11 Noyabr 2020 20:31
779
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ali Baş Komadanın rəhbərliyi ilə Azərbaycan Ordusu tarixi zəfər qazandı. Son 200 ildə Azərbaycan dövlətçilik tarixində torpaqlarımızın azad edilməsi dönəmi yaşanır. Bu tarixlər davamlı olacaq. Əsrlərlə itirdiyimiz ərazilər geri qaytarılacaq. Xalqımız bu tarixi qələbəni uzun illər arzu edirdi. O torpaqlara yenidən qayıtmaq ümidini, inamını itirməyən, mübarizə və arzu ilə yaşayan xalqımız Ali Baş Komandanın rəhbərliyi altında möhtəşəm tarixi uğur əldə etdi.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev deyib.

Komitə sədri bildirib ki, Azərbaycan, müstəqilliyinin 30 ili ərəfəsində ərazi bütövlüyünü təmin etdi:

“Artıq dekabrın 1-dən bütün ərazilərimizdə Azərbaycan Bayrağı dalğalanacaq. İnzibati ərazi quruluşu bərpa olacaq. Böyük qayıdış planı işə düşəcək. Bu, böyük bir uğur və qələbədir. Bu tarixi dönəmdə xalqımız bir yumruq kimi birləşdi. 27-i sentyabra qədər olan müddətdə Azərbaycanın iqtisadi əsaslarının sarsılmazlığı təmin olundu. Nizami, güclü, müasir ordu yaradıldı. Qalibiyyətli sərkərdə və diplomat olan Ali Baş Komandan bu tarixi günlərdə bütün təzyiqlərin önündə məharətlə dayandı. Məhz bu əzmli iradə hesabına qələbəmiz təmin edildi. Artıq müəyyən fikirlər var ki, 10 noyabr Milli Zəfər Bayramı günü kimi qeyd edilsin. Müharibənin yekununda qalib, məğlub tərəflər olur. Nəticədə atəşkəsə dair saziş imzalanır. Bu gün Azərbaycan qalib tərəfdir. Ermənistan məğlub olduğunu etiraf edib. Nikol Paşinyan xalqına müraciətində acı məğlubiyyətdən bəhs edib. Qalib tərəfin sərkərdəsi kimi cənab Ali Baş Komandan isə xalqa müraciətində bu qələbənin sevincini ürəklə, səxavətlə bölüşdü”.

Millət vəkilinin sözlərinə görə, Azərbaycanla Ermənistan arasında imzalanan atəşkəslə bağlı bəyanatın bəndləri üzrə nəzərdə tutulan proseslərin icra mexanizmi işə düşüb:

“Bu bəyanatda öz əskini tapan bütün bəndlər Azərbaycanın xeyrinədir. Bu, Azərbaycanın istəyi ilə hazırlanmış müddəalardır. İlk növbədə Azərbaycanın ərazi bütövlüyü təmin olunur. Status-kvo adlanan məsələ aradan qalxır. Qarabağın statusu ilə bağlı məsələ müzakirə olunmur. Vaxtilə Azərbaycan tərəfi Dağlıq Qarabağa dünyada mövcud olan ən yüksək statusu verməyə hazır olduğunu bildirmişdi. Bu gün isə Dağlıq Qarabağın istənilən ərazisində Azərbaycanın digər rayonlarındakı inzibati bölgü kimi idarəçilik tətbiq olunacaq. Eyni zamanda Naxçıvana quru yolu bərpa olunur. Bu, bütövlükdə Türk dünyasının pozulmuş coğrafi birliyini bərpa edəcək. Artıq bu dəhlizlə Türkiyədən Avropaya yeni bir yol açılacaq”.

Deputat deyib ki, bu gün bəzi klaviatura qəhrəmanları ermənilərlə eyni mövqedən çıxış edirlər:

“Xalqın zəfərini, sevincini, şəhidlərin qanını Sorosun imtiyazlarına dəyişmək riyakarlıqdır. İstənilən müharibənin bitməsinin bir məntiqi yekunu var. Artıq düşmən öz məğlubiyyətini etiraf etdi. Bu baş verməsəydi, Müzəffər Ordumuz işğalda qalan digər ərazilərmizi azad edəcəkdi. Amma müharibənin davam etməsi insan itkisi deməkdir. Heç bir güllə atmadan gücümüzün yaratdığı müstəvidə digər torpaqlarımız da işğaldan azad edilir. Bu gün Azərbaycanın qələbəsini qəbul etmək istəməyən qüvvələr var. Ali Baş Komandan gecə-gündüz hərbi və diplomatik sahədə mübarizə apardı. 30-dan artıq mətbu orqana müsahibə verdi. Bu müsahibələrdə səslənən suallar heç də xoşniyyətli deyildi. Amma cənab Prezidentin diplomatik məharəti nəticəsində bütün bunların qarşısı alındı. Azərbaycanın ədalətli xalq olduğu bütün dünyaya çatdırıldı”.

Musa Quliyev sonda əlavə edib ki, Dağlıq Qarabağda Azərbayana qarşı döyüşməmiş, xalqımıza qarşı heç bir cinayət işlətməmiş, qanunlarımızı qəbul edən ermənilərin orada yaşaması mümkündür.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər