“Qafqazda öz ərazilərini müdafiə edən azərbaycanlı qardaşlarımızın yanında olduğumuz üçün suçlandıq. İndi eşidirəm ki, bəzi amerikalılar çıxıb İlham qardaşıma zəng edib deyir ki, biz sizin yanınızda kimin olduğunu bilirik, Ərdoğan var, Türkiyə var. Və? Biz Türkiyəyə də, yeri gələrsə, sanksiya tətbiq edəcəyik. Sən kiminlə rəqs etdiyinin fərqində deyilsən! Sanksiyan nədirsə, gec qalma, et!”
Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bugünkü çıxışında söyləyib.
Ərdoğanın çıxışından belə məlim olur ki, ABŞ-da müəyyən dairələr Azərbaycanı öz haqq davasından - torpaqlarını işğaldan azad etmək istiqamətindəki mübarizəsindən çəkindirməyə nail olmaq üçün Bakını və Ankaranı sanksiya ilə qorxutmaq istəyiblər. Bu hədələrin hanslsa təsiri ola bilərmi?
Bununla bağlı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyevin fikirlərini öyrəndik.
Partiya sədri bildirdi ki, nə Türkiyəni, nə də Azərbaycanı sanksiyalarla qorxutmaq mümkün deyil: "Türkiyə, hörmətli Prezident Ərdoğanın timsalında artıq öz münasibətini bildirdi. İlham Əliyev də dünyanın nüfuzlu nəşrlərinə və televiziyalarına verdiyi müsahibələrdə, xalqımıza müraciətlərində dəfələrlə bu məsələyə münasibət bildirib və qeyd edib ki, biz torpaqlarımızı azad edirik və heç kim bizi dayandıra bilməz. Biz əks hücuma keçməmişdən öncə də bilirdik ki, torpaqlarımızı azad etmək istiqamətində konkret addımlar atsaq, münaqişəni dondurub işğal altındakı torpaqlarımızı məskunlaşdırmaq üçün Ermənistana şərait yaradanlar bizə hər cür təzyiq edib, işğalçıya yardım edəcəklər.
Qərbdəki islamafobların və erməni lobbisinin əlaltısına çevrilmişlərin bu tipli bəyanatlarını yəqin ki, regionun böyük dövlətləri İran və Rusiya da nəzərə alacaq. Çünki görürlər ki, Ermənistan hansı dairələrin əlində oyuncaqdır və regionda hansı rola sahibdirlər. Qərb islamafobları hər zaman çalışıblar ki, Qarabağı Rusiyanın əli ilə alıb Ermənistana birləşdirsinlər. Beləliklə də bir daşla iki quş vursunlar. Həm arzularına çatsınlar, həm də bizi əbədi olaraq Rusiya ilə düşmən etsinlər. İndi görəndə ki, Rusiya onların oyunlarına getmir, maskalarını çıxarıb əsl simalarını nümayiş etdirirlər".
Qüdrət Həsənquliyev hesab edir ki, Qarabağ üçün hər cür çətinliyə hazır olmalıyıq: "Məşhur misalda deyildiyi kimi, "könlü balıq istəyənin quyruğu suda gərək". Biz torpaqlarımız və milli qürurumuz üçün vuruşuruq və hər cür çətinliyə hazır olmalıyıq. Ermənilərin bir qismi artıq başa düşüb ki, Qarabağ onlara vətən yox, məzar olacaq. Yerdə qalanları da Ordumuz döyüş əzmi ilə inandırmalıdır. İnanmayıb bizimlə vuruşanlara isə Qarabağ məzar olacaqdır. Bəzilərinin ağlı 90-cı illərə gedib. 1992-ci ildə bizə sanksiya tətbiq etdilər və istədiklərinə nail oldular.
Amma bizim məğlubiyyətin əsl səbəbi, Prezidentin dediyi kimi, o zaman daxilimizdə sabitliyin olmaması idi. Bizim təbii müttəfiqimiz olan Türkiyə də nə bu gücdə deyildi, nə də onun liderləri müstəqil siyasət yürüdə bilirdi. İndi dövrümüzün ən güclü tarixi şəxsiyyətlərindən biri Ərdoğan güclü Türkiyəyə rəhbərlik edir və yanımızdadır. Qardaş Pakistan Respublikasının ciddi siyasi və diplomatik dəstəyini hiss edirik. Regionun böyük dövlətləri İran və Rusiyanın mövqeyində ciddi dəyişiklik baş verib və onlar Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının vacibliyini vurğulamaqla neytrallıq mövqeyindən çıxış edirlər.
Başqalarını da bölgəyə burnunu soxmamağa çağırırlar. Əgər Qərb bizə hansısa sanksiya tətbiq edəcəksə, inanıram ki, biz artıq sanksiyalar altında olan İran və Rusiyadan daha birmənalı mövqe görəcəyik. "Şərti Sorosu" özündən çıxaran da qeyd etdiyim faktorlardır. Onlar fikirləşirlərsə ki, sanksiya hədələri ilə bizi dayandırıb daha 30 il mənasız danışıqlara cəlb edəcəklər, yanılırlar. Xalqımız şəhidlər verib, bu günü gözləyib. Erməniləri əllərində alətə çevirib bölgəyə daimi və ədalətli sülhün gəlişinə imkan verməyənlər yalnız döyüş meydanına hərbi qüvvə yeritməklə bizi dayandırmağa cəhd edə bilərlər. O halda baxıb görərik, bu erməni xalqına xoşbəxtlik gətirəcək, ya faciə. Biz haqlıyıq və işğalçıları torpaqlarımızdan qovacağıq".