“Haqq və ədalət yerini tapmadıqca, Qarabağ probleminin həlli olmayacaq”.
Teleqraf.com-un məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop deyib.
TBMM sədri bildirib ki, bu məsələnin həll yolunu tapmadan bölgədə nüfuzunu artırmaq niyyətində olanlar bir gün özləri də yanacaq: “Ermənistan ordusu Azərbaycanın işğal altında olan torpaqlarından çıxmalıdır. Məsələnin bundan başqa həll yolu yoxdur. Ermənistana dayaq olanlar bilməlidir ki, Qafqazda bunu sona qədər sürdürə bilməzlər. Ermənistan da bilməlidir ki, böyük qardaşları onlara sona qədər dəstək olmayacaq. Ən sonunda onlar qonşuları ilə baş-başa qalmağa məcbur olacaqlar. Ərdoğanın da dediyi kimi, Azərbaycanın daha 30 il gözləməyə səbri yoxdur. Artıq beynəlxalq təşkilatlar öz qərarlarının icra etməyə borcludur. BMT-nin qərarlarını Ermənistan heçə saydı. ATƏT-in Minsk Qrupu problemi həll etmək üçün indiyə kimi heç bir real iradə nümayiş etdirmədi. Hətta həmsədrlərdən biri Türkiyə və Azərbaycanı Ermənistana terror hücumu etməkdə günahlandırdı. Vəziyyət belədirsə, Minsk Qrupunun beyin ölümü artıq gerçəkləşib”.
TBMM sədri bildirib ki, Moskva razılaşmasına baxmayaraq, gücü qəhrəman Azərbaycan əsgərinə çatmayan, cəbhədə Azərbaycan ordusundan ardına belə baxmadan qaçan ermənilər ancaq mülkiləri hədəf alır: “Bütün dünyaya sual edirəm. Sizin qərarlarınızı heçə sayan Ermənistanın addımlarını mühakimə etməyəcəksinizsə, nəyi edəcəksiniz?! Lalsınız? Karsınız? Yoxsa, korsunuz?”
TBMM sədri bildirib ki, Bəxtiyar Vahabzadənin “Bayraq” şerinin həyata keçirildiyi günlər yaxındadır: “Bu gün Qarabağda üçrəngli bayrağa hamı salam verməkdədir və salam verməkdə davam edəcək. Bu gün cəbhədə vətənləri üçün mübarizə aparan Əsgərlərə Allah yardımçı olsun. Üçrəngli bayraq bütün Qarabağda dalğalanacaq”.
***
11:18
“İlk olaraq, 1990-cı illərin əvvəlindən etibarən Qarabağ davasına sahib çıxan və bu gün Azərbaycanın haqlı davasına dəstək olan cənab Ərdoğanın parlament nümayəndələrinə və bütün Azərbaycan xalqına salamını gətirdim”.
Teleqraf.com-un məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop deyib.
TBMM sədri bildirib ki, Azərbaycanın haqlı davasına dəstək verən fərqli partiyaların nümayəndələri də səfərdə onu müşayiət edir: “Bütün millət vəkillərimizin iştirakı ilə keçiriləcək ictimai iclası Qarabağ işğaldan azad ediləndən sonra Qarabağda edək. TBMM-də olan millət vəkilləri də bu gün burada iştirak etmək istəyirdilər. Sevincimizi olduğu kimi, kədərimizi də paylaşmağa gəldim. Qardaş Azərbaycana yönələn Ermənistan hücumlarını pisləyirəm. Bu hücum nəticəsində şəhid olanlara Allahdan rəhmət diləyirəm. Əziz Azərbaycan xalqına başsağlığına verirəm”.
***
11:08
Milli Məclisin payız sessiyasının növbəti iclası başlayıb.
Teleqraf.com-un məlumatına görə, Milli Məclisin iclasında Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun sədrlik etdiyi nümayəndə heyəti, türkiyəli deputatlar da iştirak edir.
İclasın gündəliyinə 5 məsələ daxildir. Bunlar aşağıdakılardır:
1. Türkiyə Böyük Millət Məclisinin sədri cənab Mustafa Şentopun çıxışı.
2. “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).
3. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).
4. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).
5. “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).