Mənim əlavə kəşfiyyat məlumatım yoxdur. Hamı kimi təqdim edilən video materialları izləmişəm. Görünən odur ki, həmin konvoyda mühafizə olunan mühüm şəxs olub. Amma o şəxsin kim olmasını bizim müvafiq orqanlar daha dəqiq bilər.
Bu fikirləri Teleqraf.com-a təhlükəsizlik məsələləri üzrə mütəxəssis Sülhəddin Əkbər separatçı rejimin “lideri” Arayik Harutyunyanın öldürülməsi haqda danışarkən deyib.
Onun fikrincə, separatçıların “liderinin” iki-üç gündür ortada olmaması müəyyən nəticələrə gəlməyə əsas verə bilər: “Amma bu, bizim xüsusi xidmət orqanlarımızın işidir. Onlar müvafiq araşdırma aparırlar. Yəqin ki, buna uyğun olaraq cəmiyyətə dəqiq məlumat verilər. Amma bir daha qeyd edim ki, konvoyla bağlı görüntülərə baxdıqda bunun ciddi mühafizə edilən mühüm şəxsə aid olduğu sezilir”.
Sülhəddin Əkbər qeyd edib ki, baş separatçının fiziki məhv edilməsi əslində Azərbaycan tərəfinin apardığı fəaliyyətə müsbət təsir edir: “Çünki qarşı tərəfdən çox “öndərlər”in neytralaşdırsdırılması bizi qələbəyə bir o qədər yaxınlaşdırır. Sözsüz ki, bu, həm də qarşı tərəfdə ciddi şəkildə döyüş əhval-ruhiyyəsinin sınmasına gətirib çıxaracaq. Yəni separatçılara ciddi mənfi təsir göstərəcək”.