22 Oktyabr 2020 15:16
913
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan 27 sentyabrdan bu günədək döyüş meydanında öz torpaqlarını azad etməklə bərabər, bütün diplomatik təmaslara açıq olduğunu da nümayiş etdirib. Dövlətimiz beynəlxalq hüququn tələblərinin yerinə yetirilməsinin diplomatik müstəvidə də davam etdirilməsilə bağlı hər cür siyasi dialoqa hazır olduğunu diqqətə çatdırıb. Çünki söhbət Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasından gedir.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.

O qeyd edib ki, əslində hazırda müşahidə etdiyimiz diplomatik trafiki isə Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi strateji hərbi uğurlar təmin edib:

“Ona görə diplomatik müstəvidə də yeni şərtlər yeni operativ müzakirələri aktuallaşdııb. Bu isə rəsmi Bakıya bu vaxta qədər heç vaxt müşahidə olunmayan üstünlük yaradıb. Xarici işlər nazirlərinin hazırkı mərhələdə həmsədr ölkələrdəki həmkarları ilə görüşləri də məhz bu kontekstdə baş tutur. Ona görə də ATƏT-in Minsk qrupu həmsədrləri mövcud hərbi-siyasi reallığı obyektiv şəkildə qiymətləndirərək məsələyə tamamilə yeni kontekstə yanaşmalıdırlar. Həmsədrlər dərhal bəyanat verib bildirməlidirlər ki, işğalçı Ermənistan ordusu Azərbaycanın torpaqlarından ən qısa müddətdə qeyd-şərtsiz çıxmalı və bunu konkret vaxt və qrafik çərçivəsində etməlidir. Azərbaycanın gözləntiləri məhz bundan ibarətdir”.

Hikmət Babaoğlu deyib ki, dolayısıyla ATƏT-in Minsk qrupunun həmsədrləri özlərinin də 1993-cü ildə səs verdikləri BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yerinə yetirilməsi tələb etməlidirlər:

“Bu üç həmsədr həm də BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü arasındadır və 1993-cü ildə məlum qətnamələrə səs veriblər. Biz mövcud hüquqi, hərbi-siyasi reallığa söykənərək ABŞ-dan daha obyektiv, cəsarətli və beynəlxalq hüququn həyata keçirilməsini tələb edən mövqe gözləyirik. Mən ümid edirəm ki, hazırkı mərhələdə diplomatik danışıqların mövzusu da bu istiqamətdə olacaq. Nəhayət, biz həmsədr ölkələrin obyektiv mövqelərinin və bəyanatlarının şahidi olacağıq, ya da ən azından bunu təmənna edirik”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər