Azərbaycan Ordusunun əsas vəzifəsi ərazi bütövlüyünü bərpa etmək idi. Artıq xalqımız bu şanlı qələbəyə hər gün bir addım yaxınlaşır. Dövlətimiz vətəndaşlarını qorumaq və ədaləti bərpa etmək üçün mühüm addımlar atır. Azərbaycan itirilmiş ərazi bütövlüyünü bərpa edir. Silahlı Qüvvələrimiz ərazimizdə döyüş əməliyyatlarını icra edir.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Hüseynov bildirib.
Onun sözlərinə görə, Azərbaycan Ordusu heç bir dövlətin ərazisinə müdaxilə etmir: “Düşmən tərəfin guya Azərbaycan Ordusunun tərkibində başqa silahlı birləşmələrin olması ilə bağlı səsləndirdiyi fikirlərin isə heç bir məntiqi əsası yoxdur. Bu, yalan və daxili auditoriyaya hesablanmış uydurma xəbərdir.
Erməni cəmiyyəti əsl reallığı bilməsin deyə Paşinyan hakimiyyəti bu cür yalan xəbərlərlə onları aldadır. Əslində Ermənistan tərəfindən kifayət qədər muzdlu və terroçunun döyüşməsi ilə bağlı faktlar mövcuddur. Yaxın Şərqdən bəzi terrorçular qondarma “Dağlıq Qarabağ ordusu”na qoşulublar”.
Aydın Hüseynov bildirib ki, Azərbaycanın döyüş meydanında uğurlarını Ermənistan üçün qəbul etmək çox ağrılıdır: “Döyüş meydanında kimin kim olduğu bilindi. Ermənistanın guya "məğlubedilməz ordusu” haqqında əfsanələri puç oldu”.
Millət vəkili əlavə edib ki, Paşinyanın Rusiya prezident Vladimir Putinə məktubu onların hərbi məğlubiyyəti və Azərbaycanın qələbəsini qəbul etməsi deməkdir.