“Baza prinsiplərində Dağlıq Qarabağ ilə Ermənistan arasında Laçın dəhlizi vasitəsilə maneəsiz gediş-gəliş də nəzərdə tutulurdu. Amma bütün hallarda Ermənistanın destruktiv və pozucu fəaliyyəti ümumiyyətlə, bu istiqamətdə hər hansı bir addımın atılmasına imkan vermədi”.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu bildirib.
Deputat baza prinsiplərində ifadə olunan tənzimlənmə yolunu xatırladaraq deyib ki, ilkin mərhələdə Dağlıq Qarabağ ətrafı 5 rayon işğaldan azad olunmalı idi: “Sonrakı mərhələdə Kəlbəcər və Laçının işğaldan azad olunması nəzərdə tutulurdu. Azərbaycan tərəfi bu prinsiplər üzrə münaqişənin tənzimlənməsinə öz razılığını bildirdiyi halda, Ermənistan bütün vasitələrlə bunu əngəllədi.
Baza prinsiplərində yer alan ən vacib məqamlar biri də ondan ibarət idi ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində doğma yurdlarından didərgin düşmüş insanlar öz yerlərinə qayıdır və onların təhlükəsizliyi təmin olunur. Ən əsası isə kommunikasiya təmin olunur. Nəzər almaq lazımdır ki, baza prinsiplərində Dağlıq Qarabağla Ermənistan arasında Laçın dəhlizi vasitəsilə maneəsiz gediş-gəliş də nəzərdə tutulurdu. Amma bütün hallarda Ermənistanın destruktiv və pozucu fəaliyyəti ümumiyyətlə, bu istiqamətdə hər hansı bir addımın atılmasına imkan vermədi”.
Elşad Mirbəşiroğlu onu da qeyd edib ki, baza prinsiplərində təkcə Ermənistanla Dağlıq Qarabağ arasında kommunikasiyanın saxlanılması nəzərdə tutulmur: “Bütövlükdə regionda bütün kommunikasiyaların bərpa olunması nəzərdə tutulurdu. Hesab edirəm ki, bu da gələcəkdə regionda bütün istiqamətlərdə daha konstruktiv addımlar atmaq imkanı yaradacaqdı ki, Ermənistan buna razı olmadı.
Azərbaycan Prezidenti vurğulamışdı ki, hətta Ermənistanın Azərbaycan üzərindən Rusiya ilə quru əlaqəsi də nəzərdən keçirilir. Ermənistan Rusiya ilə başqa istiqamətdə quru əlaqəsi var, amma bu, çox vaxt əlverişli olmur. Təbii ki, eyni zamanda Azərbaycan üçün vacib olan bütün kommunikasiya xətlərinin bərpa olunması nəzərdə tutulurdu. Bu baxımdan qeyd edim ki, baza prinsiplərində münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tənzimlənməsinə imkan verəcək imkanlar nəzərdə tutulmuşdu. Yəni Dağlıq Qarabağ ətrafı ümumi şəkildə 7 rayonun işğaldan azad olunması, daha sonra Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi məsələsi dayanırdı.
Azərbaycan baza prinsiplərinə uyğun olaraq bütün addımları öz ordusu vasitəsi ilə atmaqdadır. Əgər Ermənistan daha ağır məğlubiyyətə düçar olmaq istəmirsə, bundan sonra Azərbaycan torpaqlarından geri çəkilməli və bu istiqamətdə təxirəsalınmaz addımlar atmalıdır”.
Deputat sonda Zəngilanın işğaldan azad olunması münasibətilə Azərbaycan xalqını təbrik edib: “Artıq Zəngilan şəhəri və 6 kəndi erməni işğalından azad olunub. Prezident ümumilikdə 25 kəndin işğaldan azad olunması barədə məlumatı açıqladı. Hesab edirəm ki, bu, Azərbaycan Ordusunun növbəti addımları üçün unikal imkanlar yaradacaq. Yaxın günlərdə Zəngilanın işğaldan tam azad olunması Ermənistanın dövlət sərhədinə çıxış imkanı yaradır. Yəni ilk dəfə olaraq işğal altındakı torpaqlarımızı Ermənistanın sərhədinə kimi azad etmiş olacağıq”.