Cənab Prezidentin 17 illik rəhbərlik dövründə Azərbaycan regionda və dünyada nümunəvi ölkəyə çevrilib. Ulu Öndər Heydər Əliyevin siyasi kursuna, Onun tövsiyyələrinə uyğun həyata keçirilən uğurlu siyasətin nəticəsi məhz bu reallığı səciyyələndirib. Cənab Prezidentin çoxşaxəli fəaliyyəti nəticəsində Azərbaycan dünyada nüfuzlu dövlətlər sırasına yüksəlib.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev bildirib.
Komitə sədri qeyd edib ki, Azərbaycan artıq bir çox beynəlxalq təşkilatlara üzv olmaqla yanaşı, həmin qurumlara rəhbərlik edir.
Deputatın sözlərinə görə, BMT Təhlükəsizlik Şurasına, Qoşulmama Hərəkatına, İslam Əməkdaşlıq Təşkilatına Azərbaycanın rəhbərliyi dövlətimizin nüfuzunu daha artırıb: “Azərbvaycan aparıcı təşkilatlar və dövlətlər üçün etibarlı tərəfdaşdır. Bu illər ərzində ölkəmizin bir nömrəli problemi olan Dağlıq Qarabağın beynəlxalq müstəvidə həlli üçün də ciddi hüquqi əsaslar yaradıldı. BMT qətnamələrindən sonra, “Madrid” prinsipləri, Qazan razılaşması, ATƏT-in, Avropa Şurasının. Qoşulmama Hərəkatı və digər aparıcı təşkilatlar Azərbaycanın haqli mövqeyi dəstəklədi. UNİCEF və BMT ilə Azərbaycanın əlaqələri daha geniş vüsət aldı. Paralel olaraq bir sıra beynəlxalq əhəmiyyətli idman və mədəni tədbirlərə ev sahibliyi ölkəmizin tanınmasına imkan yaratdı”.
Musa Quliyev vurğulayıb ki, Azərbaycanda müasir, modern dövlət quruculuğunda mühüm uğurlar əldə edildi: “İqtisadiyyatımız sürətlə inkişaf etdi. Pandemiya olmasına baxmayaraq Azərbaycanda ümumi daxili məhsulun artım sürəti normal səviyyədədir”.
Deputat Ordu quruculuğu sahəsində əldə edilən uğurlardan bəhs etdi. Bildirdi ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu Ordu quruculuğu bu gün öz bəhrəsini verir: “Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu müasir, güclü bir Oduya çevrilib. Bu gün Azərbaycan Ordusu dünyanın 50 ən güclü orduları sırasına yüksəlib. Vətən savaşından sonra Azərbaycan Ordusunun reytinqi daha da yüksələcək".
Millət vəkilinin zənnincə, görkəmli dövlət xadimi, güclü liderin ən vacib keyfiyyətlərindən biri zamanında düzgün qərar verə bilməsidir: “Azərbaycanın qüdrətli dövlət olması ölkə Prezidentinin idarəçilik məharəti və böyük diplomatik bacarığı ilə səciyyələnib”.