11 Noyabr 2020 17:08
1 195
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatı Aydın Mirzəzadə Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Aydın müəllim, Dağlıq Qarabağ probleminin həlli, ərazilərin boşaldılması ilə bağlı üçtərəfli razılaşma əldə edildi. Prosesin bundan sonrakı inkişafını necə qiymətləndirirsiniz?

- Noyabrın 10-da imzalanmış üçtərəfli saziş Dağlıq Qarabağ problemini əsasən həll edib. Azərbaycanın ərazi bütövlüyü milli maraqlarımıza uyğun həll olunub. Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımızın bir hissəsini Ordumuz azad edib. Bundan sonra isə Ermənistan növbəti 3 rayondan öz silahlılarını çıxaracaq. Bununla Dağlıq Qarabağ ətrafındakı ərazilərin mütləq əksəriyyəti Azərbaycanın nəzarətinə keçir.

Həmçinin Naxçıvanla quru yolla əlaqə yaranır. Bu isə Naxçıvanı blokadadan çıxarmağa imkan verir. Eyni zamanda artıq regionda yeni reallıq, ayrı bir situasiya yaranıb. Torpaqlarımız üzərində Azərbaycanın suveren hüququ bərpa olunub.

Dünya Azərbaycanın həqiqətlərini qəbul edir. Bu, tarixi və Dağlıq Qarabağ probleminin həllinə son qoyan bir qələbədir. Azərbaycan cəmiyyəti bunu qəbul edir. Digər məsələlər isə bundan sonrakı dövrdə ardıcıllıqla həll olunacaq.

- Sülh prosesi hansı müstəvidə təmin olunacaq?

- Ermənistan artıq Azərbaycanın ərazi bütövlüyünü qəbul etmə qənaətinə gəlməlidir. Bu, onun böhrandan tez çıxmasına şərait yarada bilər. Eyni zamanda Ermənistan bununla daha çox diqqəti öz daxili problemlərinə yönəldə bilər. Bundan sonra isə dövlətlərarası münasibətlərdə yeni bir yanaşanın müşahidə olunması mümkündür.

- Tənzimləyici qüvvələrin təktərəfli olması hansısa suallar yarada bilərmi?

- Bəyanatda iki tərəfin iştirakı nəzərdə tutulur. Rusiya Azərbaycanın nəzarətindən kənarda qalan ərazilərdə hərbi qulluqçularla sülhməramlı prosesdə iştirak edir. Eyni zamanda bu prosesin həyata keçirilməsinə nəzarət etmək üçün monitorinq mərkəzi yaradılıb. Monitorinq mərkəzində isə qardaş Türkiyə iştirak edəcək. Sülhyaratma prosesinə artıq Türkiyə nümayəndələri nəzarət edəcək. Cənab Prezidentin də vurğuladığı kimi artıq yeni reallıq şəraitində 2+2 formatı yaranır. Konfilikt vəziyyətində olan Azərbaycanla Ermənistan və problemin həllinə öz töhvəsini verən Türkiyə, Rusiya prosesdə akitv rol alacaq.

- Proses necə tənzimlənəcək?

- İlk növbədə son 44 gün ərzində Türkiyə və Rusiya daim bu prosesdə aktiv yanaşma sərgiləyib. Ona görə də yekun sənədin hazırlanmasında da hər iki tərəfin rolu olub. Hazırda sülhyaratma mexanizmi üzərində iş gedir. Həmin sülhyaratma mərkəzi çox güman ki, Azərbaycanda yerləşəcək. Bununla da prosesin həyata keçirilməsinə ciddi nəzarət mexanizmi mövcud olacaq. Qoşunların Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasına, məcburi köçkünlərin öz yurd-yuvalarına qaytarılmasına, kommunikasiyaların bərpası və açılmasına şərait yaradılacaq.

- ATƏT-in Minsk Qrupunun missiyasıni bitmiş hesab etmək olarmı?

- ATƏT-in missiyası ilə bağlı bir məsələ qalmadığını düşünmək olar. Artıq burada yeni bir mexanizm var. Sülhyaratma prosesində Türkiyə və Rusiya aktiv iş aparır. Ayrı-ayrı ölkələrin və təşkilatların bu məsələyə fərqli yanaşması önəm kəsb etmir. Əsas məsələ Azərbaycan torpaqlarının işğaldan azad edilməsidir. Ölkəmizin ərazi bütövlüyü artıq hər kəs tərəfindən qəbul olunur. Artıq digər dövlət və təşkilatların bu məsələdə mövqeyini siyasi konnektura və reallığı tam bilməməsi ilə izah etmək olar. İstənilən halda bu reallıq qəbul edilməlidir.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər