlədir”.
Elvin Hulşer və Tariyel Mirzəyevdən, Niderland
“Möhtərəm cənab Prezident.
Azərbaycan-Niderland Biznes Qovşağının heyəti adından Azərbaycan xalqına öz dəstəyimizi ifadə etmək istəyirik.
Düşüncələrimiz hərbi əməliyyatlar nəticəsində zərər çəkmiş insanların yanındadır. Müharibədə qazanan tərəf olmur. Arzu edirik ki, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri dərhal icra edilsin və beləliklə, sülh və davamlı rifah geri qayıtsı”.
Xanağa Əhədlidən, Bakı, Azərbaycan
“Əziz Prezidentimiz.
Sizi salamlayan 86 saylı orta məktəbin 5ç sinif şagirdidir. Mən Sizə təşəkkür etmək üçün məktub yazıram.
Hər gün torpaqlarımızın düşməndən azad edilməsi barədə verdiyiniz xəbərləri dinləyən anamın gözündəki sevinc göz yaşlarını görmək məni də sevindirir.
Biz də ailəliklə daim cəbhədəki vəziyyəti düşünürük və deyirik ki, Qarabağ Azərbaycandır!”.
Tofiq Canaliyevdən, Masallı, Azərbaycan
“Hörmətli Prezident, cənab Ali Baş Komandan.
Sizin komandanlığınız altında Azərbaycan Ordusunun Qarabağ torpaqlarının işğaldan azad olunması uğrunda göstərdiyi şücaət bu gün dillər əzbəridir. Bu uğurların şəninə şerlər qoşulur, nəğmələr oxunur. Xalqımızda çox yüksək əhval-ruhiyyə müşahidə olunur.
Cənab Prezident, bu qətiyyətli və şücaətli işlərinizə görə Masallı rayonunun Xəlfələr kəndinin sakinləri adından Sizə böyük minnətdarlığımızı bildiririk. Sizə uzun ömür, cansağlığı və gələcək işlərinizdə müvəffəqiyyətlər arzu edirik. İnanırıq ki, tezliklə Azərbaycan ərazisinin bütövlüyünü bərpa edəcəksiniz.
Yaşasın Azərbaycan xalqı, onun şanlı Ordusu və Ali Baş Komandanı!”
Ömər Mirzəyevdən, Şəki, Azərbaycan
“Hörmətli Prezidentimiz.
Bu gün ulu öndərimiz Heydər Əliyevin hər bir azərbaycanlının ömürlük yaddaşında həkk olunmuş şüarını xatırlatmaq istərdim. “Hər bir insanın milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən fəxr edirəm ki, azərbaycanlıyam!”. Elə bu şüar altında da Şəki rayonunun Kiş kənd sakini olan xalam oğlu Vüsal Rzayev könüllü olaraq 31 yaşında Şəki Hərbi Komissarlığından Vətənə xidmət etmək üçün yola düşüb.
Cənab Ali Baş Komandan, Ulu Tanrı Sizə və əsgərlərimizə yar olsun. Hər zaman Sizdən qələbə xəbərləri eşidək.
Qarabağ Azərbaycanındır!
Qarabağ Azərbaycandır!”.
Tofiq Məmmədovdan, Quba, Azərbaycan
“Hörmətli Prezident, cənab Ali Baş Komandan.
Sentyabrın 27-dən, Vətən Müharibəsi başlayan gündən bu günədək hər bir vətəndaş kimi mən də televiziya kanallarından verilən xəbərləri, Sizin çıxışlarınızı, verdiyiniz müsahibələri həvəslə və diqqətlə dinləyirəm və Sizin rus, ingilis və türk dillərində sərbəst danışığınız, çox yüksək intellektual biliyə malik olmağınızdan qürur hissi duyuram. Sizin kimi dəyanətli, qətiyyətli dövlət başçımız, Prezidentimiz olduğu üçün özümü çox xoşbəxt hiss edirəm.
Sizin uzaqgörən siyasətiniz sayəsində artıq bütün dünya Azərbaycanın necə güclü dövlət olduğunu bilir.
Əziz Prezidentimiz, bu gün xalq Sizin ətrafınızda səfərbərdir, Sizin əmrinizə hazırdır. Bunu Siz öz bacarığınız və xalqımızda yaratdığınız inam hissi ilə qazanmısınız. Sizin və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın hərbi hospitalda yaralı əsgərlərlə necə səmimi görüşdüyünüzün, qayğınızın şahidi oldum.
Cənab Prezident, artıq bıçaq sümüyə dirənib, səbr kasamız dolub, hamı istəyir ki, torpaqlarımız erməni tapdağından azad olunsun və üçrəngli Bayrağımız milli musiqimizin beşiyi olan Şuşamızda, Qarabağımızda dalğalansın. Bununla da şəhidlərimizin qanı yerdə qalmasın.
Bu məktubu Ordumuzun dünən qazandığı şanlı zəfərdən ruhlanaraq yazdım. 67 yaşım olmasına baxmayaraq, torpaqlarımızın azad olunması üçün mən də ölməyə hazıram, böyük xalq şairimiz Səməd Vurğun demişkən: “Müsəlləh əsgərəm mən də bu gündən”.
Siz atanızın yolunu, arzularını şərəflə yerinə yetirirsiniz. Bu gün Sizin xalqımız üçün gördüyünüz işlərdən, xüsusən şəhid ailələrinə göstərdiyiniz diqqət və qayğıdan çox danışmaq olar. Mən fəxr edirəm ki, ulu öndər Heydər Əliyevin imzası olan partiya biletini daşıyıram.
Tez bir zamanda şanlı komandan kimi işğaldan azad edilmiş torpaqlarımıza zəfər bayrağımızı sancasınız! Bu yolda Tanrıdan Sizə uğurlar diləyir, yeni-yeni qələbələr nəsib etməsini arzulayıram.
Allah Sizi və müzəffər Ordumuzu qorusun!
Qoy haqq-ədalət zəfər çalsın!
Qarabağ Azərbaycandır!”.
Osman İbrahimovdan, İmişli, Azərbaycan
“Hörmətli cənab Prezident.
Biz Sizinlə qürur duyuruq. Allah Sizi var eləsin. Sizin Azərbaycanımıza olan sevginiz biz gənclərə ruh yüksəkliyi verir. Allah Sizə yar olsun.
Biz gənclər əminik ki, üçrəngli müqəddəs bayrağımız Sizin və Ordumuzun sayəsində tezliklə Qarabağda, Şuşada dalğalanacaqdır. Sizə inanır və işlərinizdə uğurlar arzulayırıq”.
Musa Quliyevdən, Bərdə, Azərbaycan
“Hörmətli cənab Prezident.
Bu məktubu sevinc içərisində yazıram. Otuz ildən bəri gözlədiyimiz bu günlər – Sizin rəhbərliyiniz altında qəhrəmanlıq tarixi yazan Azərbaycan Ordusunun Qarabağ torpaqlarını qarış-qarış azad etdiyi zəfər günləri hamımızı sevindirir. Mənfur ermənilərə qarşı apardığınız haqlı mübarizədə Sizinləyik, həmişə Sizin arxanızdayıq və yanınızdayıq.
Möhtərəm Prezidentimiz, əminliklə deyə bilərəm ki, bu gün hər bir Azərbaycan vətəndaşı qüdrətli, güclü dövləti ilə və öz sözünü, xalqın istəyini dünyaya çatdıran müdrik, cürətli Prezidenti ilə fəxr edir. Sizə bu haqq mübarizənizdə yeni-yeni uğurlar diləyir, Ulu Tanrıdan cansağlığı, uzun ömür arzulayıram.
Arzum budur ki, doğma torpaqlarımız uğrunda canından keçməyə hazır olan mərd, igid oğullarımız Azərbaycanın üçrəngli Bayrağını Şuşada dalğalandırsın. Qoy Allah-Təala yolunuzu açıq eləsin, məğlubedilməz Ordumuzu mənfur düşməndən qorusun. Allah Sizinlə və Ordumuzla olsun”.
Ruslan Əmrahovdan, Şamaxı, Azərbaycan
“Hörmətli cənab Prezident.
Sentyabrın 27-dən xalqımız, o cümlədən mən şərəfli, həyəcanlı, qürurlu günlər yaşayırıq. İlk qələbə xəbərlərindən sonra isə sevincimizin həddi-hüdudu yox idi.
Mən döyüşə getmək üçün könüllü kimi ilk qeydə alınanlardan biriyəm. Çağırılacağım günü səbirsizliklə gözləyirəm. Ətrafımda isə minlərlə məni kimi qərarlı gənc var.
Kimin üzünə baxsan məğrurdur, Sizin səlis, dəqiq, dürüst nitqinizdən razıdır. Açığı, bütün hislərimi, sevincimi sözlə ifadə etməkdə çətinlik çəkirəm. Amma şükür edirəm ki, düşmənləri doğma torpaqlardan qorumaq vaxtı çatıb.
Hamımız Sizə minnətdarıq, hörmətli Prezident, Sizə və ailənizə ən yaxşı arzularımızı bildirir, Sizinlə fəxr edirik! Belə bir Liderimiz olduğu üçün qürur duyuram! Biz həmişə Sizinləyik! Allah Sizi və Ordumuzu qorusun! Amin”.
Namiq Şavruqovdan, Bakı, Azərbaycan
“Hörmətli Prezident, cənab Ali Baş Komandan.
İşğal olunmuş bəzi ərazilərimizi vəhşi erməni qəsbkarlardan Sizin rəhbərliyiniz altında müzəffər Ordumuz azad etmişdir. Ermənilərə dediyiniz kimi, elə bilirdiniz ki, Azərbaycan sizin işğal və təhqirlərinizlə barışacaq? Təbii ki, barışmayacaq! Buna görə Silahlı Qüvvələrimizin şəxsi heyətinə və Ali Baş Komandan kimi şəxsən Sizə sonsuz təşəkkürümü bildirirəm. Allahdan bütün şəhidlərimizə rəhmət, yaralılarımıza şəfa diləyirəm. Amin!
Mən əminəm ki, apardığınız bu uğurlu hərbi əməliyyatlara görə şəhidlərimizin və Azərbaycanı parçalanmaqdan qurtaran ulu öndər Heydər Əliyevin ruhları şaddır.
İndi Siz bir oğul kimi atanızın müqəddəs missiyasını davam etdirirsiniz. Lakin çox təəssüf ki, bəzi güclər işğalçı və başqasına güvənən Ermənistanı yenə də himayə edir.
Bu çətin və müqəddəs mübarizədə Sizə və Ordumuza Uca Allahdan sağlamlıq, möhkəm dəyanət və sarsılmaz qətiyyət arzulayıram”.
Asiman Nadirlidən, Şirvan, Azərbaycan
“Hörmətli Prezident, Cənab Ali Baş komandan!
Sizin uğurla apardığınız siyasət nəticəsində bu gün ordumuzdan qələbə xəbərləri alırıq. Nəhayət ki, 27 ildir həsrətində olduğumuz torpaqlarımızı Sizin qətiyyətiniz sayəsində işğalçılardan geri alırıq.
Biz fəxr edirik ki, Azərbaycan xalqının güclü ordusu və Sizin kimi müdrik rəhbəri var!
Qələbə bizimdir! Qarabağ Azərbaycandır!”.
Gülbala Kamilovdan, Lerik, Azərbaycan
“Hörmətli cənab Prezident.
Sizin yürütdüyünüz daxili və xarici siyasət nəticəsində şanlı, qüdrətli və qorxmaz Ordumuz formalaşdırılmışdır. Bu Ordu Azərbaycanın mərd və igid oğullarını özündə cəmləşdirərək düşmən üzərində Qələbəni təmin etməkdədir.
Cənab Ali Baş Komandan, erməni işğalçıları ilə cəbhədə hər zaman vuruşmağa hazırıq.
Qələbə bizimlədir, Qarabağ Azərbaycandır!
Allah Sizləri, Ordumuzu, xalqımızı qorusun!”.
Məhəmməd Orucovdan, Tərtər, Azərbaycan
“Hörmətli cənab Prezident.
Nəhayət ki, 27 il düşmən torpağı altında qalan torpaqlarımızın alınacağı gün gəldi. Bu yolda atdığınız hər bir addımı bütün azərbaycanlılar kimi mən də bir Tərtər oğlu olaraq dəstəkləyir, Sizə və döyüş meydanındakı əsgərlərimizə möhkəm iradə, cansağlığı, qələbə sevinci arzulayıram.
9-cu sinif şagirdi olsam da, mən də silaha sarılıb Vətənimizi qorumağa, düşməndən azad etməyə getmək istəyirəm.
Bilirik ki, bu bir döyüş meydanıdır, müharibədir. Əlbəttə, şəhidlərimiz olacaq, evlər dağılacaq. Təki tökülən şəhid qanı erməni tapdağı altında qalmasın.
Cənab Ali Baş Komandan, Ulu Tanrıdan arzu edirəm ki, qara buludlar başımızın üstündən götürülsün, şəhidlərimizin qanı yerdə qalmasın, Azərbaycan xalqının üzü gülsün. Azərbaycan Ordusu üçrəngli Bayrağımızı Şuşada, Laçında, Kəlbəcərdə və bütün işğal olunmuş ərazilərimizdə dalğalandırsın. Bu yol bizim haqq yolumuzdur!
Mən və ailəmiz hər gün dua edirik ki, başda Ali Baş Komandan olmaqla bütün əsgərləri Allah qorusun, gözlərinə işıq, qollarına qüvvət, dizlərinə təpər versin, hər biri sevinclə ailəsinin yanına qayıtsın. Amin!”.
Səlim Əzimovdan, Ağdam, Azərbaycan
“Möhtərəm cənab Prezident.
Mənim 90 yaşım var. Əməkdar müəlliməm və 65 illik müəllimlik stajımın 56 ilini məktəb direktoru işləmişəm. Həmişə Sizin işlərinizin fəal təbliğatçısı olmuşam. Siz Ulu Öndərin layiqli davamçısı, əbədi yaddaşlarda qalan müdrik, uzaqgörən, xalqını və millətini sevən, onun qayğıları ilə yaşayan bir Prezidentsiniz.
Hər gün şanlı Ordumuz tərəfindən əhəmiyyətli yüksəkliklərin, müqəddəs yurd yerlərimizin işğaldan azad olunması bizi çox sevindirir. Biz ziyalılar hər gün gedən prosesləri izləyir, Ulu Tanrıdan Sizə və Ordumuza cansağlığı, uğurlar arzulayırıq.
Sizin apardığınız məqsədyönlü siyasət nəticəsində şanlı Ordumuzun əks-hücum əməliyyatları ilə müqəddəs torpaqlarımız işğaldan azad olunur. Düşmənin çoxsaylı qüvvəsinin və döyüş texnikalarının məhv edilməsindən qürur duyuruq.
Cənab Prezident, Sizə bütün ağdamlılar adından Ulu Tanrıdan ən şirin nemət olan cansağlığı, apardığınız müqəddəs işlərdə uğurlar diləyir, yaxın günlərdə Sizin rəhbərliyinizlə işğaldan azad olunacaq Ağdamda, Şuşada, Xankəndidə və digər Qarabağ torpaqlarında şanlı Azərbaycan Bayrağının dalğalanmasını arzulayırıq. Allah qoysa, Sizin və Mehriban xanımın gəlişi münasibətilə qurbanlar kəsərik.
Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.
Həsən Hüseynovdan, Şirvan, Azərbaycan
“Hörmətli cənab Prezident.
Ulu öndər Heydər Əliyev siyasi irsinin uğurlu və layiqli davamçısı kimi Azərbaycan xalqı Sizinlə qürur duyur, fəxr edir.
Cənab Ali Baş Komandan, bu gün rəşadətli Azərbaycan Ordusu öz xalqını sevindirir, uzun müddətdir düşmən tapdağı altında qalmış əzəli və əbədi Azərbaycan torpaqlarını işğaldan azad edir, əsl sahiblərinə geri qaytarır. Bu mütərəqqi hadisələr əslində tarixin özüdür və bu tarixi qızıl hərflərlə dünya salnaməsinə Siz Azərbaycan xalqı ilə birlikdə yazırsınız.
Qəlbi Vətən sevgisi ilə çırpınan xalqımızın dilində əzbər, dünyaya isə qəti mesaj olan ifadənizi hər birimiz böyük rəğbətlə vurğulayırıq: Qarabağ Azərbaycandır!”.