Ötən gün ATƏT Parlament Assambleyasının Daimi Komitəsinin iclası oldu. İclasda bütün üzv ölkələrin nümayəndə heyətlərinin rəhbərləri iştirak edirdi. Burada büro və xüsusi nümayəndələr təmsil olunur. Assambleyanın iclasında Azərbaycan, Qarabağ ətrafında olan hadisələr geniş müzakirə edildi. Nümayəndələrə Azərbaycanın tarixi qələbəsi, Qarabağın azadlığı, Ermənistanın kaputilyasiyası, problemin birdəflik həlli bardə geniş informasiya çatdırıldı.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Azərbaycanın ATƏT PA-da Nümayəndə Heyətinin rəhbəri, ATƏT PA-nın vitse-prezidenti, millət vəkili Azay Quliyev deyib.
ATƏT PA-nın vitse-prezident bildirib ki, iclasda iştirak edən bəzi ölkələr Azərbaycanın tarixi qələbəsindən o qədər də məmnun görünnmürdülər:
“Bəzi ölkələrin nümayəndələri sanki özlərinin məğlub olduqlarını hiss etdirdi. Bu ölkələr Azəbraycan ictimaiyyətinə tanışdır. Amma bir fakt vurğulandı ki, 30 illik diplomatik həll yolunun tapılmaması, danışıqların heç bir nəticə verməməsi sonda hərbi variantı aktuallaşdırdı. Çünki bu problemin həllində məsul olan ATƏT-in Minsk Qrupunun həmsədrləri də münaqişənin sona çatmasında maraqlı olmayıblar. Toplantıda münaqişənin diplomatik həll yolu ilə bağlı ATƏT PA-ya da dəfələrlə müraciətlər olunduğu bildirildi. Bu müraciətlər ondan ibarət olub ki, BMT Təhlükəsizlik Şurasının qətnaməsinin icrası Ermənistandan tələb edilsin. Amma ATƏT PA-da bunu etmədi. İndi artıq reallıq ondan ibarətdir ki, Azərbaycan öz gücünə BMT TŞ-nın qətnamələrini icra edib. Bununla da Azərbaycanın ərazi bütövlüyü bərpa olunub. Bu bir mesajdır ki, bütün hallarda beynəlxalq hümanitar hüququn müddəaları və prinsipləri qorunmalıdır. Ona görə də beynəlxalq təşkilatlar öz mandatına uyğun fəaliyyət qurmalıdırlar".
Azay Quliyevin sözlərinə görə, ATƏT PA-nın son iclası Azərbaycan üçün bayram xarakterli oldu:
“Demək olar ki, Azərbaycan iclasa birtərəfli qaydada dominantlıq edirdi. Heç bir ölkə, siyasətçi Azərbaycanın bu uğuruna qarşı çıxmaq, kölgə salmaq istəyində, cəsarətində olmadı. Azərbaycan bütün dünyaya öz gücünü nümayiş etdirdi. ATƏT PA-ya üzv olan ölkələr bu reallığı qəbul edir, hörmətlə yanaşır. Eyni zamanda vurğulandı ki, Qarabağda yaşayan ermənilər Azəbaycan vətəndaşları kimi yaşamaq hüququna malikdir. Azərbaycan artıq Qarabağa heç bir status verməyəcəyini bəyan edib. Qarabağda digər rayonlar kimi bərabər statusda inzibati qayda tətbiq ediləcək. Ermənilərin orada Azərbaycan pasportu ilə yaşamasında heç bir problem yoxdur”.
Millət vəkili əlavə edib ki, iclasda həmçinin Türkiyə və Rusiyanın sülhməramlı mərkəzdə iştirak etdiyi vurğulanıb:
"Türkiyə artıq Qarabağdadır. Qardaş Türkiyə masada olan bütün müzakirələrdə iştirak edir. ATƏT PA-nın üzv ölkələrinə də bildirildi ki, artıq Türkiyə bu prosesdə xüsusi mandata malikdir. Türkiyə rəsmi olaraq münaqişənin həlli ilə bağlı sülh sazişi imzalanana qədər masada olacaq. ATƏT PA-nın bütün üzvlərinə də bu məsələ açıq şəkildə çatdırıldı".