Teleqraf.com Azad Demokratlar Partiyasının sədri, siyasi analitik Sülhəddin Əkbərlə müsahibəni təqdim edir:
- Sülhəddin bəy, BMT Təhlükəsizlik Şurası dünən axşam Qarabağ konflikti və münaqişə zonasında baş verənləri müzakirə edib. Siz bu müzakirələrin yekunlarını necə qiymətləndirirsiniz?
- Müzakirənin bir məqsədi var. Onlar çalışırlar ki, Azərbaycan Ordusunun uğurlu irəliləyişinin qarşısını necə alsınlar. Yeganə dərdləri budur. Başqa dərdləri yoxdur. Müzakirələrin nəticəsinə gəldikdə deyim ki, əslində bu həmsədr ölkələr arasında rəqabət mühitinin olmasını növbəti dəfə ortaya çıxarıb. Bu, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzanın açıqlamasından da görünür. Ehtimal olunur ki, o müzakirələrdə alternativ təkliflər də irəli sürülüb. Ola bilsin ki, Moskva və Paris də xüsusi aktivlik göstərib. Başlıca məqsəd atəşkəs mexanizminin yaradılması və onun sahədə tətbiq edilməsidir. Görünür, burada müxtəlif təkliflər irəli sürülüb. Bu prosesi BMT etsin, yoxsa ATƏT-in egidası altına verilsin və ya Minsk Qrupu üzvlərinin. Mən hesab edirəm ki, bu məsələnin müzakirəsi hələ gedəcək. Bunun da altında yatan başlıca səbəb onların öz aralarında rəqabət mühitinin olmasıdır.
-Yəni vaxt aparacaq...
- Bəli, zaman aparacaq və bu zaman bizim üçün əhəmiyyətlidir. Azərbaycan Ordusu mümkün qədər irəliləməliddir. Əslində çox sevindirici haldır ki, Azərbaycan Ordusu strateji xarakter daşıyan savaşlara hazır görünür. Ən azı qarşı tərəfdən daha hazırlıqlıdır. Bu da meydanda özünü ifadə edir. Başqa sözlə, həm döyüş meydanında, həm siyasi-diplomatik meydanda, həm informasiya meydanında, həm psixoloji savaş cəbhəsində, həm də kəşfiyyat və təhlükəsizlik sahəsində. Açığı, mən kiber sahədə durumun necə olduğunu dəqiq deyə bilmərəm, bunu mütəxəssislər qiymətləndirə bilər. Onu deyə bilərəm ki, Azərbaycan strateji savaşa hazır görünür, döyüş meydanında uğurla irəliləyir.
Mən strateji düşüncənin üstünlüklərini görürəm və bu, meydanda da özünü göstərir. Əgər biz 30 ildir ki, düşmən və onun arxasında duran havadarlarının burada necə möhkəmləndirilən hərbi rayonlar qurduğunu, coğrafi şəraiti, relyefi nəzərə alsaq və Azərbaycan tərəfinin hücum edən, ordumuzun aşağıdan yuxarıya doğru hərəkət edən tərəf, habelə bu qədər diplomatik təzyiqlərin olduğuna diqqət etsək, fikrimcə, işlərin uğurla getdiyini görə bilərik. Sadəcə bu uğurları qələbəyə çevirmək lazımdır. Döyüş meydanında hərbi-strateji qələbə əldə edilməyənə, düşmənin müqaviməti tam sındırılmayana qədər döyüşlər davam etməlidir. Mənim qənaətimcə, bu ana qədər danışıqlar masasında oturmaq olmaz. Siz diqqət edin, bu qədər itkilər və uğursuzluqlara yanaşı bizim Müdafiə Nazirliyinin verdiyi məlumatlara nəzər yetirsək görərik ki, düşmən müqavimət göstərir, bəzən əks-hücumlara keçir. Bu, təsadüfi deyil.
- Sizcə, düşməni belə motivasiyaya nə sövq edir?
- Əlbəttə, burada erməni millətçi və dini dairələrinin rolu var. Amma əsas onun arxasında duran güclərin buradakı xüsusi rolunun olduğunu düşünürəm. Bu qədər silah, texnika və təchizat sıradan çıxarılır, lakin durmadan biz müharibə meydanında daha yenilərini görürük. Əvvəl sursatların üçünü atanda ikisi partlamırdısa, indi atdıqlarının necə partlayıcı gücə malik olduğu müşahidə edilir. Bu nə deməkdir? Bu o mənanı verir ki, artıq strateji depolar açılıb və düşmənə daha müasir silah-sursat verilir. Bu səbəbdən də qeyd edirəm ki, düşmən üzərində strateji qələbə çalana, onun təchizat yolları ələ keçirilənə qədər əməliyyatımız davam etməlidir. Düşmən təslim olduqdan sonra danışıqlar masasında Azərbaycan qalib tərəf kimi öz şərtlərini diktə etməlidir. Artıq erməni dostluq qrupunun ortaya qoyduğu şərtlər bir kənara atılmalıdır. Bir daha qeyd edim ki, Minsk Qrupu əslində erməni dostluq qrupudur, biz ondan nə gözləyə bilərik? Azərbaycan cəmiyyətində artıq birmənalı fikir formalaşıb və ümid edirəm ki, Azərbaycan xalqının siyasi iradəsini ifadə edən ölkə rəhbərliyi bunu nəzərə alacaq.
- Hərbi-strateji qələbə dedikdə konkret nəyi nəzərdə tutursunuz?
- Hərbi-strateji qələbə düşmənin təslim olması və Azərbaycan torpaqlarının tamamilə işğaldan azad edilməsidir.
- Siz düşünürsünüz ki, düşmən tamamilə ərazilərimizdən çıxarıldıqdan sonra sülh bağlamağa hazır olacaq?
- Mən sülhün yaranması ifadəsini işlətmədim. Qeyd etdim ki, hərbi-strateji qələbə əldə etməliyik, düşmən tam təslim olmalı, torpaqlarımız işğaldan azad edilməlidir. Bundan sonra Azərbaycan danışıqlar masasına qalib tərəf kimi oturmalıdır. Bu danışıqlar prosesinin nə qədər çəkəcəyi, nə vaxt sülhlə tənzimlənməsi isə zamanın məsələsidir. Azərbaycan buna nail olduqdan sonra hara tələsir? Bizi 30 il müddətinə aşağılayıblar, dözmüşük. İndi də 30 il qarşı tərəf dözər.
- İran son dövrlər Azərbaycanı dəstəkləyən bəyanatlarla çıxış edir. Bu diplomatiyamızın uğuru olsa da, qonşu İranın bu məsələdə marağı nədir?
- İran bu addımları ilə qarşıdakı yeni danışıqlar formatında iştirak etmək istəyir. Yəni Astana formatına bənzər masanın yaradılmasını, Türkiyə, İran və Rusiyadan ibarət yeni üçlüyün qurulmasında maraqlı tərəf kimi çıxış edir. Buna görə də həm Azərbaycana, həm də Türkiyəyə isti mesajlar verir.
İkinci səbəb Azərbaycan Ordusunun uğurla irəliləməsidir. İran mövqeyinin dəyişmə dinamikasına baxın. Əməliyyatlar başlayandan indiyə qədər görün, nə qədər dəyişikliklər var.
Üçüncü səbəb isə İran daxilində türk amilinin aktiv ictimai-siyasi faktora çevrilməsinə başlamasıdır.
- Hərbi əməliyyatlar artıq 3 həftədən çoxdur ki, davam edir. Sizcə, bu hansı zamana qədər davam edəcək?
- Bu, işğalçı ordunun döyüş əzminin qırılmasından asılıdır. Ola bilsin ki, Azərbaycan elə bir strateji uğur qazansın, məsələn, Şuşanın və Laçın dəhlizi geri qaytarılsın. Bundan sonra düşmən mühasirəyə düşər və bir neçə saatın içərisində təslim olduğunu elan edər. Yaxud havadarlarının təzyiqi ilə proses tam sıradan çıxana, bütün silahlıları zərərləşdirilən ana qədər davam etdirər. Bunu zaman göstərəcək. Məncə, qürurlu ordumuz nə qədər Şuşa və Laçın məsələsini tez həll etsə, qələbə də bir o qədər tez olar. Mən şəxsən xəritədə əsas hədəfin Şuşa və Laçın olduğunu düşünürəm. Başqa sözlə, xəritə bizə Şuşa və Laçın dəhlizini göstərir. Buna operativ-taktiki baxımdan doğru strateji nəticə verəcək düzgün seçim kimi baxıram. Azərbaycan Ordusunun strateji ağlı da bunu diktə edir. Hər halda mən xəritədə belə görürəm.