23 Oktyabr 2020 19:51
2 958
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənilər nə qədər Rusiyanı və digər ölkələri provakasiyalara çəkməyə çalışsalar da buna nail ola bilmədilər. Ötən gün Rusiya Prezidenti Vladimir Putin bildirdi ki, heç bir halda biz Qarabağda baş verən prosesdə iştirak etməyəcəyik. Hər hansı bir tərəfin etimadını pozacaq və yaxud zədələyəcək bir addım atmayacağıq. Bu, o deməkdir ki, 30 ildir Azərbaycan əraziləri işğaldadır və heç bir nəticə yoxdur. Azərbaycan əraziləri sonsuza qədər işğalda qala bilməz. Bu, Rusiya Prezidentinin çox müdrik, ağıllı və praqmatik qərarıdır.

Bu fikirləri Telerqaf.com-a açıqlamasında Azərbaycanın ATƏT PA-da Nümayəndə Heyətinin rəhbəri, ATƏT PA-nın vitse-prezidenti, millət vəkili Azay Quliyev bilidirib.

Vitse-prezident qeyd edib ki, bundan sonra ermənilər artıq gərək özləri qərar versinlər: “Ermənistan tərəfi isə hələ də daha ağıllı, praqmatik, soyuqanlı düşünmək, ağ bayraq qaldırmaq əvəzinə yenidən Azərbaycanın yaşayış məntəqələrini hədəf alır. Ona görə də, proseslərin gedişi onu göstərir ki, Nikol Paşinyan artıq anlaqsız vəziyyətdədir.

Tonoyan isə ümumiyyətlə reallıq hissini itirib. Çünki onların indiki halda atdığı addımlar sırf hərbi cinayət hesab olunur. Onlar mütləq şəkildə beynəlxalq hüquqa əsasən cəzalanacaqlar”.

Millət vəkili vurğulayıb ki, ermənilər nəhayət reallığı dərk edərək hazırki vəziyyətlə tanış olmalıdırlar: “Ermənilər heç olmasa Rusiya, Ukrayna, rusdilli digər kanalları izləsinlər. Onlar artıq dərk etməlidirlər ki, Azərbaycan işğal edilmiş ərazilərinin böyük bir hissəsini azad edib.

Yaxın zamanlarda Azərbaycan bayrağı işğaldan azad edilmiş bütün ərazilərimizdə dalğalanacaq. Beynəlxaq hüquq tərəfindən tanınan Azərbaycan ərazilərində suverenliyimiz bərpa olunacaq”.


Müəllif: Tapdıq Qurbanlı