23 Oktyabr 2020 18:39
3 353
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT Təhlükəsizlik Şurası 1993-cü ildə Ermənistan tərəfindən işğal edilən Azərbaycan torpaqlarının azad olunması ilə bağlı 4 qətnamə qəbul edib. BMT Nizamnaməsinin 5-ci fəsil 25-ci maddəsinə görə qətnamələrin icrası üzv dövlətlər tərəfindən məcburi xarakter daşıyır. Çox təəssüf ki, Ermənistan bu illər ərzində üzvü olduğu BMT-nin qətnamələrinə etinasız və saymaz yanaşıb. Paralel olaraq BMT öz qətnamələrə hörmətsizlik nümayiş etdirib.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu bildirib.

Millət vəkili xatırladıb ki, Liviyaya, konkret olaraq Qəddafiyə qarşı BMT TŞ-nın qətnaməsi bir neçə saata icra edilməyə başladı: “Bu da təşkilatın ikili standartlar siyasətinə dəlalət edir. İşğalçı Ermənistanın davranışları nəinki regional, qlobal təhlükəsizliyə böyük təhdid yaradır. BMT-nin də əsas missiyası təhlükəsizliyi və sülhü təmin etməkdir. Amma buna görə, təcavüzkar Ermənistana qarşı hər hansı bir addım atmadı”.

Deputat qeyd edib ki, Azərbaycan sentyabrın 27-dən erməni təxribatına cavab olaraq əks həmlə əməliyyatına başlayıb: “Cəmi iki gün sonra BMT TŞ-da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirəyə çıxarıldı. BMT yenə də deklorativ mövqe nümayiş etdirdi. Oktyabrın 19-da isə BMT TŞ-nin qəbul etdiyi bəyanatda özünün 1993-cü ildə qəbul etdiyi qətnamələrə istinad edilmədi. Bu da təşkilatın məsələyə qeyri-obyektiv və laqeyd yanaşmasının göstəricisidir”.

Elşad Mirbəşiroğlu bildirib ki, Qoşulmama Hərəkatına üzv olan dövlətlər qətnamələrə istinad olunmadığına görə bu bəyanata etiraz edib: “Bu, Qoşulmama Hərəkatında Azərbaycana və cənab Prezidentin nüfuzundan irəli gəlir. Ədalətsiz bəyanatın qəbul olunmaması Azərbaycan Prezidenti İlham Əliyevin növbəti diplomatik qələbəsidir. Eləcə də Qoşulmama Hərəkatının məsələyə olduqca obyektiv yanaşmasının bariz nümunəsidir.

BMT bütün hallarda qəbul etdiyi qətnamələrə mütləq istinad etməlidir. Çünki BMT qətnamələrinin vaxtında icrası həyata keçirilsəydi, vəziyyət bu dərəcədə gərginləşməzdi. Ona görə də, vəziyyətin bu dərəcəyə gəlib çatmasında BMT-nin kifayət qədər məsuliyyət yükü var”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər