3 Noyabr 2020 12:59
10 896
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya maraqlı tərəf kimi Qarabağ konflikti ilə bağlı səylərini nümayiş etdirir. Rusiya ilə yanaşı Türkiyəni də qeyd etmək lazımdır. Bu konfliktlə bağlı ən ciddi səy göstərən Türkiyə və Rusiyadır. 2016-cı ildə Rusiya Xarici İşlər naziri Sergey Lavrov Bakıya gəlmişdi, onun arxasında Baş nazir Medvedev gəldi. Daha sonra İrəvana getmişdilər. Hətta yüksək çinli hərbçilərini göndərmişdilər ki, cəbhədə vəziyyət nəzarətə düşsün. İndi ruslar birbaşa gəlmirlər, əvəzində türk qardaşlarımız gəlir. Xarici işlər, müdafiə nazirləri, keçmiş baş nazir, parlament sədri Bakıya səfərlər edib. Rusiya sözsüz, öz səylərini göstərir, Moskvada görüş keçirilmişdi.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı Rasim Musabəyov Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla telefon müzakirələrini şərh edərkən deyib.

Onun sözlərinə görə, Putinin özü bildirib ki, Azərbaycan və Ermənistan rəhbərləri ilə mütəmadi telefon əlaqəsi saxlayır:

“Düşünürəm ki, buna da normal yanaşmaq lazımdır. Rusiya müəyyən səylər göstərir ki, vəziyyəti diplomatik müstəviyə keçirsin. Ancaq bunun üçün ermənilərin ağıllanması azımdır.

Bizim Ermənistanla bağlı iddialarımız yoxdur. Zəhmət çəkib öz tör-töküntülərini bizim ərazilərimizdən yığışdırsınlar. Düşünürəm ki, cənab prezident bunu birmənalı şəkildə Rusiya lideri Vladimir Putinə çatdırıb”.

Rusiya Prezidenti Vladimir Putinin bir müddət əvvəl mətbuata açıqlamasında Ermənistana əvvəl beş, daha sonra iki rayonu Azərbaycana qaytarmağı təklif etdiyini, lakin erməni tərəfinin bunu qəbul etmədiyini xatırladan Rasim Musabəyov qeyd edib ki, artıq bu məsələ gündəmdə deyil: “Bu rayonların beşi onsuzda bizdədir, yəni hərbi güc amili vasitəsilə həll etmişik. İndi Ermənistan bütün qoşunlarını Azərbaycanın işğal olunan ərazilərindən çıxarmalıdırlar”.


Müəllif: Cavad

Oxşar xəbərlər