“Ermənistan baza prinsiplərini qəbul etmir və separatçı rejimə “müstəqilliyin” verilməsində israrlıdır”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspert ATƏT-in Minsk qrupu həmsədrlərinin nəticəsiz danışıqları bərpa etmək cəhdlərinə diqqət çəkib:
“Vaşinqtonun vasitəçiliyi ilə əldə olunan humanitar atəşkəs rejimi Ermənistan tərəfindən ilk dəqiqlərdən pozulur. Ermənistan tərəfi humanitar atəskəsdən istifadə edərək toparlanmaq və Azərbaycanın bölmələrinə qarşı hücuma keçmək niyyətindədir. Ermənistan ilk növbədə özü sərhədlərində atəşkəsə əməl etməlidir. Azərbaycan tərəfi buna əməl edir.
Hesab edirəm ki, Donald Trampın atəşkəs çağırışı imitasiyadır və erməni seçicilərinin dəstəyinə hesablanıb. Eyni zamanda, ATƏT-in Minsk qrupunun həmsədrləri iki gündən sonra baza prinsipləri üzrə danışıqlara başlamaq üçün Cenevrədə bir araya gələcəklər. Ermənistan baza prinsiplərini qəbul etmir və separatçı rejimə “müstəqilliyin” verilməsində israrlıdır. Belə olan təqdirdə, bu danışıqlar da səmərəsiz və Azərbaycanı atəskəsə məcbur etmək üçün hazırlanmış bir gedişdir.
Ümumiyyətlə, əməliyyatların həlledici vaxtında Azərbaycanın bu əməliyyatları dayandırması mümkün görünmür. Dövlət başçısı İlham Əliyev də son çıxışında bütün ərazilərin işğaldan azad edilənədək davam edəcəyinə diqqət çəkdi. Eyni zamanda, proseslərin sürətləndirilməsinin vacibliyinə toxundu.
Başqa sözlə, Ermənistanın havadarları nəticəsiz danışıqların bərpa edilməsinə səy göstərirlər. Amma Azərbaycan başçısı bu təzyiqlər qarşısında qətiyyətli və inamlıdır, öz sözünü deyib. Buna görə də ərazilərin işğaldan azad edilməsi əməliyyatlarının sonadək davam edəcəyini düşünürəm. Türkiyə faktoru da ortadadır və bu, prosesə kənar müdaxilələri neytrallaşdıracaq”.