Düşmən ölkə xəyanət, fərarilik və xaos içindədir. Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Ordusu qarşısındakı ardıcıl məğlubiyyətini cəmiyyətə heç cür izah edə bilmir. İllərdir erməni əhalisində güclü ordu barədə yaradılmış mif dağılıb. Azərbaycanın Silahlı Qüvvələri qarşısında aciz qalan düşmən ordusunda xaos yaranıb.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Hüseynov bildirib.
Deputat qeyd edib ki, son 20 gündə Ermənistan ordusunda 4 yüksək vəzifəli şəxs işdən qovulub.
Millət vəkilinin sözlərinə görə, Azərbaycanın güclü zərbələri qarşısında düşmən ölkədə xaos yaranıb: “Silahlı Qüvvələrimizın gücünü görən nəinki erməni silahlıları, arxa cəbhədə olan erməni cəmiyyətində belə böyük çaxnaşma yaşanır. Artıq düşmən ölkədə hərbi vəzifəlilər ardıcıl olaraq xəyanətdə ittiham edilərək işdən atılır. Eyni zamanda Azərbaycanla döyüşə girməklə ölümün real olduğunu dərk edən erməni cəmiyyəti cəbhədən yayınır. Ermənistanda insanlar evlərindən silah gücünə hərbi komissarlıqlara, oradan isə birbaşa döyüşə aparılır. Hakimiyyətə qarşı kütləvi itaətsizlik, fəralilik pik həddə çatıb.
Nikol Paşinyan Ermənistanın ədliyyə nazirinin müavini Vahe Danilyanı oktyabın 28-də vəzifəsindən azad edərək maaşını saxlamaqla cəhbəyə göndərdiyini açıqlayıb. Bu da fərarilik hallarının qarşısını almağa kömək etməyib. Görünür, bu adla Danilyanın vəzifəsindən uzaqlaşdırılması həm də fərarilələrə qarşı ədliyyə orqanlarının tədbirlər görə bilməməsi ilə bağlıdır. Bu yolla Paşinyan hakimiyyət nümayəndələrini cəzalandırmağa çalışır”.
YAP təmsilçisinin sözlərinə görə, Ermənistan cəmiyyəti acı məğlubiyyətdən əlavə, ölkədə hökm sürən hərc-mərclik, sosial-iqtisadi durumdan da ciddi narazıdır: “Hazırda Ermənistanda ərzaq da daxil olmaqla əksər məhsulların qiymətində artım müşahidə olunur. Onsuz da ciddi sıxıntılar içində olan sıravi insanların vəziyyəti daha da ağırlaşır. Hakimiyyət içindəki qüvvələr, klanlar arasında qarşıdurmalar kəskinləşib. Bir sözlə, işğalçı ölkədə tam xaos hökm sürür”.