Münaqişədə vacib mərhələyə çatmışıq. Qarşı tərəfin tarix boyu yanaşması bu idi ki, erməni hakimiyyəti və əsgəri olan yerdə azərbaycanlı olmamalıdır. Bunun nəticəsində həm Ermənistanda, həm də işğala məruz qalan ərazilərimizdə etnik təmizləmə aparılıb. Siyasi bəyanatları kənara qoysaq, onların siyasi məntiqinin bundan ibarət olduğunu görərik. İndi hərbi əməliyyatların bərpasından sonra Azərbaycan münaqişədən əvvəl olan etnik mənzərəni bərpa edir. Biz görürük ki, işğal edilən ərazilərin bir hissəsi azad edilib və bu, imkan yaradır ki, orada etnik təmizləməyə məruz qalan insanlar geri qayıtsın, öz evlərində yaşamaq imkanı əldə etsinlər. Digər tərəfdən, Şuşanın alınmasından sonra Azərbaycan Ordusu elə məntəqələrə yaxınlaşır ki, burada ermənilər yaşayır. Konkret desək, Azərbaycan seçim qarşısındadır. Erməni tərəfinin zamanında tətbiq etdiyi siyasi məntiqi tətbiq edək, ya yox.
Bu fikirləri Teleqraf.com-a sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Şuşanın işğaldan azad edilməsi və bizi gözləyən perspektivlər haqqında danışarkən deyib.
Fikirlərini davam etdirən Zülfüqarov deyib ki, Azərbaycan konkret seçim astanasındadır:
“Yəni münaqişə başlayanda bizim vətəndaşlarımız ermənilər tərəfindən etnik təmizlənməyə məruz qalıb. Bizim ordu hazırda Azərbaycan ərazilərində ermənilərin yaşadığı məntəqələrə yaxınlaşıb. Biz indi ermənilərin məşhur siyasi məntiqini tətbiq edə bilərik. Yəni Azərbaycan hakimiyyətinin olduğu yerlərdə erməni yaşaya bilməz məntiqini. Biz görürük ki, bununla bağlı cənab Prezidentə də suallar verilir, bir növ mövqeyimiz soruşulur. Eyni zamanda cənab Prezident açıq bəyan edib ki, Azərbaycan vətəndaşının məxsus olduğu hüquqlara Azərbaycan vətəndaşlığını qəbul edən ermənilər də malik olacaq. Yəni etnik təmizləmədən söhbət gedə bilməz. Amma öz müqəddaratını təyinetmə hüququndan söhbət gedə bilməz. Onlara sadəcə mədəni muxtariyyət verilə bilər".
T. Zülfüqarov hesab edir ki, erməni tərəfi siyasi muxtariyyət haqqında iddialar irəli sürsələr onlara ciddi suallar verilməlidir:
“Ermənistan ərazisində vaxtı ilə yaşayan azərbaycanlılara belə muxtariyyət verilmiş olsaydı, Azərbaycan da öz ərazisində onların istədikləri səviyyədə muxtariyyət və hüquqlar verə bilərdi. Hesab edirəm ki, Şuşadan sonra bu mövzu aktuallaşıb. Biz bizə qarşı olan tənqid və mövqeləri qabaqlamaq üçün bu məntiqi təbliğ etməyə başlamalıyıq”.