Azərbaycan sentyabrın 27-dən bu günə qədər böyük uğur əldə edib. Bu qələbə həm diplomatik, həm də hərbi sahədə mövqelərimizi daha da gücləndirib. Prosesin davamında, Azərbaycanın qələbədən sonra dünyada nüfuzu xeyli artacaq.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa bildirib.
Onun fikrincə, bu uğurlar Azərbaycan üçün böyük imkanlar deməkdir.
Deputat qeyd edib ki, cəbhədə əldə olunan uğurlar müstəvisində qazanılan qələbələr çox böyük üstünlükdür: “Bu uğurlarımız və üstünlüyümüz isə bütün sahələri əhatə edəcək. Bunun əsas dividentlərini ölkəmiz yaxın gələcəkdə görəcək”.
Deputatın sözlərinə görə, müharibə gedirsə, proqnozlaşdırılan hər şey baş vermir: “Amma bu az müddətdə böyük uğurlar qazanılıb”.
Fazil Mustafanın fikrincə, Paşinyan indiki məğlubiyyət müstəvisində kaputilyasiyaya getmək istəmir: “Çünki onun bütün ideyaları darmadağın olub. Birdən-birə əzik bir duruma düşüblər. Amma bundan sonra daha çox əzilməlidirlər ki, reallıqla üz-üzə qalsınlar. Qarabağı itirməklə bağlı da Paşinyana əsas gətirmək üçün heç bir yer qalmayacaq. Hakimiyyətdə əsas məsuliyyəti o daşıyır. Ona görə də, məsuliyyətdən qaça bilməyəcək. Amma bütün hallarda döyüş əməlliyatları yaxın zamanlarda Ermənistanın məğlubiyyəti qəbul etməsi ilə dayana bilər”.
Partiya sədri hesab edir ki, ABŞ-dakı seçkilərdən ermənilər gözlədikləri nəticəni ala bilməyəcək: “ABŞ sistem dövlətidir. Orada hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq prosesə təsiri olmayacaq. Azərbaycan beynəlxalq hüququn prinsiplərini icra edir. Ona görə də, istənilən dəyişikliyin Azərbaycana təsiri mümkün deyil”.