27 Oktyabr 2020 18:28
4 719
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün düşmən təxribatına cavab olaraq Azərbaycan Ordusunun başladığı əks-həmlə əməliyyatından bir ay keçir. Bu müddət ərzində şanlı ordumuz tərəfindən 4 rayon, 100-dən artıq kənd, bir sıra qəsəbələr, mühüm strateji məntəqələrimiz düşməndən azad edilib. İşğalda qalan digər yaşayış məntəqələrimizin də azad edilməsi üçün Ordumuz tərəfindən mühüm addımlar atılır. Bu qısa zaman kəsiyində Ordumuzun Ali Baş Komandanın rəhbərliyi ilə qazandığı çox böyük bir uğurdur.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.

O qeyd edib ki, qısa vaxtda düşmənin yaratdığı bütün istehkamlar dağıdıldı: “Güclü Azərbaycan Ordusu düşmənin bütün mümkün həmlələrini və müdafiə qurğularını dağıdaraq torpaqlarımızın azadlığını təmin etdi. Cəbhədəki uğurlu əməliyyatlarla yanaşı diplomatiya sahəsində də çox mühüm addımlar atıldı. Xalqımız birlik və vəhdət nümayiş etdirdi. Ali Baş Komandanın rəhbərliyi ilə xalq birliyi sayəsində tarixi ədalət bərpa edilir”.

Qubadlı-Cəbrayıl bölgəsini parlamentdə təmsil edən deputat 27 ildən sonra azad olunan ərazilərimizdə yenidən həyatın öz axarına düşəcəyini bildirib: “Bu günlərdə azad edilən rayonlarımızdan biri də öz tarixi və strateji əhəmiyyətinə görə seçilən Qubadlı rayonudur. Qubadlıda işğala qədər 39 minə yaxın əhali yaşayıb. Rayonun ümumilikdə 93 kəndi var. Qubadlı öz təbii sərvətləri, tarixi abidələri, qədim məscidləri, pirləri olan bir yerdir".

Onun sözlərinə görə, Qubadlı kənd təsərrüfatı, taxılçılıq, üzümçülüyün geniş inkişaf etdiyi bir rayondur: "Müdafiə Nazirliyi tərəfindən təqdim edilən görüntülərdən də aydın oldu ki, Qubadlıda ermənilər tərəfindən qanunsuz məskunlaşdırma həyata keçirilib. Qubadlı birbaşa Ermənistanla həmsərhəd olduğuna görə burada daha çox məskunlaşmaya üstünlük verilib. Bu rayon Ermənistanla 120 km sərhədə malikdir. Eyni zamanda Qubadlı Cəbrayıl və Hadrut qəsəbəsi ilə sərhəddir. Cəbrayıla, Zəngilana, Füzuliyə gedən yol buradan keçir. Ona görə də Qubadlının azad edilməsi ilə ermənilərin Dağlıq Qarabağa olan geniş giriş-çıxış imkanları məhdudlaşdı".

Deputat qeyd edib ki, Ermənistan Zəngilan, Qubadlı və Cəbrayıldan keçməklə yol çəkmək istəyirdi: "Qubadlının, Zəngilanın, Cəbrayılın işğaldan azad edilməsi ilə ermənilərin mənfur niyyəti yarımçıq qaldı. Qarabağla ermənilərin birbaşa əlaqəsi kəsildi, Ermənistandan birbaşa Qarabağa keçid bağlanmış oldu".


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər