“Dağlıq Qarabağ münaqişəsinin həlli Cənubi Qafqaz və Xəzər hövzəsində yeni geosiyasi situasiya formalaşdırır”.
Teleqraf.com xəbər verir ki, bunu türkiyəli siyasi ekspert Eray Güçlüer deyib.
“Xəzərin qərbində - Azərbaycanda baş verənlər Türkiyəni yaxından maraqlandırır. Gürcüstan və Azərbaycan Türkiyənin dəstəyi ilə təhlükəsiz şəraitdə yaşamağa davam edəcək. Yəni Xəzərin qərbində Türkiyənin iştirakı ilə yeni geosiyasi düzənin formalaşdığını deyə bilərəm. Amma Xəzərin cənub və şərqi haqda bunları söyləyə bilmərəm”, - Güçlüer qeyd edib.
Ekspert Azərbaycanın 30 ilə yaxındır Dağlıq Qarabağı işğaldan azad etmək üçün mübarizə apardığını söyləyib:
“Ermənistan atəşkəsi dəfələrlə pozub, Azərbaycanı təxribata çəkməyə çalışdı. Eyni zamanda, Rusiya, Avropa və ABŞ-ı hazırda gedən qarşıdurmalara cəlb etməyə cəhdlər göstərdi, amma bu təxribatı da baş tutmadı. Türkiyənin proseslərdəki rolu böyük güclərin bölgəni öz istədikləri kimi dizayn etməsinin qarşısını aldı.
Bütün oyunçular burada söz sahibi olmaq istəyirlər. Bu baxımdan, Türkiyə üzərinə tarixi bir rol götürüb. Burada türk xalqları yaşayır, yəni Cənubi Qafqaz bizə Yaxın Şərqdən daha yaxındır. Bunu görəcəksiniz”.
Eray Güçlüer ABŞ-dakı seçkilərdən sonra Vaşinqtonun İran, Qırğızıstan və Qazaxıstanı təsir dairəsinə salmaq üçün hərəkətə keçəcəyini, bu ölkələrə təzyiqlərini artıracağını bildirib: “Əslində ABŞ-ın hədəfi bu ölkələr yox, o bölgədə öz nüfuz dairəsini genişləndirən Çindir”.