Hərbi əməliyyatların başlanmasından bir aydan bir qədər çox zaman keçib. İşğal altında olan ərazilərimizin əhəmiyyətli bir hissəsi azad olunub. İranla dövlət sərhədlərimizin 130 km-dən çox hissəsi bərpa olunub, 4 rayon mərkəzi, 200-dən çox kənd və qəsəbələrimiz artıq işğaldan qurtarılıb və Azərbaycan Ordusunun nəzarəti altındadır. Hadisələr sürətlə cərəyan edir. İnformasiya və diplomatiya cəbhələrində də bu sürət get-gedə artmaqdadır. Döyüş bölgələrində Azərbaycan Ordusunun uğurları artdıqca Ermənistan siyasiləri və dünya boyunca onların bəd əməllərini gözüqapalı dəstəkləməyə hazır olan “lobbi qoşunları” ənənəvi qara təbliğat maşınının sürətini artırmağa səy göstərirlər. Onlar öz arsenalında olan rəsmi və qeyri-rəsmi əlaqələrini işə salıb gecə-gündüz həmişəki adətləri üzrə ölkəmizin ünvanına şər və böhtanlar uydurmaqla saxta informasiyalar yayırlar. Eyni zamanda Azərbaycan Ordusunu dayandırmaq üçün bütün dövlətlərə yalvarmağı və növbəti dəfə özlərini dünya ictimaiyyətinə “genosid” qurbanı kimi sırımağı da unutmurlar.
Cəmi 2 gün öncə ermənilərin böyük dostu, Böyük Britaniya Lordlar Palatasının üzvü Baronessa Koksun təşəbbüsü ilə Lordlar Palatasında Dağlıq Qarabağ ərazisində vəziyyətlə bağlı dinləmələr keçirilmişdi. Bu həmin xanım Koksdur ki, münaqişənin başlanğıcından etibarən ermənilərin Britaniyadakı ruporu rolunda çıxış edir, dəfələrlə Ermənistana və Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfərlər edib. Erməni həyasızlığı ilə Koks riyakarlığı o qədər qaynayıb-qarışıblar ki, hətta xanım Koks ermənilərin adından çıxış etməyi də özünə rəva bilirdi. 90-cı illərdə Dağlıq Qarabağ inzibati ərazisinə bitişik 7 rayonun işğalından danışarkən o demişdi: “…Biz bu rayonları Azərbaycanı Dağlıq Qarabağın müstəqilliyini tanımağa vadar etmək üçün sövdələşmə predmeti olaraq işğal etmişik. Azərbaycan Dağlıq Qarabağın müstəqilliyini tanıyarsa, 7 rayonun taleyini müzakirə edə bilərik.” Aristokrat şəcərəyə malik bir xanımın erməni təbliğat maşınının bir düyməsinə çevrilməsi doğrudan da heyrətamiz bir mənzərədir və burada erməni təbliğat maşınının funksional qabiliyyətinə “Əhsən” deməyə bilmərik.
Bu gün də baronessa özünün “erməni protektoru” funksiyasını yerinə yetirməkdə israrlıdır. Amma Lordlar Palatasının 797 üzvündən cəmi 13 nəfərin bu müzakirələrə qatılması təşəbbüsün Böyük Britaniya parlamentində dəstəklənmədiyini göstərdi. Buna baxmayaraq Baronessa Koks və onun həmfikirləri Azərbaycanla Türkiyə haqqında mümkün olan və olmayan bütün böhtanları bu 13 nəfərin qarşısında səsləndirməkdən çəkinmədilər. Üstəlik bu müzakirələrdə Britaniya hökümətini təmsil edən XİN müavini Baronessa Saqdan Azərbaycana və Türkiyəyə qarşı sanksiyaların tətbiq olunması, bu dövlətlərlə hərbi-texniki əməkdaşlığın dayandırılması və hətta qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması imkanlarını sorğuladılar. Böyük Britaniya XİN müavinin cavabları isə erməni aşiqlərinin siyasi ehtiraslarının hərarətini dərhal aşağı salan “soyuq duş” effekti yaratdı. Belə ki, xanım Saq Türkiyənin Böyük Britaniyanın ən yaxın tərəfdaşlarından biri və eləcə də NATO-nun vacib üzvlərindən biri olduğunu diqqətə çatdırdı. Azərbaycan ərazilərinin 30 ilə yaxın işğal altında olduğunu xatırladaraq BMT-nin məlum 4 Qətnaməsinin də icra olunması zərurətinə diqqəti çəkərək bütün nizamlama proseslərinin ATƏT-in Minsk Qrupu tərəfindən hazırlanmış Baza Prinsiplərində nəzərdə tutulduğunu bildirdi. XİN müavini Baronessa Saq qeyd etdi ki, Britaniya höküməti bu münaqişənin ATƏT-in Mİnsk Qrupu tərəfindən hazırlanmış Baza Prinsipləri çərçivəsində həllini dəstəkləyir və Dağlıq Qarabağın gələcək mümkün statusu da həmin prinsiplərdə nəzərdə tutulub. Baronessa Koks və onun təbliğatına uyaraq ermənilərin yazıq və əzabkeş obrazını müdafiə etməyə çalışanlar bu müzakirələrdən, daha doğrusu bu informasiya müharibəsindən əliboş çıxdılar. Baronessa Koks bu dəfə öz erməni dostlarının çirkin arzusunu reallığa çevirə bilmədi, amma bir neçə gün sonra atdığı növbəti addım onun bu vəziyyətlə barışmadığını da göstərdi.
Bu gün Baronessa erməni maraqları uğrunda yenidən mübarizəyə atıldı, amma tək atılmadı. Mənzil-qərargahı İsveçrənin Surix şəhərində yerləşən Beynəlxalq Xristian Həmrəyliyi Təşkilatının Prezidenti Con İbnerlə birlikdə dünya ictimaiyyətinə ünvanlanmış bir Bəyanat səsləndirdi. NATO və KTMT üzvlərinə, ayrıca İsrail dövlətinə və eləcə də BMT üzvü olan bütün dövlətlərə ünvanlanmış bu Bəyanatın əsas leytmotivi guya Qarabağ xristianlarının soyqırımına uğramaq təhlükəsini önləmək və buna nail olmaq üçünsə “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyinin tanınmasına çağırışdan ibarətdir. Bəyanatda qeyd edilir ki, ən müasir hərbi texnologiyalarla silahlanmış Azərbaycan Ordusu Dağlıq Qarabağ ərazisini etnik təmizləməyə məruz qoyur, orada yaşayan xristianların evlərini, mülklərini, habelə xristian kilsələrini, xəstəxanaları, uşaq bağçalarını və məktəbləri ağır bombalarla atəşə tutur. Xanım Koks və cənab İbner iddia edirlər ki, guya Azərbaycan Ordusu qadağan olunmuş silahlardan, xüsusilə kasetli və fosforlu mərmilərdən birbaşa dinc əhalini atəşə tutur, hərbi əsirlərə qarşı müharibə cinayətləri törədir. Bəyanatın mətnindən açıq-aşkar görünür ki, onu Paşinyan dəftərxanasının erməniləri özləri tərtib ediblər. Belə ki, erməni kütləvi informasiya vasitələrində və Ermənistan siyasi-hərbi rəhbərliyinin sosial media hesablarında yer alan bütün uydurmalar səliqəli şəkildə bu bəyanatın mətnində öz əksini tapıb. Bütün bunlar onu göstərir ki, erməni təbliğatı o qədər güclüdür ki, hətta Lordlar Palatasında yer alan Baronessa Koks və bütün dünya xristianlarının həmrəyliyi kimi mənəvi-humanitar bir vəzifəni daşıdığını iddia edən Con İbner bütün əxlaqi səddləri aşaraq ölkəmizin ünvanına ağ yalan danışmaqdan, şər və böhtan uydurmaqdan çəkinmirlər. Bu Qərb demokratiyası və multikulturalizminin, Xristian tolerantlığının və Avropa dəyərlərinin deqradasiyası deməkdir. Baronessa Koks və Con İbner kimi ünsürlərin hərəkətverici qüvvəsi və motivasiya mənbəyi isə erməni lobbisinin səxavəti, erməni terrorçuluğu və erməni ekstremizmidir.
Əlbəttə Baronessa Koksun bütün dünya dövlətlərinə və beynəlxalq təşkilatlara ünvanlandığı bu Bəyanatı heç bir dəstək qazanmayacaq. Çünki Azərbaycan dövləti müharibəni yalnız döyüş bölgəsində deyil, diplomatiya və informasiya cəbhələrində də böyük üstünlüklə aparır. Amma təəccüblü olan bu qədər itkilərdən sonra hələ də Ermənistan hökümətinin sadə bir həqiqəti anlaya bilməməsidir. Bu həqiqət isə ondan ibarətdir ki, döyüş əməliyyatlarını nə Baronessa Koks, nə Con İbner, nə də hər hansı bir beynəlxalq təşkilat dayandıra bilər. Milli Ordumuzun uğurlu əməliyyatlarını yalnız və yalnız Ermənistan özü dayandıra bilər. Sadəcə, təslim olmaq və öz işğalçı ordusunun tör-töküntülərini Azərbaycan ərazisindən çıxarmaqla. Əgər Ermənistanı doğrudan da Dağlıq Qarabağ ərazisində yaşayan dinc erməni əhalisinin taleyi narahat etsəydi, Ermənistan rəhbərliyi məhz bunu edərdi. Əgər bu olunmursa, deməli Paşinyan hökümətinin maraqları Dağlıq Qarabağ ərazisində yaşayan erməni əhalisinin təhlükəsizliyi ilə bağlı deyil. Hal-hazırda bütün dünya boyunca erməni təbliğat maşını növbəti dəfə bütün dünyanı heyrətə gətirəcək genosid nağılı düzüb-qoşmaq üçün işləyir. Gəncə, Bərdə, Tərtər, Ağdam, Ağcabədi rayonlarında dinci əhalini gecə saatlarında raket atəşinə tutmaq da məhz Azərbaycan əsgərini eyni xarakterli cavab atəşinə təhrik etmək, buna nail olduqda isə qarşıdakı yüz il ərzində dünya birliyini yeni bir genosid naləsinə qərq etmək məqsədi güdür. Bu qədər primitiv düşüncə sahibləri ilə hansı sülh danışıqlarının mümkün olması böyük sualdır və bu sualın cavabını nə Baronessa Koks, nə Con İbner, nə də başqaları bilir. Bu sualın ən düzgün cavabını yalnız Azərbaycan Prezidenti İlham Əliyev bilir. Sualın cavabı isə budur: “İşğalçıları iti qovan kimi qovmaqdan başqa sülh yolu yoxdur!” Bunu Ali Baş komandanın əmri kimi qəbul edən şanlı Azərbaycan Ordusu da məhz bunu edir. Yenilməz Azərbaycan Ordusu tezliklə bu müqəddəs missiyanı şərəflə yerinə yetirəcək. Bununla da Azərbaycan torpaqlarını işğaldan azad edəcək, BMT, ATƏT, Minsk Qrupu kimi yarıtmaz beynəlxalq təşkilatları düşdükləri dalandan çıxaracaq, dünya birliyini isə “erməni məsələsi” üzərində baş sındırmaqdan xilas edəcək. Eşq olsun Alı Baş Komandanımıza, yaşasın Azərbaycan xalqı və onun yenilməz müdafiəçisi olan Azərbaycan Ordusu!
Cavanşir Feyziyev, Millət vəkili, fəlsəfə doktoru