26 Oktyabr 2020 11:24
5 104
12 Punto 14 Punto 16 Punto 18 Punto

26 oktyabr, saat 08:00-dan qüvvəyə minən üçüncü “humanitar atəşkəs” elə üçüncü dəfə də Ermənistan tərəfindən pozuldu.

İlk “humanitar atəşkəs” oktyabrın 10-da Rusiyanın təşəbbüsü ilə baş tutdu, lakin atəşkəsdən bir neçə saat sonra Ermənistan Azərbaycanın yaşayış məntəqələrini atəşə tutdu.

İkinci cəhd Fransanın təşəbbüsü ilə baş tutdu və cəmi 2 dəqiqə çəkdi, Ermənistan yenə yaşayış məntəqələrinə hücuma keçdi.

Və nəhayət, ABŞ dövriyyəyə girdi, “humanitar atəşkəs”in əldə edilməsinə nail oldu. Bu gün səhər 08:00-dan etibarən silahlar susmalı idi. Cəmi bir neçə dəqiqə sonra işğalçı Ermənistan ordumuzun mövqelərinə artilleriya atəşi ilə hücum etdi.

Azərbaycan Ordusu işğal olunmuş ərazilərin azad edilməsi istiqamətində irəlilədiyi, beynəlxalq hüququ və ədaləti bərpa etdiyi vaxt belə atəşkəslərin olması işğalçıya sərf edir. Ermənistanın baş naziri Nikol Paşinyan silahların susması üçün Moskvanın, Parisin, ən sonda da Vaşinqtonun qapısını döydü. Hərbi əməliyyatların uğurla getdiyi vaxt Azərbaycanın atəşkəsə razılaşması isə torpaqların sülh yolu ilə qaytarılması prinsipinə sadiq olduğunu göstərir.

Atəşkəs üçün qapılar döyən Ermənistanın hər dəfə atəşkəsi “beşiyində boğması”, bir neçə dəqiqə keçmədən hücuma keçməsinin səbəbi nədir?

Paşinyanın dünya liderlərinə yalvarışları Ermənistanın atəşkəsdə maraqlı olması məntiqini önə çıxarır, hərçənd, hər dəfə bunun əksi baş verir.

Bəli, Ermənistan atəşkəsdə maraqlıdır, lakin bu maraq, silahların susması yox, Azərbaycan Ordusunun azad etdiyi əraziləri yenidən işğal etmək məqsədi daşıyır.

Bütün dünyaya yalan danışması ilə məşhurlaşan erməni baş nazir Nikol Paşinyan iki üzdən ibarət siyasət aparır: bir üzünə yazıqlıq verərək, qapıları döyür, atəşkəs üçün yalvarır, o biri üzünə “hərbi forma geyinərək” hücum əmri verir.

Bəs, Moskva, Paris və Vaşinqton ayrı-ayrılıqda irəli sürdükləri “humanitar atəşkəs”in Ermənistan tərəfindən pozulduğuna niyə reaksiya vermir?

Ordumuz işğal edilmiş torpaqları bir-bir azad edərkən, xaricdən Azərbaycana çoxsaylı təzyiqlər edildiyi sirr deyil. Məqsəd ordumuzun zərbələrindən acınacaqlı vəziyyətə düşən Ermənistanı xilas etməkdir.

Hərbi cəbhədə darmadağın edilən işğalçı ölkə diplomatik cəbhədə müəyyən dairələrin köməyi ilə Bakıya təzyiqin edilməsinə və hərbi əməliyyatların dayandırılmasına çalışır.

Bu günlərdə BMT Təhlükəsizlik Şurasının 25 il sonra keçirdiyi Qarabağ müzakirəsində bunun növbəti dəfə şahidi olduq. Təhlükəsizlik Şurasının daimi üzvləri, həm də ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri hazırladıqları bəyanat layihəsinə 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələrə istinadı daxil etməmişdilər. Üstəlik onlar bir sıra ölkələrin həmin qətnamələrə istinadın mətnə salınması ilə bağlı təkidli mövqeyini də qəbul etmədilər.

Bu bir daha göstərdi ki, vasitəçilər işğalçını müdafiə edir. Atəşkəs çağırışlarının da məqsədi budur. ABŞ Dövlət Departamenti və ATƏT-in Minsk Qrupu həmsədrlərinin 25 oktyabr tarixli bəyanatında da bu məqsəd aydın sezilir.

Bəyanatın ilkin layihəsi indiki mətndən tamamilə fərqlənirdi. Azərbaycan qəti mövqe sərgiləyərək, açıqlamanın birtərəfli olmasının, yəni onun ancaq humanitar atəşkəs ilə məhdudlaşdırılmasının qarşısını almağa nail oldu. Bəyanatda söhbət atəşkəsdən, yəni hərbi əməliyyatların dayandırılmasından yox, “humanitar atəşkəs”dən gedir. Lakin bəyanatda yer alan atəşkəsin monitorinqi üzrə parametrlər məsələsi münaqişənin müffəsəl həlli prosesi ilə paralel getməlidir. Bu o deməkdir ki, Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması ilə bağlı konkret vaxt cədvəli müəyyən edilməlidir. Bəyanatda öz əksini tapmış “vaxt cədvəli” (timeline) ifadəsi məhz bunu nəzərdə tutur.

Atəşkəsin monitorinqi üzrə parametrlər Ermənistandan işğal olunmuş ərazilərə silah, canlı qüvvə daşınmasına nəzarət olunmasını da ehtiva etməlidir. Bunun üçün həmsədrlərin bəyanatında yer almış məqamların geniş surətdə müzakirə olunmasına və razılaşdırılmasına ehtiyac var.

Həmsədr dövlətlər işğalçının aqressiv mövqeyinin qarşısını almalıdır. Çünki işğalçı ölkənin rəhbərliyi faktiki olaraq, ikiüzlü siyasət aparır.

Paşinyan baza prinsiplərini rədd edir, “münaqişənin diplomatik həlli yoxdur” deyir, ardınca danışıqların başlanması üçün ABŞ-a yalvarır, kompromislərdən danışır. “Humanitar atəşkəs” əldə olunur və bir neçə dəqiqə keçməmiş yenidən hücuma keçir.

Erməni baş nazir beynəlxalq ictimaiyyətə də, həmsədr dövlətlərə də yalan danışır.

- Birinci atəşkəsdə Rusiyanı aldatdı;
- İkinci atəşkəsdə Fransanı aldatdı;
- Üçüncü atəşkəsdə ABŞ-a kələk gəldi;


Bu bir daha sübut edir ki, belə mövqe sərgiləyən işğalçı ilə heç bir sülhdən danışmaq, hətta humanitar xarakter daşıyan atəşkəsə belə nail olmaq mümkün deyil.

Ermənistan “humanitar atəşkəs”dən möhkəmlənmək, yeni qüvvə və silah toplayaraq, azad edilmiş əraziləri yenidən işğal etmək məqsədilə istifadə edir, Moskvaya, Parisə və Vaşinqtona atəşkəs yalvarışlarının kökündə də məhz bu dayanır.

İşğalçının üçüncü atəşkəsi bir neçə dəqiqə keçməmiş pozması da bunu növbəti dəfə göstərdi: Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları ərazisindən Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarının əraziləri düşmən tərəfindən atəşə tutulub, eyni zamanda Tərtər, Ağdam, Füzuli, Laçın və Qubadlı istiqamətlərində yerləşən bölmələrimizin mövqeləri də düşmən tərəfindən atəşə məruz qalır.

Azərbaycanın Ermənistanın bu hücumlarına adekvat cavab verməkdən başqa yolu yoxdur...


Müəllif: Asif Nərimanlı

Oxşar xəbərlər