26 Oktyabr 2020 23:42
1 540
12 Punto 14 Punto 16 Punto 18 Punto

Siyasətdə olduğu kimi azad jurnalistikaya münasibətdə də ikili standartlar açıq şəkildə özünü göstərir.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq İlqar Vəlizadə bildirib.

Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı həqiqətləri əks etdirdiyənə görə Fransanın “TF1” telekanalının Fransada yaşayan ermənilərin ciddi təzyiq və təhdidinə məruz qalmasına münasibət bildirən İlqar Vəlizadə deyib ki, faktla bağlı dünyada jurnalistlərin azadlığının qorunması sahəsində ixtisaslaşan təşkilatlara müraciət olunmalıdır:

“Çünki bu fakt söz və mətbuat azadlığını kobud şəkildə pozur. Fransız jurnalistləri peşə fəaliyyətlərinə görə təhdid edirlər. Bu da cinayət tərkibi yaradan bir məsələdir. Fransanın müvafiq orqanları bu məsələ ilə məşğul olmalıdır. Eyni zamanda beynəlxalq təsisatlar da bu fakta diqqət yetirməlidir. Baxın, digər yerlərdə belə faktlar olsaydı, jurnalistlərin azadlığı sahəsində ixtisaslaşan təşkilatlar o saat bəyanat yayacaq, həmin ölkəyə, onun rəhbərliyinə müəyyən təzyiqlər göstərəcəkdi. Amma Fransa ilə bağlı biz heç bir addım atıldığını görmürük. Bu onu göstərir ki, ikili standartlar beynəlxalq təşkilatların fəaliyyətində də əksini tapır”.

İlqar Vəlizadə məsələnin Avropa Parlamentində müzakirəsini vacib saydığını vurğulayıb:

“Bu məsələ söz və media azadlığı kontekstində qaldırılmalıdır. Yəni XXI əsrdə Avropa məkanında jurnalistlərə edilən bu cür təzyiqlər qəbuledilməzdir. Yeri gəlmişkən, Fransanın özü Türkiyədə guya söz azadlığının pozulması, türkiyəli jurnalistlərin guya təzyiq altında olması məsələsini dəfələrlə qaldırıb. Bu cür bəyanatlarla, iddialarla ara-sıra Fransa siyasətçiləri Avropa Parlamentində çıxış edirlər. Bəs “TF1” kanalı ilə bağlı necə söz və mətbuat azadlığı pozulmur? Özü də “TF1” Fransanın aparıcı telekanallarından biridir. Yəni bu, açıq şəkildə göstərir ki, jurnalistlərin fəaliyyətinə kobud şəkildə müdaxilə faktına dövlət səviyyəsinə qiymət verilmir. Bu hal demokratik ölkə olan Fransanın imicinə, söz və mətbuat azadlığına böyük zərbədir”.

İlqar Vəlizadə qeyd edib ki, Fransa hökuməti “Charlie Hebdo” jurnalını müdafiə etdiyi kimi “TF1” telekanalını da müdafiə etməli, azğınlaşmış erməni fəalları və icmasına öz yerini göstərməlidir:

“Mənim üçün sual yaranır ki, niyə 5-10, yaxud 20 il bundan əvvəl bunu etmirdilər? Məgər o vaxtlar Fransada söz azadlığı yox idi? Xeyr. Sadəcə həmin vaxt müəyyən normalar, şərtlər var idi. O şərtlərə hamı riayət etməli idi. O cümlədən Fransada da o şərtlərə riayət olunurdu. Belə ki, insanların dini hisslərinə toxunmağa görə müəyyən məsuliyyət, o cümlədən cinayət məsuliyyəti var idi və qanunvericilikdə olan tələblər tətbiq olunurdu. İndi isə nədənsə bu məsələyə lazimi hüquqi qiymət verilmir”.

İlqar Vəlizadə qeyd edib ki, “Charlie Hebdo” jurnalında yerləşdirilən karikaturalar bütövlükdə İslam dininin daşıyıcılarına, o cümlədən Fransada yaşayan milyonlarla müsəlmana təhqirdir:

“Necə olur ki, İslam dinini təhqir etdiyinə görə bütün dünyada milyonlarla müsəlmanın haqlı tələbinə məhəl qoyulmur və bu mövqe söz azadlığı ilə əsaslandırılır, lakin 5-10 min erməninin hikkəsi əsasında ölkənin aparıcı telekanalından birində söz azadlığı boğulur?! Mən onların hərəkətsizliyini anlamaqda çətinlik çəkirəm. Bu məsələrlər hüquqi müstəvidə həll olunmalıdır. Fransanın “TF1” telekanalının da ölkənin hüquq-mühafizə sisteminə müraciət etməsinə ehtiyac var. Burada cinayət işi qaldırılmalıdır. Kim ki təhqir edir onlar cinayət məsuliyyətinə cəlb olunmalıdır. Təəssüflər olsun ki, bu baş vermir”.

Qeyd edək ki, Fransanın “TF1” televiziya kanalında cəbhə bölgəsindəki vəziyyət, Azərbaycan Ordusunun şücaəti, Ermənistan silahlı qüvvələrinin mülki insanları və infrastrukturu hədəfə alması, Gəncə şəhərini bombardman etməsi barədə yayımlanan reportajından sonra erməni icması sosial şəbəkələrdə hərəkətə keçib. Ermənilər reportajın müəllifi, kanalın jurnalisti Liseron Budulu kütləvi şəkildə təhqir etməyə və ona təhdidlər yağdırmağa başlayıblar.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər