BMT Baş Assambleyasının COVID-19 pandemiyasına qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyası Qoşulmama Hərəkatının (QH) sədri cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşır. Bu təşəbbüs həm QH ölkələri, həm də digər BMT üzv dövlətləri tərəfindən dəstəklənib. 130-dan çox ölkə öz rəsmi dəstəyini ifadə edib. BMT tarixində 31 Xüsusi Sessiya keçirilib. Bu sessiyalardan yalnız üçü dövlətlər tərəfindən çağırılıb.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
Deputat bildirib ki, Azərbaycanın təklifi ilə Xüsusi Sessiya ilk dəfə olaraq dövlət və hökumət başçıları səviyyəsində, videokonfrans formatında olacaq:
"Cənab Prezident İlham Əliyev təşəbbüsü ilə BMT tarixində bir ilkə imza atıb. 2020-ci ilin iyulun 10-da Xüsusi Sessiya rəsmi olaraq öz işinə başlayıb. Çoxsaylı müzakirələr zamanı Xüsusi Sessiyanın sədrliyi, keçirilmə qaydaları haqda qərar verilib. Baş Assambleyanın Xüsusi sessiyası ilə bağlı qətnamə qəbul edib. 150 ölkə bu qətnamənin lehinə səs verərək cənab Prezident İlham Əliyevin təşəbbüsünü növbəti dəfə dəstəkləyib. Qətnaməyə əsasən, dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının bu ilin 3-4 dekabr tarixlərində keçirilməsi qərara alınıb. Ermənistan isə hətta qlobal təhdid ilə mübarizədə belə öz çirkin niyyətindən əl çəkməyib. Bütün dünya birliyi COVİD-19 pandemiyasına qarşı vahid mövqe nümayiş etdirdiyi halda Ermənistan əvvəldən bu təşəbbüsə qarşı çıxıb. Bu qətnamə ilə bağlı müzakirələrdə də Ermənistan ona qarşı çıxıb və lehinə səs verməyib. Ermənistan sonuna kimi bu təşəbbüsə qarşı maneələr yaratmağa çalışıb. Amma beynəlxalq ictimaiyyətin qəti mövqeyi ilə üzləşib. Onun bu cəhdləri rədd edilib”.
Ceyhun Məmmədovun sözlərinə görə, bu mühüm tədbirin açılışında BMT-nin Baş katibi, İqtisadi və Sosial Şuranın prezidenti və Təhlükəsizlik Şurasının prezidenti, Qoşulmama Hərəkatının sədri cənab Prezident İlham Əliyevin çıxışı nəzərdə tutulub:
“Ermənistan açılış mərasimində Qoşulmama Hərəkatının sədrinin çıxışının olmaması üçün cəhdlər edib. Lakin öz məqsədinə nail ola bilməyib”.
Millət vəkili qeyd edib ki, COVİD-19 pandemiyası kimi təhdidə qlobal bir cavab lazımdır:
“BMT bütün dünya dövlətlərinin təmsil olunduğu ən böyük beynəlxalq platforma kimi bu cavabın təşkilində mərkəzi rol oynamalıdır. Bu mənada bəşəriyyətin BMT-dən böyük gözləntiləri var. Təəssüf ki, pandemiyanın ilk günləri göstərdi ki, BMT effektiv şəkildə bu təhdidə qarşı mübarizəni təşkil edə bilmədi. Xüsusilə BMT Təhlükəsizlik Şurası öz effektivliyini nümayiş etdirmədi. Bu vacib məsələ ilə bağlı vahid mövqe formalaşdıra bilmədi. Məhz Prezident İlham Əliyevin vaxtında irəli sürülmüş təşəbbüsü həm Qoşulmama Hərəkatının üzvlərini, həm də bütün BMT-ni sanki səfərbər edib. Bundan sonra aktiv şəkildə pandemiyaya qarşı müzakirələrə başlanıldı. İnamla demək olar ki, pandemiyaya mübarizədə qlobal liderlik rolunu məhz Prezident İlham Əliyev öz üzərinə götürdü və bu vacib missiyada BMT-nin fəaliyyətinə təkan verdi”.