27 Oktyabr 18:40
1 207

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Gülşən Paşayevanın Avropanın tanınmış media portallarından olan “Euractiv” saytında “Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz məskunlaşma: səbəb və nəticə” mövzusunda məqaləsi nəşr edilib.

Məqalədə Ermənistanın Azərbaycanın işğal etdiyi Dağlıq Qarabağ bölgəsində yaradılmış qondarma separatçı rejim və erməni lobbisi tərəfindən həmin ərazilərdə həyata keçirilən qanunsuz məskunlaşdırma siyasəti, onun səbəb və nəticələri təhlil edilir.

Qeyd edilir ki, tarix boyu işğalçı dövlətlər tərəfindən həyata keçirilən bu siyasət işğal edilmiş ərazilərdə demoqrafik vəziyyətin dəyişdirilməsinə və işğal faktının möhkəmləndirilməsinə yönəlib.

Müasir dünyada qanunsuz məskunlaşdırma siyasətindən hələ də istifadə edildiyini nəzərə çatdıran müəllif onun beynəlxalq humanitar hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması ilə müşayiət edildiyini vurğulayıb və əlavə edib ki, qanunsuz məskunlaşdırma IV Cenevrə Konvensiyasının 49-cu maddəsinə və Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun 82-ci maddəsinə əsasən hərbi cinayət hesab edilir.

Məqalədə ötən illər ərzində on minlərlə erməni əsilli köçkünün mütəşəkkil şəkildə Azərbaycanın işğal edilmiş ərazilərində yerləşdirildiyi vurğulanıb və qeyd edilib ki, Azərbaycan tərəfinin təşəbbüsü ilə ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında 2005-ci və 2010-cu illərdə Azərbaycanın işğal edilmiş ərazilərinə təşkil edilmiş iki missiyanın hesabatları orada qanunsuz məskunlaşdırma faktlarını təsdiq edir.

“Suriyada gedən müharibə zamanı erməni əsilli suriyalı vətəndaşların Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz məskunlaşdırması davam etdirilib. Bu siyasətin son mərhələsi 4 avqust 2020-ci ildə Beyrutda baş vermiş dəhşətli partlayışla əlaqələndirilir. Bu hadisədən az sonra qondarma Dağlıq Qarabağın separatçı rejimi erməni əsilli Livan vətəndaşlarının təxminən 100-150 ailəsini qəbul etməyə hazır olduğunu elan edərək, bu istiqamətdə fəaliyyətə başlayıb. Əfsuslar olsun ki, Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən bu məsələ ilə bağlı etiraz bildirilməsinə və bu siyasətin Azərbaycanın Dağlıq Qarabağ və onun ətrafındakı bölgələrdən zorla qovulmuş azərbaycanlı məcburi köçkünlərin öz doğma yurdlarına geri qayıtmasının qarşısının alınması məqsədi daşımasının vurğulanmasına baxmayaraq, ATƏT-in Minsk Qrupu bu məsələ ilə bağlı öz münasibətini hələ də bildirməyib”, – deyə müəllif qeyd edir.

Məqalədə eləcə də qanunsuz məskunlaşdırma siyasətinin münaqişə zonasının təhlükəsizlik mühitinə və ümumilikdə götürdükdə sülh prosesinə mənfi təsir göstərdiyi diqqətə çatdırılıb.


Müəllif: Səxavət