Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində həm hərbi, həm də diplomatiya müstəvisində üstünlük Azərbaycanın tərəfindədir. Artıq Ermənistanın başqa çıxış yolu qalmayıb. İşğalçı dövlət getdikcə özünü daha ağır duruma salmaqdadır. Paşinyan hakimiyyətinin cəbhədə məğlubiyyətlə yanaşı törətdiyi hərbi cinayətlər, günahsız mülki şəxslərə qarşı terror törətməsi onu beynəlxalq müstəvidə də ciddi qınaq obyektinə çevirib. Xüsusilə, Bərdə şəhərində törədilən son terror xarici mətbuat tərəfindən beynəlxalq aləmdə geniş işıqlandırıldı. Tcavüzkar dövlət terror siyasəti ilə özünü beynəlxalq müstəvidə də təcrid edəcək.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.
Rəsmi Yerevanın hərbi cinayətlər törətməkdə davam etdiyini bildirən millət vəkilinin sözlərinə görə, döyüş bölgəsindən uzaq olan şəhərlərə, dinc əhaliyə kasetli raketlərlə və döyüş sursatları ilə hücumlar hərbi cinayətdir: “Ermənilərin bu cinayətləri nəticəsində 90-dan çox dinc vətəndaş həlak olub, 400-dən artıq insan isə yaralanıb. Bütün bunlar erməni faşizminin göstəriciləridir”.
Sevinc Fətəliyeva söyləyib ki, azərbaycanlılar əvvəl yaşadıqları bütün işğal olunmuş ərazilərə qayıtmalıdır: “Azərbaycan öz tolerantlıq ənənələrinə sadiqdir. Dağlıq Qarabağın erməni və azərbaycanlı əhalisi birgə yaşaya bilər.
Dövlət başçısının müvafiq fərmanını xatırladan deputat qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə xüsusi müvəqqəti komendaturalar yaradılacaq: “Qarabağı bərpa üçün Azərbaycanı dayandıra biləcək maddi maneə yoxdur”.
Münaqişənin həlli üçün beynəlxalq səylərə gəlincə, Sevinc Fətəliyeva deyib ki, 27 il ərzində BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə icra olunmayıb. “Bu gün həmin qətnamələri Azərbaycan özü icra edir. BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü, üç nüvə dövləti olduğu halda onların Ermənistana təzyiq göstərməsi suallar doğurur. Azərbaycan bütün diplomatik təşəbbüsləri dəyərləndirir. Cenevrə görüşündə iştirak da bunu sübut edir. Əgər kimsə ikinci erməni dövləti yaratmaq istəyirsə, bunu öz ölkəsində həyata keçirsin. Dövlətimizin başçısının bu mövqeyi Ermənistanın havadarlarına tutarlı cavabdır”.