11 Noyabr 2020 12:48
708
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 10-da Azərbaycan-Böyük Britaniya Parlamentlərarası əlaqələr üzrə işçi qrupların video-formatda görüşü keçirilib.

Teleqraf.com-un məlumatına görə, görüşdə Azərbaycan tərəfdən səfir Tahir Tağızadə və Azərbaycan-Böyük Britaniya Parlamentlər arası işçi qrupun rəhbəri, millət vəkili Cavanşir Feyziyev iştirak ediblər.

Görüşdə Britaniya Parlamentinin üzvü və İşçi qrupun rəhbəri cənab Bob Bləkmən qrup üzvləri adından çıxış edərək dünən Azərbaycanın Qarabağ bölgəsində döyüş əməliyyatlarının dayandırılması ilə bağlı Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri tərəfindən imzalanmış Birgə Bəyanatla bağlı fikirlərini bölüşüb. Bəyanata uyğun olaraq əldə olunmuş atəşkəs, erməni hərbi qüvvələrinin işğal olunmuş ərazilərdən tam çıxarılması və həmin ərazilərin Azərbaycanın idarəçiliyinə qayıtmasını yüksək qiymətləndirən Bob Bləkmən bunu Azərbaycanın böyük qələbəsi adlandırıb və bu qələbə münasibətilə Azərbaycan xalqını və həmkarlarını təbrik edib. Cənab Bob Bləkmən İşçi qrupun üzvləri adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə rəsmi təbrik məktubu ünvanladığını bildirib. O, mütəmadi olaraq ölkəmizə etdiyi səfərlər çərçivəsində qaçqın və məcburi köçkünlərlə görüşdüyünü xatırladıb, ədalətin bərpasına və məcburi köçkünlərin nəhayət öz evlərinə qayıtmasına imkan yaradan bu razılaşmanın icrası nəticəsində regionda yeni vəziyyətin ortaya çıxacağına, Azərbaycanın mövqelərinin daha da möhkəmlənəcəyinə əminliyini vurğulayıb. Səfir Tahir Tağızadə və millət vəkili Cavanşir Feyziyev, əldə edilmiş razılaşmanın şərtləri haqqında Britaniya parlamentarilərini ətraflı məlumatlandırıb, ötən müddət ərzində Azərbaycanın haqlı mövqeyinə qətiyyətli dəstək verdiklərinə görə Parlamentin İşçi Qrupunun üzvləri adından Britaniya parlamentinə, hökumətinə və ictimaiyyətinə minnətdarlıqlarını ifadə ediblər.

Səfir Tahir Tağızadə və millət vəkili Cavanşir Feyziyev əldə olunmuş razılaşmanın həm Azərbaycanın və Ermənistanın, həm də bütövlükdə region ölkələrinin mənafeyinə xidmət edəcəyini və regionun inkişafına mühüm töhfə verəcəyini bildiriblər. Səfir Tağızadə münaqişənin birdəfəlik həlli ilə bağlı Azərbaycanın öz inkişafının yeni mərhəsinə qədəm qoyduğunu və ölkələrimiz arasında iqtisadi-siyasi əlaqələrin daha da genişlənəcəyinə əminliyini bildirib. Millət vəkili Cavanşir Feyziyev 30 il davam etmiş münaqişənin həllində beynəlxalq təşkilatların oynadığı rola diqqət çəkərək Qarabağ münaqişəsinin aradan qalxması prosesindən lazımi nəticələrin çıxarılmasını vacib hesab edib. O, mövcud vəziyyətin post-sovet məkanındakı digər münaqişələrin də tezliklə həll olunması üçün dəyərli bir presedent yaratdığını bildirib. Millət vəkili işğalın davam etdiyi uzun illər ərzində ölkəmizə göstərdikləri davamlı siyasi dəstəyə görə Britaniyalı həmkarlarına minnətdarlığını bildirib və post-pandemiya dövründə baş tutacaq növbəti səfərlərində Britaniyalı deputatları işğaldan azad olunmuş Qarabağ ərazisinə səfərə dəvət edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər