Azərbaycan sentyabrın 27-də başlamış əks-hücum əməliyyatlarını uğurla başa vurdu. Vətən Müharibəsi bizim böyük zəfərimizlə başa çatdı. Azərbaycan son iki yüz illik tarixində müharibədən ərazi bütövlüyünü bərpa edərək çıxdı.
Bu fikirləri Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Sevinc Fətəliyeva bildirib ki, noyabrın 8-də Şuşanın erməni işğalından azad edilməsi çox böyük tarixi hadisədir: “Ali Baş Komandan İlham Əliyevin bu müjdəsi xalqımız tərəfindən böyük coşğu ilə qarşılandı. 28 il işğal altında olan Şuşanın azad edilməsi siyasi, strateji, mənəvi məna daşıyır”.
Millət vəkilinin sözlərinə görə, Şuşanın azad edilməsindən sonra Nikol Paşinyan ölkəsinin mübarizə aparmaq qabiliyyətini itirdiyini anladı: “Ona görə də, erməni baş nazir məcbur qalaraq noyabrın 10-da Rusiya və Azərbaycan Prezidenti ilə bəyanat imzaladı. Bu bəyanat Ermənistanın hərbi kapitulyasiyası deməkdir. Bu, Azərbaycana maksimum sərf edən sənəddir. Bəyanat uzun illər davam edən işğala son qoyur. Ermənistan öz üzərinə Kəlbəcər, Laçın və Ağdam bölgələrindəki işğalçı qoşunlarını çıxarması öhdəliyini götürür. Bununla da, məcburi köçkün olan insanlarımızın 30 illik həsrətinə son qoyulur. Onlar öz doğma torpaqlarına qayıdır”.
Sədr müavini qeyd edib ki, imzalanmış bəyanatda Dağlıq Qarabağın statusu haqqında heç bir ifadə yoxdur: “Bununla da Qarabağa heç bir status, muxtariyyət verilmir. Eyni zamanda, Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə əlaqəsi sənəddə təsbit edilir. Naxçıvanı quru yolla birləşdirmə istiqamətində tarixi addım atılır. Bu Naxçıvanın 30 illik blokadasına son qoyur. Eyni zamanda türk dünyasının yerüstü transit-rabitə əlaqələri bərpa edilir”.
Deputatın fikrincə, atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəzin yaradılması böyük əhəmiyyət kəsb edir: “Bu mərkəzdə Rusiya və Türkiyə hərbçiləri fəaliyyət göstərəcək. Türkiyə rəsmi qaydada bu münaqişənin gələcək həlli və atəşkəsə nəzarət etmək işində rol oynayacaq. Bölgədə gələcək əməkdaşlıq formatında Türkiyə və Rusiya iştirak edəcək. Kənar oyunçuların bölgədə tərəf olmaq cəhdləri aradan qalxır.
Ümumiyyətlə, bu, son yüz ildə ərazi üzrə birinci münaqişədir ki, həll olunur. Bu siyasi qələbənin qazanılmasında hərbi gücümüz müstəsna rol oynayır".