Xalq, dövlət olaraq sentyabrın 27-dən qələbə tarixi yaşayırıq. Bu, Azərbaycan dövlətçilik tarixində qürurlu, şərəfli bir səhifə olacaq. Azərbaycanın ərazi bütövlüyü bərpa olunub. Bununla yanaşı, mənfur düşmənin bütün planları alt-üst oldu. Qarabağa heç bir status verilmir. Paralel olaraq Naxçıvanla Azərbaycanın quru əlaqəsi açılır. Beləliklə də Naxçıvan blokadadan çıxır.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.
Onun sözlərinə görə, iki gün öncə Şuşanın azad edilməsi ilə xalqımız böyük sevinc yaşadı:
“Bu gün isə mənfur düşmən Güclü Azərbaycan Ordusu qarşısında tab gətirə bilməyərək məğlub olduğunu elan etdi. Bu, xalqımızın böyük qələbəsidir. Ali Baş Komandanın rəhbərliyi ilə xalqımız öz milli ruhuna, tarixi torpaqlarına sahib çıxdı. Xocalıda erməni vəhşiliyi ilə onlar xalqımızda bir xof yaratmağa çalışdılar. Amma buna baxmayaraq, xalqımız öz milli qürur hissini saxladı. I Qarabağ şavaşında isə müharibənin müqəddəratı məhz Şuşanın işğalı ilə həll oldu”.
Deputatın fikrincə, Azərbaycan Şuşanı azad etməklə Vətən savaşına qələbə möhürünü vurdu:
"Azərbaycan tarixi Şuşa ilə bütövdür. Qarabağ xanlığı Şuşa ilə bağlıdır. Bu şəhər xanların, bəylərin yaşadığı bir yerdir. Azərbaycanın mədəniyyət beşiyi Şuşa şəhəridir. Ona görə də, xalqımız bu günü böyük ruh yüksəkliyi ilə qeyd edir. Ali Baş Komandan xalqımıza Şuşanın azad olunması xəbərini Şəhidlər Xiyabanında elan etdi. Şəhidlərimizin ruhuna Ali Baş Komandan əsgər salamı verdi. Bu, müqqəddəs tarixi bir an idi”.