Azərbaycan Ordusunun sürətli əks-hücum əməliyyatı davam edir. Rəşadətli ordumuz Füzuli, Cəbrayıl və Zəngilan şəhərlərini düşməndən azad edib, hazırda bu rayonların kəndləri uğrunda amansız döyüşlər gedir.
Azərbaycanda yüz minlərlə insan bu rayonların sakini kimi 27 ildən çoxdur ki, məcburi köçkün həyatı yaşayır. Bu gün əslində onlar bizlərdən daha çox sevinirlər. Səbəb sadədir: yurd-yuvalarına dönəcək, ata-baba məzarlarını ziyarət edəcək, kəndlərinin bulağından su içəcək, yurdlarında təmiz və doğma hava alacaqlar. Şübhə yoxdur ki, yaxın illərdə bu qədim türk torpaqlarında yaşam başlayacaq, ocaqlar qalanacaq.
Teleqraf.com-un suallarını əslən Füzulidən olan, analitik, “Bizim Yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev cavablandırıb:
- Bahəddin bəy, Füzulinin işğaldan azad edilməsi xəbərini eşidəndə hansı hislər keçirdiniz?
- Tək Füzulinin deyil, işğaldan azad olunan bir kəndin, qəsəbənin, şəhərin xoş xəbəri məndə qarışıq, amma xoş duyğular yaradır. 30 ilə yaxındır gedə bilmədiyin yerlərə yol açılır. İnsan özünü yenidən doğulmuş, formatlanmış kimi hiss edir. Sanki həyat yenidən, başqa bir biçimdə başdan başlayırmış kimi... Füzulinin azad olunması isə təbii ki, məni ayrıca sevindirdi, həyəcana boğdu. Məşhur psixoanalitik Ziqmund Freydin bir kəşfi var: İnsan doğulub böyüdüyü yerdən uzaqda yaşayırsa, ən azı ildə bir dəfə o yerlərə getməli, oranın suyunu içib, havasını udmalı, o yerlərdə günəşin doğuşu ilə oyanmalı, torpağında gəzməlidir. Yoxsa fiziki-fizioloji və psixi travma alar. Bu, duyğusallıq, sadəcə, sentment deyil, elmlə sübut olunmuş bir gerçəkdir. Çünki bioloji və psixoloji olaraq o torpaqların məhsulusan. Ağacı da bir yerdən çıxarıb başqa yerdə əkəndə ya heç bitmir, ya da öz doğma zəminində olduğundan daha barsız, daha sısqa hala düşür. İnsan da təbiətin bir hissəsidir. Ona görə doğma torpaqların azad olunması bizə ikinci həyat şansı verdi. Bunun anlamı belədir. Bu səbəblə bizə ikinci nəfəs verdiyinə görə Ali Baş Komandan başda olmaqla Ordumuza - qəhrəman əsgər və zabitlərimizə təşəkkür edirəm.
- Füzuliyə ilk gedən şəxslərdən biri də siz olmusunuz, ordumuza sovqat aparmısınız və uzun illər düşmən tapdağında olan bu şəhərə ayaq basa bilmisiniz. Orada nələri gördünüz, 27 il əvvəlki Füzuli idi, yoxsa...?
- Sözün doğrusu, işğaldan azad olunmuş ərazilərə hələlik mülki şəxslər buraxılmır və bu da başa düşüləndir. Ancaq gedə bildikcə yaxına getdik. İşğal altında olan ərazilərin vəziyyətinə gəlincə, Prezident də öz müsahibələrində, müraciətlərində dəfələrlə bu məsələyə toxunub. Təəssüf ki, düşmən bizim izlərimizi o yerlərdən silməyə çalışıb, tarixi abidələrimizi, məscidlərimizi, hətta əcdadlarımızın uyuduğu qəbirləri belə dağıdıblar. Gor eşən təfəkkürlü bir düşmənlə üz-üzəyik. Prezident də bunu vurğulayırdı ki, bu illər ərzində aparılan danışıqlara baxmayaraq, Ermənistan həmin əraziləri bizə qaytarmaq fikrində olmayıb. Sadəcə, vaxt uzatmaq, baş aldatmaq istəyib, danışıqları imitasiya edib. Ancaq bizi aldada bilməyib. Əlbəttə, dünyada aldada bildiklərini, yaxud “könüllü” aldanmaq istəyənləri razı sala biliblər. Ən çox da öz-özünü aldadıb ki, guya yenilməz ordusu, keçilməz istehkamları var. Ancaq 30 il ərzində tikilmiş bu istehkamlar, qurulmuş qaçaq-quldur dəstələri Azərbaycan Ordusunun qarşısında heç 1 ay dayana bilmədi. Bizim izimizi silməyə bəlkə haradasa, necəsə nail ola biliblərsə də, Qarabağı yaddaşımızdan və ürəyimizdən silə bilməyiblər. Bu müddətdə ora qoşun toplayıblar, qondarma rejim qurublar və dünyaya tanıtmaq istəyiblər. Orada süni məskunlaşma aparmağa çalışıblar, yol çəkiblər, əkib-biçiblər. Bu ərazilərə Azərbaycan dövlətinin və xalqının qayıtmayacağına özlərini də inandırıblar. O yerlərin özlərinə məxsus olduğuna inanıblar. Ona görə bizə aid olan hər şeyi dağıdıblar ki, qaytarmaq heç ağıllarından da keçməyib. Çünki ağılları da olmayıb. İlham Əliyev də çox yaxşı dedi: “Nə vicdan var, nə əxlaq var, nə mənəviyyat var. Ağıl da yoxdur”. Bəli, doğrudur. Bizə vurduqları zərbələri bir yana qoyuram, ağılları olsa, öz ölkələrini bugünkü rəzil və səfil günə salmazdılar.
- Necə düşünürsünüz, bizim son məqsədimiz nədir: düşməni sülhə məcbur edib masaya oturtmaq, yoxsa Azərbaycanın tarixi torpaqlarını birdəfəlik geri qaytarmaq?
- Hadisələrin inkişafını diqqətlə izləyir, təhlil edirik. Bilirsiniz, biz içində olduğumuz proseslərə bəzən kənardan baxıb qiymət verə bilmirik. Ancaq indi ABŞ, Rusiya, İsrail, Böyük Britaniya, Hindistan və sair ölkələrin hərbi strateqlərinin, generallarının, analitiklərinin, ekspert dairələrinin Azərbaycan ərazisində ordumuzun apardığı əməliyyatlara dair reaksiyalarına baxsanız, görərsiniz ki, bizim əsgər və zabitlərimizin müasir hərb sənətinə gətirdiyi yeniliklərdən danışırlar, yazırlar. Bu araşdırma nəticələrinə, şərhlərə, ən başlıcası, ordumuzun döyüş meydanındakı qələbələrinə baxanda əmin olursan ki, Azərbaycan əsgəri bu qarşıdurmada istənilən yerdə, istənilən hədəfi məhv etməyə qadirdir.
Ancaq Ali Baş Komandan səviyyəsində də ilk gündən bəyan edildi ki, bizim məqsədimiz işğal edilmiş torpaqlarımızı azad etməkdir, başqa bir məqsədimiz yoxdur. Çox düzgün strategiya seçilib və elan edilib: əvvəla, müharibə Azərbaycan ərazisində gedir, hərbi əməliyyatları düşmən tərəfin ərazisində keçirmək fikrimiz yoxdur (buna imkanımız və əsaslı səbəblərimiz olsa da); ikincisi, biz hərbi hədəfləri vururuq, mülki əhali və mülki infrastrukturla işimiz yoxdur. Prezidentin dediyi kimi: Biz, onlar deyilik. Bilirsiniz, bizə çox ləyaqətsiz bir düşmən nəsib olub.
Bizimlə döyüş meydanında üzbəüz gələndə uduzur, papağını da atıb qaçır, amma sonra da gedib gecə şəhər və kəndlərimizi - dinc insanlarımızı raketlə vurur. Uşaqları yatağında qətlə yetirir. Düşmənin papağını qoyub qaçması da rəmzi məna daşıyır. Şeyx Şamil çox düzgün deyib: Ermənilər Qafqaza gəlmədirlər. Köklü qafqazlı olsaydılar, kişi kimi vuruşardılar. Qafqazda kişi anlayışı var; düşmənçiliyi də kişi kimi etmək anlayışı... Düşmən tərəfin bu anlayışlarla hərəkət etməməsi faktının özü onların bu coğrafiyaya gəlmə olduğunu göstərir. Bizim olan torpaqlarda bir dövlət qurublar. İkincisini qurmaq istəyirdilər. Bizim məqsədimiz onların bu avantürasını başlarında çatlatmaqdır.
- Münaqişəyə masa arxasında, yoxsa döyüş meydanında yekun vurulacaq?
- Əlbəttə, hər müharibə sülh müqaviləsi ilə bitir. Biz də ermənilərlə əbədi müharibə aparmaq niyyətində deyilik və əgər verdiyimiz şansdan istifadə edib, torpaqlarımızdan çəkilsələr, döyüşlər də bitəcək. Ancaq müharibə özlüyündə məqsəd olmadığı kimi sülh də məqsəd deyil. Əsas məqsəd Ermənistanı bizim şərtlərə məcbur etməkdir. Biz həll variantı təklif etmirik, münaqişəni döyüş meydanında həll edirik. Əgər qarşı tərəf bunun davamını masada istəyirsə, bizim yeganə şərtimizi və onun icra mexanizmlərini qəbul etməlidir.
Torpaqlarımızda özünə dövlət qurmuş ermənilər bizə minnətdar olmaq əvəzinə, yüz minlərlə qardaş-bacımızı öz yurd-yuvasından, tarixi Vətənindən didərgin salıblar. Sülh olacaqsa, bu məsələ də müzakirə mövzusu olmalıdır. Eləcə də Naxçıvanın blokadadan çıxarılması...