Bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan çox böyük psixoloji sarsıntı keçirir. Artıq onun ruhi durumu da sağlam deyil. Çünki ruhi durumu sağlam olan adam belə çağırışlar edə bilməz. Bu adam bir müddət öncə açıqlamalar verirdi ki, münaqişənin sülh yolundan başqa həlli mümkün deyil. Ötən gün isə deyir ki, Dağlıq Qarabağın diplomatik həll variantı yoxdur.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə mübarizə komitəsinin sədri, millət vəkili Ziyafət Əsgərov deyib.
Komitə sədrinin sözlərinə görə, hər iki ölkənin xarici işlər naziri Moskvada mühüm görüşdən qayıdar-qayıtmaz Paşinyan belə bir bəyanatla çıxış etdi:
"Bu yanaşma eyni zamanda Moskvanın özünə də böyük hörmətsizlikdir. Eyni zamanda həmsədr dövlətləri, bütövlükdə beynəlxalq hüququ heçə saymaq deməkdir. Parlamentdəki çıxışlarımda da bildirmişəm ki, işğalçı Ermənistan ordusuna layiq olduğu cavab verilməsə, onlar real durumu dərk etməyəcəklər”.
Millət vəkili bildirib ki, ordumuza müəyyən dövrlər çox vəsait xərclənirdi:
"Həmin ayrılan vəsaitlər məhz bu gün üçün lazım idi. Döyüş meydanında düşmənə qalib gəlmək üçün müasir silahların olması başlıca şərtdir. İndiki halda isə düşmən ordusunun potensialı Azərbaycanın güclü, rəşadətli Ordusu ilə müqayisədə bərbad durumdadır. Eyni zamanda erməni silahlı birləşmələrinin döyüş ruhu belə yox dərəcəsindədir”.
Deputat qeyd edib ki, azad edilən torpaqlarımızda ən zəruri infrastrukturlar bərpa ediləcək:
“Bunu Prezident xalqa müraciəti zamanı vurğulayıb. İşğaldan azad edilən torpaqlarımızda evlər tikiləcək, şəhərlər yenidən qurulacaq, həyat öz axarına düşəcək. İnşallah tezliklə bütün işğaldan azad edilən torpaqlarımızda həyat yenidən bərpa ediləcək, uşaq gülüşü oralara qayıdacaq”.